Modern.az

Dünyada qaçqınların sayı ən yüksək həddə çatıb - 45 milyon nəfər

Dünyada qaçqınların sayı ən yüksək həddə çatıb - 45 milyon nəfər

Dünya

19 İyun 2013, 11:04

Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında zorla didərgin salınmış insanların sayının son 18 ildə ən yüksək həddə olduğu bildirilir


BMT QAK-ın, BMT-nin Qaçqınlar üzrə Agentliyinin bu gün yayılan hesabatı dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə, qaçqın və ya məcburi köçkünlərin sayının 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə olduğunu açıqlayıb.

BMT QAK-ın illik Qlobal Trendlər hesabatı hökumətlərin, tərəfdaş QHT-lərin və BMT QAK-ın özünün məlumatları əsasında 2012-ci il ərzində baş vermiş didərginlik faktlarını əhatə edir. Hesabat göstərir ki, 2012-ci ilin sonlarında, 45.2 milyondan artıq insan didərginlik vəziyyətində olub. Müqayisə üçün, 2011-ci ilin sonunda bu rəqəm 42.5 milyon olmuşdur. 45.2 milyon didərgin insandan 15.4 milyonu qaçqın, 937 mini sığınacaq axtaran şəxs və 28.8 milyonu isə öz ölkəsi daxilində köçməyə məcbur edilmiş şəxslərdir.

Müharibə dominant səbəb olaraq qalır. BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır. Hesabat, həmçinin, Malidən Konqo Demokratik Respublikasına və Sudandan Cənubi Sudana və Efiopiyaya yeni əsas didərgin axınının olduğunu əks etdirir.

“Bunlar doğurdan da həyəcan doğurucu rəqəmlərdir. Bunlar fərdlərin geniş miqyasda zərər gördüyünü əks etdirir, bunlar münaqişələrin qarşısının alınmasında və onlar üçün davamlı həll yollarının tapılmasında beynəlxalq ictimaiyyətin çətinliklərini əks etdirir” BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT QAK-ın rəhbəri Antonio Quterres belə deyib.

Hesabat bəzi ərazilərdə narahatedici meylləri qabarıq göstərir. Bunlardan biri bu gün insanların zorla didərginlik vəziyyətinə salınması dərəcəsinin yüksək olmasıdır. 2012-ci ildə 7,6 milyon insan didərgin salınıb. Onların 1.1 milyonu qaçqınlar, 6,5 milyonu isə məcburi köçkünlər olub. Bu o deməkdir ki, hər 4,1 saniyədə bir insan qaçqına və ya məcburi köçkünə çevrilir.

Qaçqınları kimlərin qəbul etdiyi məsələsinə gəldikdə isə, zəngin və yoxsul ölkələr arasındakı davam edən fərq də aşkardır. BMT QAK-ın mandatında olan 10.5 milyon qaçqının (qalan 4.9 milyon Fələstin qaçqınları BMT-nin Yardım və İşlər Agentliyinin mandatı altına düşür) yarısı adambaşına düşən ümumi daxili məhsulu 5 min ABŞ dollarından az olan ölkələrdədir. Ümumiyyətlə, dünya qaçqınlarının 81 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşmaqdadır. Bu göstərici 10 il əvvəl 70 faiz olub.

18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir. Bundan əlavə, 2012-ci il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21300 müraciət müşayiət olunmayan və ya valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub. Bu, BMT QAK-ın müşayiət olunmayan və ya ayrı düşmüş uşaqlar üzrə indiyədək qeydə aldığı ən yüksək göstəricidir.

2012-ci ildə 2,7 milyon insanın, o cümlədən 526 min qaçqının və 2,1 milyon məcburi köçkünün  didərginliyi başa çatıb. Həll yolu müəyyən edilmiş qaçqınlardan 74800 nəfəri BMT QAK tərəfindən barələrində üçüncü ölkələrdə yerləşdirilmə üçün müraciətlər edilmiş şəxslərdir. 

Ötən il qaçqınların əsas hissəsinin yerləşməsi üzrə ölkələrin sıralanmasında 2011-ci ildən cüzi fərq olub. Pakistan ən çox qaçqını (1,6 milyon nəfər) olan ölkədir. Bu sıralamada növbəti yerləri İran (868 200)  və Almaniya (589 700) tutur.

Əfqanıstan dünyanın ən böyük qaçqın istehsalçısı olaraq qalır və bu yeri artıq 32 ildir saxlayır. Orta hesabla, dünyada olan hər dörd qaçqından biri əfqandır ki, onların da 95 faizi Pakistan və İranda məskunlaşıb. Digər uzanan münaqişə ölkəsi Somali 2012-ci ildə dünyanın ikinci ən böyük qaçqın istehsal edən ölkəsi olub. Lakin orada qaçqın axını dərəcəsi aşağı düşüb. İraqlılar üçüncü ən böyük qaçqın qrupunu təşkil ediblər (746 700 nəfər), onun ardınca isə suriyalılar (471 400) gəlir.

Öz ölkəsi daxilində didərgin düşmüş insanlara gəlincə, onların sayı 28,8 milyon nəfər olub ki, bu da, son iki onillikdə ən yüksək rəqəmdir. Buraya BMT QAK-ın yardım göstərdiyi 17,7 milyon nəfər də daxildir. BMT QAK-ın məcburi köçkünlərə yardımı birbaşa deyil, hökumətlərin müraciəti əsasında həyata keçirilir. Böyük sayda ölkədaxili didərginlik Konqo Demokratik Respublikasında və Suriyada müşahidə olunub.

Qlobal Trendlər Hesabatı zorla didərgin salınma vəziyyəti ilə bağlı BMT QAK-ın aparıcı illik hesabatıdır. Əlavə məlumatlar hər il Statistik İllik Kitabçada və sənayeləşmiş ölkələrdə sığınacaq müraciətləri hesabatında dərc olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır