Modern.az

Yalnız savadlı abituriyentləri seçən hazırlıq kursları və onların siyasəti

Yalnız savadlı abituriyentləri seçən hazırlıq kursları və onların siyasəti

26 May 2010, 16:30

Bakıda abituriyent hazırlığı kurslarının sayı durmadan artır. Onlardan bəziləri (“Araz”, “Kaspi”, “Zaman” və s.) ali məktəblərə hazırlaşan abituriyentlər arasında xeyli pupulyarlıq qazanıb. Maraqlıdır, ancaq savadlı uşaqları seçib yığan həmin kurslar abituriyentlərə doğrudan  yetərli bilik verir? Onlarda təhsilhaqqı necə müəyyənləşdirilir, güzəştlər varmı? Modern.az bu istiqamətdə araşdırma apararaq bəzi suallara cavab tapmağa çalışıb.

“Araz”ın abituriyent seçimi

Araşdırmalar göstərir ki, abituriyent hazırlığı kurslarının əksəriyyəti yeniyetmə və gəncləri test süzgəcindən keçirib onlardan daha savadlılarını dinləyici kimi qəbul edir. “Araz” hazırlıq kursunun direktoru İlhan Altıntaş deyir ki, onların keçirdiyi testdən 150 bal toplayan abituriyentlər kursa qəbul edilir:

“Nəticələr uşaqlara görə dəyişir. Məsələn, abituriyent müəyyən fəndən zəif nəticə göstərə bilər. Amma biz çalışırıq ki, həmin abituriyentlər burada müəyyən biliklərə yiyələnərək daha yüksək nəticə göstərsinlər. Aşagı sinif şagirdlərinə isə bal məhdudiyyəti qoymuruq. Yüksək bal toplayanlara müəyyən güzəştlər edilir. Məcburi köçkün, şəhid ailələrinə də güzəştlər  tətbiq edirik. Tələbə qəbulu imtahanlarında isə yüksək bal toplayanlara pul mükafatları verilir”.

İlhan Altıntaş deyir ki, Araz hazırlıq kurslarında ödəniş 130-200 manat arasında dəyişir: “Abituriyentlərin ödənişləri onların sınaqda göstərdiyi nəticələr görə dəyişir. Əgər yüksək bal toplayırsa, təbii ki, ödədiyi təhsilhaqqında da güzəştlər edirik. Yəni, bu, abituriyentin özündən asılıdır”.
Qeyd edək ki, “Araz” kursu “Çağ” Öyrətim İşlətmələri şirkətinin tabeliyində fəaliyyət göstərir.

“Kaspi”nin qiymətləri

“Kaspi ” təhsil mərkəzinin abituriyent şöbəsinin müdiri Aydın Əliyev abituriyentləri götürməzdən əvvəl onlara məntiqi təfəkkürü yoxlayan 50 sualdan ibarət test tapşırıqları verildiyini söyləyir: “Bu suallar ancaq məntiqlə bağlı olur. Biz bununla abituriyentin qavrama qabiliyyətini yoxlayırıq ki, onu 1-2 ilə öyərədə biləcəyik, ya yox. Məsələn, 10 suala cavab verən abituriyentin qavrama qabiliyyəti aşağı sayılır. Təbii ki, ən yaxşı nəticə götərənlər seçilir. Ənənəvi müştərilərimizə müəyyən güzəştlər edilir. “Kaspi”də Təhsil Surası da fəaliyyət göstərir. Təhsil Şurasının qərarı ilə abituriyentlərə müəyyən güzəştlər edilir. Biz müəllimlərimizi də iki mərhələdən keçirdikdən sonra kursa işə qəbul edirik. Birinci mərhələ testlə aparılır. İkinci mərhələdə isə metodik səviyyə yoxlanılır. Bununla yanaşı, mərkəzin Təhsil Şurasının təklif etdiyi müəllimlər də işə qəbul edilir. Təhsil Şurasının üzvləri ölkənin tanınmış müəllimləridir”.
Təhsilhaqqına gəlincə, Aydın Əliyev deyib ki, 11-ci sinfə qəbul edilən dinləyici bir ilə 220 manat, onuncu sinfə qəbul edilən dinləyici isə 200 manat ödəməlidir.
Şöbə müdiri deyir ki, “Kaspi” MMC kimi qeydiyyatdan keçib fəaliyyət göstərir.

“Zaman” 100 baldan yuxarı yığanları qəbul edir

“Zaman” hazırlıq kursunun müdiriyyətinin bildirdiyinə görə onlarda aylıq ödəniş 150 manatdır: “Qəbulu test üsulu ilə aparırıq. 100 balı keçən abituriyentləri kursa qəbul edirik. Əgər abituriyent 6 aylıq ödənişi əvvəlcədən verirsə, bu zaman 10 faizlik güzəşt edilir. Özümüzün keçirdiyi sınaq imtahanlarında isə 600 bal toplayan abituriyentlər həmin ay pulsuz  oxuyurlar”.
“Zaman” hazırlıq kursu hüquqi şəxs kimi fəaliyyət göstərir.

Təhsil Nazirliyi kursların monitorinqini apara bilmir

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyir ki, nazirliyin tabeliyində heç bir abituriyent hazırlığı kursu fəaliyyət göstərmir. “Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri var. Həmin məktəblərdə şagirdlər təhsil alıb imtahanlarını verirlər. Hazırda fəaliyyət göstərən hazırlıq kursları özəldir. Təhsil Nazirliyinin nəzdində belə kurslar yoxdur. Tabeçiliyimizdə olmadığına görə də biz də həmin kurslarda monitorinq apara bilmərik”.

Kursların qəbul siyasəti

Söylənilənlər bir daha göstərir ki, hazırlıq kursları yalnız hazırlıqlı abituriyentləri arayıb-axtarır, seçib özününküləşdirir. Yəni ən yaxşıları seçib onları özünün ən yaxşıları kimi təqdim edir. Bu, hazırlıq kurslarının bir siyasətidir. Cəmiyyətdə isə belə bir fikir formalaşır ki, hazırlıq kursları yaxşı təhsil verir, çünki onları bitirən məzunların 99-100 faizi ali məktəblərə daxil ola bilirlər. Halbuki, həmin yaxşı oxuyan uşaqların təhsil bazasının özülü ümumtəhsil məktəblərində qoyulub. Onları orta məktəblərin elə özləri də seçib ayrıca qruplar kimi təhsil verə bilər. Belədə yəqin ki, orta məktəblərin həmin qruplarındakı abituriyentlər 100 faiz ali məktəbə daxil ola biləcəklər.
Bunu Təhsil Nazirliyinin rəsmiləri də etiraf edirlər.

Çağ” bağlansa, Azərbaycan təhsili lüt görünəcək

Sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert professor Şahlar Əsgərov isə özəl abituriyent hazırlığı kurslarının bilik verməməsi barədə deyilənlərlə razı deyil. “Bu cür düşünənlər səhv fikirdədilər. Azərbaycanda 100 uşağın 3-ü istedadlıdır. Bu tək Azərbyacan deyil, Afrikada, Fransada da belədir. Əgər deyirlərsə yaxşı uşaqları “Araz” kursları seçir, onda niyə verirlər, elə özləri təhsil versinlər də, nə olar..?”.

Şahlar Əsgərvov hesab edir ki, ölkəmizdə kütləvi təhsil verən “Çağ” Öyrətim İşlətmələri şirkəti bağlansa, Azərbaycan təhsilinin tamam lüt olduğu üzə çıxacaq.

“Bu gün Azərbaycan təhsili “Çağ”ın, onun kurslarını bitirən uşaqların qazandığı medalların kölgəsi altında gizlənib. Mənim pulumu, sənin pulunu götürüb biliyə çevirəndə bunu qısqanmaq lazım deyil. Bakı şəhəri böyük şəhərdir, çoxlu binaları var. Bu binların da 15-ni bunlar istifadə edir. Yerdə qalan binaları götürün istifadə edin də. Onların əlində tapança, qılınc var, yoxsa tələ qurublar?! Kurslar yalnız istedadları seçir, bu tamamilə səhv bir anlayışdır. Belə şey ola bilməz. Sən o istedadları ondan qabaq seç. Sosioloji tədqiqatın nəticəsinə görə hər 100 uşağın 3 istedadlıdır. 11-ci sinifi 130 min şagird bitirir. Bu 130 mindən hər yüzünün üçü istedadlıdır. İndi onlar o istedadlının qoymur istedadı batsın, biz isə əksinə istedadı dəyərləndirmirik. Sonra da onları gözümçıxdıya salırıq”.

Kurslarda ödənişi kim müəyyənləşdirməlidir?

Təhsil məsələləri üzrə ekspert Məlahət Mürşidli hazırlıq kurslarının əleyhinə olmadığını bildirsə də, onların Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyətini zəruri sayır: “Mən bu kursların əleyhinə deyiləm. Ancaq bu kurslar qeydiyyatdan keçib vergi ödəməlidirlər. İkinci problem kursların çox zaman şagirdlərin dərs vaxtına salınmasıdır. Bu həm dərs prosesinə mane olur, həm də uşaq kursdan qalır. Türkiyədə isə bu fərqlidir. Kurslar şagirdlərin dərsdən sonrakı zamanında təşkil olunur. Məktəblərdə 45 dəqiqə şagirdlərə yetərli deyil ki, o zamanda aldığı biliklə kifayətlənsin. Müəllimlər də yeni metodik biliklərə sahib deyilllər. Nəticədə də şagirdlər kurslara getməyə məcbur olurlar. Belə kurslar bütün ölkələrdə fəaliyyət göstərir.  Bu bir sosial tələbatdır. Ehtiyac var ki, belə kurslar da açılır”.
Məlahət Mürşidli hesab edir ki, kurslardakı qiymətlər müəyyən bir təlimata uyğun olaraq tətbiq edilməlidir: “Bildiyim qədər hazırlıq kursları təhsilhaqqını özləri istədiyi məbləğdə müəyyənləşdirir. Fikrimcə, belə kurslar Təhsil Nazirliyində qeydiyyatdan keçməli və onlarda təhsilhaqqını Tarif Şurası müəyyənləşdirməlidir”.

Təhminə Paşayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır