Modern.az

Avtomobil bazarı: satan da azalıb, alan da

Avtomobil bazarı: satan da azalıb, alan da

23 İyul 2010, 13:36

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun iyun ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsüm üçün xarakterik olan passivlik davam edib. İyun ayında mayla müqayisədə təklifin azalması müşahidə olunub. Amma buna baxmayaraq təklifin tələbi üstələmə tendensiyası iyun ayında da davam edib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-1.2%), təsir göstərib. 

İyunda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalıb - 15380 dollar. Bazarda müşahidə olunan passivlik iyun ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına təsir edib, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 6600-dən artıq avtomobilin 39,4%-i bazara məhz iyun ayı ərzində təklif olunub. Qalan 60,6%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki üç ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası iyun ayında bir qədər stabilləşib.

Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı əvvəlki ayla müqayisədə 7.1% azalıb, bu markanın ümumi portfeldə payı 38,1% təşkil edib. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 82,8% təşkil edib. Yerdə qalan 17,2% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ötən ayla müqayisədə ciddi dəyişikliklər baş verib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalmaqda davam edir.

Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib.

Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda «Ofrouder» tipli avtomobillərə maraq göstərənlərin sayının artdığını göstərsə də, bu tendensiya da ilin əvvəlindən dəyişib. Belə ki, uzun müddət istismarda olan avtomobillərin (2000-ci ildən o tərəfə) böyük əksəriyyətini sedan tiplər təşkil etdiyindən köhnə avtomobillərin təklif portfelində kəskin artımı bu seqmentə də təsir göstərib.

Hazırda avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri də avtomobilin onların rahatlığını tam təmin etməsi ilə bağlıdır. İndi alıcıların mütləq əksəriyyəti avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillərə üstünlük verirlər.

 

 

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır