Modern.az

Azərbaycanda dar ağacı quruldu - fərqli Novruz ayinləri keçirən yeganə kənd… - REPORTAJ

Azərbaycanda dar ağacı quruldu - fərqli Novruz ayinləri keçirən yeganə kənd… - REPORTAJ

Mədəni̇yyət

23 Mart 2014, 15:39

Bir neçə gündür Azərbaycanın hər yerində Novruz bayramının təntənəsi yaşanır. Keçəl, Kosa, Bahar qızı, papaqatdı, qapıpusdu, yumurta döyüşdürmək, səməni göyərtmək, şəkərbura, paxlava bişirmək, xonça bəzəmək… Novruz bayramından danışılarkən ilk ağıla gələn bunlar olur. Martın 18-dən – ilaxır çərşənbədən başlayaraq geridə qalan günlərdə demək olar bütün bölgələrimiz Novruzun bu oxşar adət-ənənələrini qeyd edirlər.

Amma Azərbaycanda bir kənd var ki, uzun illərdir Novruz bayramını tamamilə fərqli ayinlərlə keçirir. Söhbət Cəbrayıl rayonun Sirik kəndinin əhalisindən gedir. Siriklilər Azərbaycanda yeganə toplumdur ki, Novruz bayramında fərqli və olduqca maraqlı mərasimlər təşkil edirlər. Hətta 21 illik didərginlik həyatının ağrı-acıları belə, Sirik əhalisinə əcdadlardan miras qalmış bu ayinləri unutdura bilməyib.

Sirik əhalisi Novruz bayramını adətən martın 22-də keçirir. Bu dəfə də belə oldu. Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbəsində məskunlaşan Sirik camaatı dünən uşaqdan böyüyə Novruz mərasiminə toplaşmışdı… Palatka qurulmuş, xonçalar bəzədilmişdi… Ənənəyə görə, mərasimə gələnlər xonça gətirmişdilər…

Və ən maraqlısı, bu mərasimi idarə etmək üçün kənd sakinləri tərəfindən şah, vəzir, vəkil və onların fərraşları seçilmişdi…

Adətə görə, şah və onun vəzir-vəkili öz fərraşları ilə mərasimə hamı toplaşandan sonra gəlir… Bu zaman kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, bütün mərasim iştirakçıları şah məclisə ayaq basarkən onu ayağa durub qarşılamalıdır. Şah və onun vəzir-vəkili əvvəlcədən hazırlanmış xüsusi yerdə əyləşib, məclisi idarə edir.

Mərasimin digər maraqlı cəhətlərindən biri də dar ağacının qurulmasıdır. Həm də gerçək dar ağacının…


Məclisin gedişində özlərini yaxşı apara bilməyən iştirakçılardan kimsə şahın qəzəbinə tuş gələrsə, vəzir-vəkillə məsləhətləşmədən sonra həmin şəxs barəsində fərman verilir: fərraşlar onu dar ağacından asa da, şallaqlaya da, cərimələyə də bilərlər.

Bu cəzalandırmalar mərasim iştirakçılarından kiminsə kəmdənsə şikayəti əsasında da gerçəkləşə bilər. Məsələn, Sirik kəndinin hansısa sakini başqa bir həmkəndlisindən şaha şikayət edir. Bu şikayətin gerçək olub-olmadığını şah, vəzir, vəkil öz əyanları ilə araşdırır. Həmin məqamda barəsində şikayət olunan şəxs şahın hüzuruna gətirilir, bu zaman o, mütləq baş əyməlidir, əks halda şallaq “yeməli” olacaq. Araşdırmadan sinra şikayət təsdiqlənərsə, yəni həqiqətdirsə, fərman verilir: “Cərimələnsin!”, ya da “Dar ağacından asılsın!”, “ Şallaqlansın!”.

Fərmana uyğun olaraq cəzalandırılan şəxs günahı yngüldürsə, müəyyən məbləğdə cərimə ödəməklə (həmin vəsaitlər sonra xeyriyyə işlərinə sərf olunur) canını qurtara bilir. Bu zaman cəriməni onun hansısa qohumu, dostu, tanışı da ödəyə bilər.

Günahı ağırdısa, şahın fərmanına uyğun olaraq, fərraşlar dərhal həmin şəxsi dar ağacınına aparıb ayağından, belindən və ya qollarından asıb, eləcə saxlayır və ya şallaqlayırlar. Ən maraqlısı, bu zaman heç kimin vəzifəsinə məhəl qoyulmamasıdır. Yəni asılan adam məclisdə iştirak edən adi kəndli, həkim, müəllim, icra nümayəndəsi, polis də ola bilər. Əgər məclisə gəlmisənsə, hamılıqla şaha tabe olmalısan. Əks halda bədəli ağır ola bilər.

Adətə görə, şah Sirik kəndinin ağsaqqalları arasından seçilməlidir və o, məclisi ədalətlə idarə etməlidir. Yəni adi həyatda kiminləsə ədavəti olubsa, “şahlıq” müddətində bundan sui-istifadə edə bilməz.

Məclisin vəziri mərasim boyu duzlu-məzəli söhbətlərilə mərasim iştirakçılarını əyləndirməyi bacarmalı, vəkil isə barəsində şikayət olunan iştirakçıların cəzasının yüngülləşdirilməsi üçün, müdafiə işinə hazırlıqlı olmalıdır.

Mərasim sonadək çalıb-oynamaq, müxtəlif ayinlər, əyləncələrlə zəngin olur. Ən sonda şahın xəzinəsinə yığılan bayram xonçaları camaata paylanır, pul vəsaiti xeyriyyə işlərinə yönəldilir.

Dünən də Cəbrayıl rayonunun Sirik kəndinin camaatı köçkün qəsəbəsində təşkil etdikləri Novruz bayramında dədə-babalardan miras qalmış ədət-ənənələri yaşatdılar… Yaşatdılar ki, gələcək nəsil də baxıb unutmasın, yadda saxlasın… Doğma torpaqlara qayıdanda davam etdirsin…


Ə.QAFARLI

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı