Modern.az

Rüstəm İbrahimbəyov ictimai şərin qurbanı oldu

Rüstəm İbrahimbəyov ictimai şərin qurbanı oldu

Aktual

20 Avqust 2013, 19:59

Azər Qaraçənli: “Bütün ciddi problemlər burdan başlanır”


“Media forum” saytının baş redaktoru Azər Qaraçənli “Yeni Müsavat” qəzetinə açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezident seçkisində iştirakı ilə bağlı yaranmış böhrana toxunub və qeyd edib ki, məsələyə çoxlarının baxmadığı rakursdan yanaşır. Onun dediklərini təqdim edirik:

“Azərbaycan müxalifətinin Rüstəm İbrahimbəyovun ağsaqqallığı ilə formalaşan birliyinin problemləri haqda mənim öz düşüncələrim var. Doğrusu, hələ ki, başqa heç bir yerdə bu düşüncələrə rast gəlməmişəm.

Mən hesab eləyirəm ki, bu birliyə ən böyük problemi hakimiyyətdən də, müxalifətdən də çox cəmiyyət yaradıb. Maraqlıdır ki, hakimiyyətin, müxalifətin yaratdığı problemlərdən danışırlar, amma cəmiyyətin yaratdığı problemdən danışan yoxdur. Ya həmin problemi görmürlər, ya da onun ciddiliyini, prosesə hər şeydən artıq təsir göstərdiyini, əslində prosesin bütün sonrakı gedişini idarə etdiyini bilmirlər.

Bəli, Rüstəm İbrahimbəyova ən böyük problemi Azərbaycan ictimaiyyəti yaradıb. Rüstəm İbrahimbəyov isə həmin problemi həll edə bilmədiyinə görə hakimiyyətdəkilər və müxalifətdəkilər ondan istifadə ediblər və qalan problemləri yaradıblar.

Nədir cəmiyyətin Rüstəm İbrahimbəyova yaratdığı problem? Bu, cəmiyyətin Rüstəm İbrahimbəyovun səmimiyyətini qəbul edə bilməməsi, Rüstəm İbrahimbəyovun isə bu ictimai şərlə toqquşmadan məğlub çıxaraq qeyri-səmimiliyə keçməsi, nəticədə hakimiyyətin və müxalifətin oyununa düşməsidir.

Rüstəm İbrahimbəyov ölkədə demokratiya uğrunda mübarizəyə başladığı ilk günlərdə bildirirdi ki, onun prezident seçilmək iddiası yoxdur. Siyasi müxalifəti öz başına toplayanda da belə deyirdi və qeyd edirdi ki, təcrübəli siyasətçilərdən birinin prezident seçilməsinə kömək etmək istəyir.

Bu niyyəti onun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqına cinayət işinin açılması ilə nəticələndi. Rüstəm İbrahimbəyov mediaya müsahibəsində tam səmimi şəkildə bildirdi ki, bu cinayət işi onun həbs olunması təhlükəsini yaradır və bu təhlükəyə görə o, Azərbaycana gəlmək fikrində deyil. Prezidentliyə iddia etməyən, yalnız demokratikləşmə prosesinə yardım göstərmək istəyən adamın ölkəyə gəlməməsi demokratikləşmə prosesi, eləcə də demokratik qüvvələrin birliyi üçün ciddi problem doğura bilməzdi. Amma cəmiyyət Rüstəm İbrahimbəyovun həbs olunmaqdan çəkinməsini süngü ilə qarşıladı. Mediada, internet qruplarının müzakirələrində onu olduqca kəskin tənqid etdilər. Bu, hakimiyyətə də, Rüstəm İbrahimbəyovun prezident seçdirmək istədiyi siyasətçinin rəqiblərinə də ləzzət elədi.

Rüstəm İbrahimbəyov ictimai rəylə toqquşmaya getməli idi, o, ictimai rəyi dəyişdirməli idi. Amma o, ictimai rəyə tabe oldu – bütün ciddi problemlər də burdan başlanır. Rüstəm İbrahimbəyov cəmiyyəti səmimiyyətə öyrəşdirmək kimi bir ziyalı missiyasını, ziyalı metodunu davam etdirmək əvəzinə cəmiyyəti öz saxtakarlığı ilə aldadan siyasətçilərin metoduna keçdi. Başladı heç nədən qorxmadığını deməyə, gəlməyəcəyini bilə-bilə “Azərbaycana gələcəm”, “bu gün gələcəm”, “sabah gələcəm” deməyə. Ziyalının ziyalı postunu buraxıb siyasətçi postuna keçməsi hakimiyyəti öz əlində saxlamağa çalışanlara da sərf etdi, müxalifəti öz əlində saxlamağa çalışanlara da.

Hər bir ziyalı öz cəmiyyəti ilə müharibədədir. Bu, çox çətin müharibədir. Əgər ziyalı, sənətkar, mütəfəkkir, filosof bu müharibəni uda bilməsə, cəmiyyəti dəyişdirə bilməz.

Azərbaycanın məşhur “Bir cənub şəhərində” filmi var. Ssenari müəllifi Rüstəm İbrahimbəyovdur. Bakının köhnə məhlələrinin birində böyümüş Tofiq Rusiyaya gedir. Orda bir rus qızına vurulur, qayıdanda da onunla qayıdır. Amma Tofiq öz məhləsində dostu Muradın bacısına nişanlıdır. İctimai rəy səbirsizliklə Muradın Tofiqi cəzalandıracağını gözləyir. Murad bu tələbin cəfəngliyinə əmindir və öz dostunun rus qızına vurulmasına heç də pis baxmır. Amma cəmiyyət təzyiq edir. Murad “biqeyrət” damğası ilə damğalanmaq ərəfəsindədir. İctimai şər var qüvvəsi ilə işə düşüb.

Tofiq vəziyyətdən çıxmaq üçün, əslində ictimai şəri təmin etmək üçün plan cızır: onlar məhlədə qarşılaşacaqlar, dalaşacaqlar, Murad bıçaqla Tofiqin budundan vuracaq, gedib bir müddətə türmədə yatıb çıxacaq, nəticədə ictimai qınaqdan qurtulacaq, həyat üçün təhlükəsiz xəsarət almış Tofiq də öz ömrünü bundan sonra rahat davam etdirə biləcək.

Plan qurulur, Tofiqlə Murad məhlədə üz-üzə gəlir, camaat baxır, Murad bıçağı uzadır və bıçaq Tofiqin buduna yox, qarnına dirənir. İki dost gözləri bərələ-bərələ, heyrətlə bir-birinə baxır. Bu, qondarma əxlaqın, ictimai şərin yaratdığı faciəvi bir situasiyadır.

Bax, cəmiyyət Rüstəm İbrahimbəyovu belə bir situasiyaya saldı. Rüstəm İbrahimbəyov özü “Bir cənub şəhərində” filmində təsvir etdiyi ictimai şərin qurbanına çevrildi. O, bu şəri rədd etməli idi. Amma edə bilmədi. Oyuna düşdü, axırda da bıçaq təhlükəli yerə dirəndi. Bu təhlükənin kökündə ictimaiyyətin şəri, qondarma əxlaq dayanır. Qocaman yazıçının bu şərə qalib gəlməyə gücü çatmalı idi. Cəmiyyəti dəyişdirmək istəyən ilk növbədə onun saxta əxlaqına qarşı çıxmalı, həqiqi əxlaqın üzərində dayanmalı, doğruçu mənəviyyatın bərqərar olması üçün inadkarlıq göstərməlidir.

Rüstəm İbrahimbəyov Azərbaycanı dəyişdirmək istəyir. O bunu həqiqətən istəyir, ürəkdən istəyir. Azərbaycanı dəyişdirmək istəyən adam isə hakimiyyətlə də, müxalifətlə də, ictimaiyyətlə də toqquşmada olacaq. Axırda da onların hamısına qalib gələcək. Böyük fikir sahibinin qalib gələ bilməyəcəyi heç nə yoxdur. Ona görə də böyük fikir sahibi xırda, cılız fikir sahiblərinin xoşuna gəlmək, onların qəhrəmanı olmaq kimi yanlış yola düşməməlidir. Getməyəcəyi yerə “gedirəm” demək, “gedirəm” deyə-deyə getməmək siyasətçinin işidir, ziyalının, mütəfəkkirin işi deyil. Qorxduğu halda “qorxmuram” demək kiçik fikir sahibinin işidir, böyük fikir sahibinin işi deyil. Rüstəm İbrahimbəyovun ən böyük səhvi ondadır ki, o özünün ən böyük postunu – ziyalı postunu siyasətçi postuna, ziyalı səmimiyyətini siyasətçi qeyri-səmimiliyinə dəyişdi. O, qəhrəman ola bilməməkdən qorxdu. Onu cəmiyyət, ictimai qınaq qorxutdu, hakimiyyət və müxalifət isə bundan öz marağı üçün istifadə etdi. Prezident olmaq istəməyən adam ictimai rəydən çəkindiyinə görə prezidentliyə namizədliyinin verilməsinə razılaşdı, Azərbaycana gəlmək fikrində olmayan adam ictimai rəydən çəkindiyinə görə Azərbaycana gələcəyini dedi. Bu oyun isə (Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd irəli sürülməsi, Azərbaycana gəlməyə-gəlməyə gələcəm deməsi) müxalifətdə özü namizəd olmaq istəyən və başqalarının İbrahimbəyovu gözləməyə məcbur olmasından fayda götürən siyasətçilər üçün sərfəli oldu. Ona görə də onlar Rüstəm İbrahimbəyovu bu oyunu davam etdirməyə həvəsləndirdilər. Təbii ki, hakimiyyət üçün də bundan sərfəli bir variant yoxdur. Nəticə? Oktyabrın 9-da prezident seçkisidir. Hamı özünü rahat hiss edə bilər – səmimiyyət yox, saxtakarlıq qalib gələcək”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır