15 noyabr 2018, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - “Nəsimi” filminin KADRARXASI: “Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu”
“Nəsimi” filminin KADRARXASI: “Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu”
31.01.2015, 14:44

Modern.az saytının “Kadrarxası” layihəsinin buhəftəki qonaqları Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev və istedadlı aktrisa Xalidə Quliyevadır. Onlarla birlikdə kino tariximizə öz möhürünü vurmuş “Nəsimi” filmindən bəhs edirik.

“Nəsimi” filmi yazıçı İsa Hüseynovun “Məhşər” romanı əsasında lentə alınıb. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin tərənnümçüsü olan İmaməddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilib.

Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət və təkliflərindən istifadə ediblər.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə “Nəsimi”yə mükafat verilib.

Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafat alıb. Böyük ekranlara çıxdıqdan sonra film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəyli, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssamlar Məmməd Hüseynov, Mais Ağabəyov, bəstəkar Tofiq Quliyev, direktorları Daniil Yevdayev, Bəşir Quliyevdir.

Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmdrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib.

Arayış: Xalidə Quliyeva 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildə 62 saylı orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutunun kinoaktyorluğu fakültəsinə daxil olub. Adil İsgəndərovun kursunda oxuyub. Təyinatla kinostudiyaya gedib və 1996-cı ilə qədər orda da çalışıb.
Hazırda müqavilə ilə müxtəlif kino və seriallara çəkilir. Ailəlidir, qızı Afaq müəllimədir, oğlu Nəcəf Avropa da magistr təhsili alır. İki nəvədən biri Ülvi 7-ci sinifdə oxuyur, “adını çəkməsəm saçımı yolar” dediyi Sürəyya isə 5 yaşındadır.

Arayış: Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu 1969-cu ildə bitirdikdən sonra ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.
Xalq artisti, dövlət mükafatı laureatı “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Bir sıra orden və medallarla təltif olunub. Ailəlidir, iki övladı var.

“İsa Hüseyovun ssenarisini bəyənməmək olmazdı”



Xalidə Quliyeva
: “Tofiq Tağızadə “Qızıl qaz” filminin çəkilişinə başlayırdı, artıq seçimlər gedirdi. Mən həmin filmdə Validə roluna dəvət aldım. Tapşırığa əsasən hər kəs nəsə hazırlamalı idi. Mən də “Mən, o və dəniz” adında mənzum hekayəni Tofiq müəllimin qarşısında söylədim. Soruşdu ki, “müəllif kimdir?”. Dedim: “Anar”. Amma əslində Anar yazmamışdı. Sadəcə elə dedim ki, mənim çıxışımı bəyənsin, fikirləşsin ki, qız tanınmış yazıçının əsərini öyrənib. O yoxlanışdan sonra Validə roluna təstiq olundum. İkinci dərəcəli obraz olsa da, bu, mənim ilk işim idi. Həsən Seyidbəyli məhz o filmə baxandan sonra məni bəyənmişdi. Yoxsa həmin vaxt mən birinci kurs tələbəsi idim, hardan tanıyacaqdı məni...

Bəyəndiyi üçün də məni “Nəsimi” filminə dəvət etmişdi.

Ümumiyyətlə kino sənətini, kinonu çox sevən adamam. Elə bir film yoxdur ki, mən onu izləməyəm. Rusiya və yerli istehsalda olan filmləri izləyirdim. Bəxtimdən elə oldu ki, instituta daxil olduğum il bizi böldülər: Kino aktyorluğu və Dram aktyorluğufakültələrinə. Mən Dram aktyorluğu fakültəsinə düşdüm.

1973-cü ilin əvvəlləri idi. Dərs vaxtı auditoriyada oturmuşdum. Əşrəf Mamayev (filmin ikinci rejissoru, o vaxt kim olduğunu bilmirdim) adlı bir nəfər gəldi və dedi ki, “Xalidə Qasımova lazımdır, Həsən Seyidbəyli onu görmək istəyir”. Mən icazə aldım və ilk dəfə olaraq Həsən müəllimin görüşünə getdim. O vaxtı Həsən müəllim Azərbaycan Kino İttifaqının sədri idi. Kabinetə girdim. Bəstəboy, gülərüz bir insan məni elə qarşıladı ki, elə bil 100 ildir məni tanıyır.

Böyük səmimiyyətlə məni salamladı, “xoş gəlmisən, buyur əyləş” dedi. Mən də o vaxt çox qarabaq, qaradinməz bir qız idim. Ümumiyyətlə, sadə geyimim vardı, qətiyyən kosmetikadan istifadə etmirdim. Mənə dedi ki, “bir ssenari var, film çəkəcəm”. Bu əlbəttə ki, mənim üçün çox maraqlı idi, o anlar çox həyəcanlı idim.

Həsən müəllim dedi: “Ssenarini İsa Hüseynov yazıb. Al, apar oxu, hansı obrazı bəyənsən səhər gələndə deyərsən. Hansı rol xoşuna gəlsə, onu da oynayarsan. Mən də ssenarini götürdüm gəldim evə. Təsəvvür edin İsa Hüseynovun yazısı... Bildiyiniz kimi ssenarinin peşəkar biri tərəfindən yazılmağı çox vacibdir. İsa Hüseynov özü də qələm sahibi, yazıçı idi, ssenaristlik fakültəsini bitimişdi. Bütün bunların timsalında çox gözəl yazmışdı. Mən ssenarini oxudum və səhərə qədər yata bilmədim, ağladım. Nəsiminin edam səhnəsi mənə çox təsir etmişdi ki... Bu qədər insanın içində Nəsimi mənim üçün bir günəş idi. Öz-özümə sual verirdim ki, bu günəşin sönməsinə necə razı oldular, niyə qalxıb onu müdafiə etmədilər, cəlladların üstünə yerimədilər. İçimdə bir üsyan qalxmışdı”.

Müsahibimiz deyir ki, səhər Həsən müəllimin yanında gələndə Fatiməni oynamaq istədiyini bildirir. Həsən müəllim də “mən də səni elə Fatimə rolu üçün nəzərdə tumuşdum” cavabını verir. “Beləcə məşqlər başladı və düz iki ay davam etdi”.

“Ssenarini mənə xəstəxanada verdilər...”



Rasim Balayev
: “Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress, əsəb məni əldən salmışdı, depressiyada idim. Özümü çox pis hiss edirdim. İkinci rejissor xəstəxanaya gəldi. Oxumaq üçün ssenarini mənə verdi, “oxu” dedi və getdi.

Mən heç oxumadım, çünki inanmırdım ki, doğurdan da filmə çəkmək istəyirlər. Həm də xəstəliyimdən dolayı inanmırdım ki, yenidən düzələrəm... Növbəti dəfə gələndə oxumasam da yalandan dedim oxudum. Çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət xəstəxandan çıxdım, məni məşqə dəvət etdilər. 2 ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum. Sonradan rəhmətlik Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə görüb, İsa Hüseynovla birlikdə bəyəniblər. Üz cizgilərim onların çox xoşuna gəlsə də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər. 2 aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər”.

Xalq artisti qeyd edir ki, şeirləri deyəndə heç bir çətinliyi olmayıb: “Çünki, institutda bunları öyrənmişdim. Səsyazma olmadığından televiziya verilişlərində şeirləri canlı deyirdim. Ümumiyyətlə, tez-tez dəvət alırdım, həm müəyyən tədbirlərdə aparıcılıq , şeir demək, həm də tamaşalarda oynamaq üçün. Hamısı da canlı olurdu”. 

“Rasim Balayev Həsən Seyidbəylinin kəşfidir”



Xalidə Quliyeva
: “Qeyd edim ki, film dövlət tərəfindən Heydər Əliyevin göstərişi əsasında Nəsiminin 600 illiyinə həsr olunurdu. Yubileylə bağlı Nəsiminin heykəli hazırlandı, rəssamlar onun portretini çəkdi, balet quruldu və s. Beləcə böyük şairin yubileyinə dövlət səviyyəsində sürətli hazırlıq gedirdi.

Bu filmin çəkilişinə böyük pul ayrılmışdı. Məhz birinci katib Heydər Əliyevin istəyilə film Həsən Seyidbəyliyə həvalə olunmuşdu. Bircə mübahisə Nəsimi obrazını üstündə oldu. Mərkəzi Komitə başqa adamları təklif edirdi, amma rejissor Rasim Balayevdən əl çəkmədi.

Demək olar ki, Həsən Seyidbəyli Rasim Balayevi Azərbaycan kino sənəti üçün kəşf elədi. Həsən müəllim onun ifasına çox ciddi yanaşırdı, həm də çox tələbkar idi. Çəkiliş prosesində rejissor bəzən əsəbiləşirdi, qışqırırdı. Rasimin sıxıb suyunu çıxarırdı, ta ondan istədiyini alana qədər. Nəinki, Rasimə qarşı, hamımıza qarşı belə idi. İstədiyini alanadək suyumuz çıxırdı. Həsən Seyidbəli işinin peşəkarı idi deyə, bizdən də peşəkarlıq tələb edirdi.

Bildiyiniz kimi, o, Azərbaycan kinosuna ən böyük həyat gətirdi, həyata bənzər kino estetikasını yaratdı. Pafosdan, patetikadan uzaq bir kino bəxş etdi. “Sən niyə susursan”, “Bizim Cəbiş müəllim” kimi...

“Nəsimi” tarixi bir film idi. Bu cür filmləri çəkmək çətin idi. O mühiti yaratmaq üçün kostyumlar, obrazların dəqiq seçilməsi, əlbisələr, interyer, hər şey ayrı-ayrılıqda şərt idi. Bu ekran əsərində kütləvi səhnələr də çoxdur. Bu baxımdan Həsən müəllim hər şeyi birəbir həyata keçirirdi. Həmin o estetikanı, səmimi, yaxından, içdən danışıq tərzini bu filmə gətirmişdi. Hər kəs öz yerində idi. Məsələn, Yusif Vəliyevin Teymurləng obrazı. İndi də gözümün qarşısındadır. Əgər dünya kinematoqrafçıları film çəksə və Teymurləngi oynamaq lazım gəlsəydi əminəm ki, heç kim Yusif Vəliyevdən yaxşı oynamazdı. Rasim Balayevin özü o qədər möhtəşəm idi ki, sözlə ifadə etmək olmur. Əslində bu filmin əsas uğuru düzgün aktyor seçimi idi.

Bu film Rasim Balayevin ilk böyük işi idi deyə, Həsən müəllim onunla çox məşğul olurdu. Onu o vəziyyətə kökləyirdi, yaradıcılığa çox böyük üstünlük verirdi. Hansı rolu oynamğımızdan asılı olmayaraq, hər kəs öz hisslərini ortaya qoyurdu. Çünki obraz oynayan adamın öz taixçəsi, intellekti olmalı, hardasa faciələr yaşamalı, ağrını hiss etməlidir. Onda daha təsirli obraz yaratmaq olur, belə olan təqdirə tamaşaçıda inam yaranır. Həmin dövr Rasim üçün çox ağır idi, depressiyaya düşmüşdü. Bu filmə çəkilmək üçün onu xəstəxanadan çıxarıb gətirdilər. Rasim sənətini atmaq istəyirdi. Beləcə Nəsimi filmi onu o stressdən qurtardı. Həsən Seyidbəyli onu kəşf etdi. Eləcə də mən. Çünki, mənim də ilk böyük işim idi. Bu filmdən sonra kino yaradıcılığında mənə yaşıl işıq yandı. Dövlət səviyyəsində çəkildiyindən məsuliyyəti də çox idi.

Filmə təsdiq olunandan sonra biz iki ay məşq etdik. Çəkiliş başlayanda biz artıq hazır idik.

Digər aktyorlar üçün əlbəttə ki sınaq çəkilişləri oldu. Amma mən Fatimə obrazı üçün sınaq çəkilişində olmadım”.

Film əsasən Qobustanda, Naxçıvanda-Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, İraqda-Hələb şəhərində (dəyirmanın fırlanması kadrı), Ramana qalasında, Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərində ekranlaşdırılıb.



“45 kiloqram çəkidə cılız bir qız idim”

Xalidə Quliyeva: “Filmdə saçım çox uzun idi. Qrim etmək üçün məni qrim otağına gətirdilər. Qrimyor çox peşəkar olan Volodya idi. O dedi ki, “Həsən müəllim, bunun saçın kəsmək lazımdır, nə parik, nə də başqa bir şey, ən yaxşısı kəsək”. Mənim də hörüklərim vardı.
Həsən müəllim üzümdə yaranan ifadənimi gördü, axı biz azərbaycanlılar saça önəm veririk. Baxdı mənə dedi ki, “yox, onun bir tükünə də əl vurmazsan”.
Saçımı özbək qızlarının saçı kimi hördülər. Neçə dənə hörük edib başıma doladılar, pariki də üstdən taxdılar. İsti havada çox çətin idi, yun corablar, üstündən çarıq, qalın geyimlər, dəbilqə başımızda... Bir mənə yox, hamıya çətin idi. Təsəvvür edin ki, yayın qızmarında hamı papaqda, xüsusilə də Teymurləngin, Nəsiminin geyimləri...

Kino asan başa gəlmir, çətinliklərin olması təbiidir.

Yadımdadır, Qobustandakı çəkilişdə rejissor assistentini ilan sancdı, özüm atdan yıxıldım, gündən zəhərlənmələr oldu, sonda ölüm-itim olmasa da, xəstəxanlıq olanlarımız vardı. Kütləvi səhnədə çəkilən aktyorlardan birini gün vurmuşdu.

Qobustan yayda necə olur hamı bilir, ilanlar mələyir, hər addımda ilan vardı. Biz hər şeyə hazır idik. Həkimlərdən tutmuş texniki məsələrə qədər hər şey hazılıqlı idi, təkcə qalırdı yaradıclıqla məşğul olmaq. Kütləvi səhnədə hamının at çapdığı yerdə atdan yıxıldım. Hardakı Fatimə atası Nəimini kəcavədə tapmır, anlayırlar ki, onu başqa bir yolla aparıblar. Atdan yıxıldığıma görə ümumi planda atı mən çapmadım, dublyor oynadı. Amma iri plandakı mən idim. Əvvəlki filmlərdə at çapmağı öyrənmişdim, amma atlar yarış atları kimi çox sürətli idi deyə, çətin olurdu. Həmin filmdə də atdan yıxılmışdım, orda çoban qızı oynayırdım. 19-20 yaşlarında 45 kiloqram çəkidə cılız bir qız idim”.



Mərkəzi Komitə Rasim Balayevin Nəsimi roluna çəkilməsinə qarşı çıxır

Rasim Balayev: “Fimin yaradıcıları istəyirdi ki, yeni sima təqdim etsinlər. Buna baxmayaraq, mənim özümdə inam yox idi. Çünki, o vaxt bir neçə filmdə yoxlansam da, məni çəkməmişdilər. Buna görə də inamım qalmamışdı. Eşitmişdim ki, Nəsiminin yubileyini YUNESKO keçirəcək, bu səbəbdən ümumiyyətlə inamsızlığım vardı. Hətta əmin idim ki, rolu hansısa təcrübəli bir aktyora verəcəklər. Çünki eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək istəyirlər.

Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, mənim filmə çəkilməyimə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. O zaman o, Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədri Heydər Əliyevin müavini vəzifəsində çalışırdı. Həsən müəllimin filmə yeni sima gətrimək istəyini biləndə çox hirslənib. Məsuliyyətli bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki,  tanınmış, səriştəli  aktyorlardan biri dəvət olunsun.

Amma Həsən Seyidbəylinin israr və xahişindən sonra mənim çəkilməyimə razılıq verirlər. Çünki, Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini israrla vurğulayır.

Sonradan Həsən Seyidbəyli “Nəsimi”nin ən vacib səhnələrini bizə məşq elətdirdi. Rejissorda tam əminlik yarandı və beləcə Nəsimi roluna təstiq olundum”.

Bu isrardan sonra Qurban Xəlilov Həsən müəllimə  “nə baş verəcəksə, hamısının məsuliyyəti sənin boynundadır” deyib.

Aktyor deyir ki, film uğurlu alınandan sonra Qurban müəllim tədbirlərin birində hətta buna görə ondan üzr də istəyib: “Oğlum, mən sənin bu rola çəkilməyinə qəti şəkildə etiraz edirdim. Qorxurdum ki, gəncsən, birdən bacarmazsan. Hər şey hədər gedər”.

Aktyor deyir ki, dəvələr, edam səhnəsi Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərinə ekranlaşdırılıb. “Əslində Nəsimini Hələbdə öldürüblər. Bizim ora getməyimizə imkan yox idi deyə, çəkilişləri Xivədə reallaşdırdıq.

Edam olunmağıma qalanda, mən ümumiyyətlə heç bir filmdə belə bir epizod görməmişdim, eşitməmişdim. Bilirdim ki, müxtəlif filmlərdə insanlar müəyyən mənada cəzalandırılır, öldürülür, amma bu cür insan dərisini soymaqla edam olunmasını bu ssenaridən oxudum.

Qanın, üzümün rəngini qrimlə, rənglə düzəltdilər, bunlar texniki tərəf idi. Əsas olan isə psixoloji məqam idi, mən ağrını hiss etməli idim ki, obraz canlı alınsın. Biri var adi bir insanın ağrısı, qışqırıb-bağırmağı, bir də var Nəsimi kimi dahinin ağrısı. Nəsimi həm ağrıyır, həm dözür, həmdə təslim olmurdu, iztirabı daxilən yaşayırdı.

Nəsə o ağrı məsələsində bir az çətinliyim oldu. İsa Hüseynov təklif elədi ki, əlimdə mıx saxlayam və sıxam. Bununla da müəyyən ağrı hissi yaransın. Elədim, əlimi də deşdim,  amma bir faydası olmadı. Beləcə ilk gün çəkiliş alınmadı. Çünki, rejissorun istədiyi bu deyildi. Uzun axtarışdan sonra filmdə eşidilən ”mmm” iniltisini elədim. Və kadr çəkildi, inandırıcı alındı. Baxan tamaşaçı da o iniltiyə, iztiraba inandı: ağrısa da Nəsimi düşmənə yalvarmır, dözür...

Həmişə məndən soruşurlar ki, “dərini necə soydular, qanın necə yerə töküldü”. Bu çətin iş deyil. “Kapron”un içinə rənq qoyulur və lazım olan məqamda onu soyundururlar və qan tökülməyə başlayırdı. Demək istəyirəm ki, bunlar hamısı texniki tərəflər idi. Əsas onu hisslərlə canlandırmaq lazım idi”.



Xalidə Quliyeva
: “Nəsiminin edamı o qədər inandırıcı idi ki, kütləvi səhnədəki insanlar belə, çox həyəcan keçirirdilər. Onları izləyəndə elə başa düşmək olardı ki, doğurdan adam edam olunur. Onu da deyim ki, Nəsiminin edam səhnəsinin çəkilişi birinci gün alınmadı, Həsən Seyidbəyli razı qalmadı. Rasimə bir gün yemək vermədilər ki, sönük, halsız, solğun görünsün. Amma ikinci dəfə Həsən müəllim və Rasimin səyilə çox möhtəşəm alındı. Düşünürəm ki, o film başqa bir rejissora həvalə olunsaydı, belə effektli alınmayacaqdı.
“Nəsimi”dən sonra çəkilən tarixi filmlər də, bu qədər real, inanadırıcı olmadı. Çünki, bu filmdə insan faktoru vardı. Tarixi film olmağına baxmayaraq insan ruhunun azadlığı öndə tutulmuşdu.

Film festivalında Rasim ən yaxşı kişi roluna görə ödül qazandı, sonra ən yaxşı tarixi film adına layiq görüldü. O zaman Mərkəzi Komitə filmdən çox razı qaldı”.

Birdən yada düşdü ki, Teymurləngin papağı Bakıda qalıb...

Xalidə Quliyeva: “İnsanların kütləvi şəkildə əllərində ənamla, hədiyyələrlə gəldiyi yer Şirvanşahlar sarayında lentə alınıb. Teymurləngin əsgərlərlə yürüşünü Mərəzə yolunda Cəngi deyilən yerdə çəkdilər. Kütləvi səhnədə oynayacaq 5 minə qədər aktyor, könüllü adamlar, tələbələr kinostudiyada kostyumları geyinib avtobusla Cəngiyə yollandı. Bəlkə də 50-60 avtobus adam “Şamaxinka” yolunda düzülmüşdü.

Çəkiliş zamanı məlum oldu ki, Teymurləngin papağı kinostudiyada qalıb. Təsəvvür edin, o istidə minlərlə insan Teymurləngin papağını gözləyib. Nəysə papaq gətirldi, start veriləndə qəfil yağış başladı. Həmin səhnədə vertolyotdan çəkiliş olacaqdı, o da alınmadı. Gözlədilər yağış dayandı, görkəmli operatorumuz Rasim İsmayılov dağın başında kamera qoyaraq çəkiliş etdi. Yağış yağsa da, çəkilişi saxlamadılar. Start verildi, çəkiliş başladı. Bir də eşitdik ki, rejissor, operator qışqırır “a bala, heç çətir yeridi?!”. Sən demə kütləvi səhnədəki əsgərlərdən biri islanmasın deyə, başına çətir tutubmuş... Hamıya maraqlı gəldi ki, bu adam bu həngamədə çətiri hardan tapdı...
Təsəvvür edin, 14-15-ci əsrdən bəhs edən filmdə  çətir görüntüsü...

Ümumiyyətlə kollektiv özü peşəkarlardan təşkil olunmuşdu. Çox qürurvericidir ki, o yaşda o cür insanlarla birlikdə eyni meydanda oldum. Bu böyük zövq idi mənim üçün. Aktyor ansambılı çox maraqlı idi. Bir sözlə möhtəşəm film idi.

Teymurləngi oynayan Yusif Vəliyev o qədər istedadlı idi ki, hətta axsamaq məsələsində də inandırıcı oynayırdı. Neçə illər teatrda çalışmış peşəkar aktyor idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanovun obrazı özü faciədir. Hər şeyini, hətta bircə qızı Şəmsi də ideyaya qurban verir. Balasını itirdikdən sonra bayquş kimi tənha qalır”.

X.Quliyeva deyir ki, Fatimənin ud çalması səhnəsində il dəfə əlinə bu musiqi alətini götürüb.

“Qobustanda Fatiməni Nəiminin edamına baxmağa qoymadıqları səhnə çəkilirdi. Təlimata görə  “atamı” sağ ikən görmək üçün dağa dırmanırdım. Çəkiliş prosesində əlimin üstündə nəsə isti bir şey hiss etdim. Operator çəkirdi  deyə əlimin üstündəki nə idisə yerə atdım, təzədən sürüşüb aşağı gəldim. Kadr çəkildi. “Stop” deyiləndə gördüm hamı mənə tərəf gəlib soruşurlar ki, “bir şey olmadı?”.

Demə əlimdə istiliyini hiss etdiyim əqrəb imiş. Çox həyəcanlı olduğumdan əqrəb də məndən qorxub. Çəkiliş qrupu da nigaran olub ki, “vay, Xalidəni əqrəb sancdı”.

Bakıdakı çəkilişlərdə iş vaxtı gəlirdik, iş bitəndə evimizə gedirdik, amma Naxçıvandakı çəkilişlər üçün 1 ay orda qaldıq. Çünki yol uzun idi, gəlib-getmək olmurdu.

Nəsiminin edamı, dəvələr, müridlərin, Əbdül Mahmudovun oynadığı dərviş səhnəsi Özbəkistanda-Xivədə ekranlaşdırılıb”.

“İsa Hüseynov başqa aləm idi”



Rasim Balayev
: “İsa Hüseynovun bu filmə necə can yandırdığını gözlə görmək lazım idi. O qədər səmimi, işini bilən idi ki, heyətlə birgə hər gün çəkiliş meydanına gedirdi, çəkiliş prosesində müəyyən təkliflər verirdi, dəyişikliklər edirdi. Həsən müəllim də zarafatla deyirdi: “A kişi, yazmısan, lap yaxşı, qoy çəkək də...”.

R.Balayev çəkiliş meydanında olan insanların böyük marağını dilə gətirir: “O vaxt aktyora, resjissora, sənətə böyük hörmət vardı. Buna görə də hamısı məsuliyyətlə, canla-başla, məhəbbətlə işini icra edirdi. Yadımdadır ki, əllərim bağlı olan səhnələrin birində susadım. Dedim ki, mənə su verin. İnanın rejissora imkan vermədilər ki, mənə su gətirsin. İnsanlar hərəsi bir tərfədən kömək etməyə çalışdı. Çox qürurverici anlar idi. Aktyoru yaşadan belə hisslərdir. Tamaşaçı tərəfindən bəyənilmək, sevilmək.

Filmin məsləhətçisi Əli Fəhmi obrazın xarakterini, səhnələrdəki şeir parçalarının deyilmə tərzini tam mənimsəməyimiz üçün qəzəllərin hər misrasını bizə bir-bir izah edirdi.

Deməli Həsən müəllimlə İsa müəllimin fikirlərinin zidd gəldiyi bir məqam oldu. Rəhmətlik ssenarist təklif etdi ki, Nəiminin edam səhnəsində “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır” qəzəlini deyim. Həsən Seyidbəyli bu məsləhətdən xoşhal olmadı. Birtəhər razılığa gəldilər. Sonradan rejissor özü də çox bəyəndi”.

Rasim Balayevin OLUM ya ÖLÜM məsələsi!



Rasim Balayev
: “Nəsimi yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn “Babək”, “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb. Onda mənim 24 yaşım vardı. Bu mənim üçün sıradan deyildi, tale yüklü bir film idi... Müsair filmdə çəkilmək deyildi “Nəsimi”.

Əslində bu ekran əsəri mənim üçün risk idi: ya tamaşaçılar tərəfindən qəbul olunmalı idi, ya da sənətdən çıxıb getməli idim. “Nəsimi” mənim ölüm, ya olum məsələmə çevrilmişdi.

Mənim üçün fəxr idi ki, böyük aktyorlarla birgə filmdə rol alıram. Baxmayaraq ki, bundan əvvəl Moskvada bir filmin epizodinda çəkilmişdim, “Nəsimi” mənim ilk böyük işim idi. Həyatda görmədiyim, fanatı olduğum İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev və başqaları ilə oynamaq zövq idi mənim üçün.

Xalidənin də, mənim də ilk işimiz idi. Həm buna görə, əsas da Həsən Seyidbəyliyə görə məsuliyyətimiz birə on artırdı. İndi baxıram ki, film çəkiləndə Həsən müəllimin 40-42 yaşı olub, amma o vaxt mənə qoca görünürdü. Çox tələbkar, istedadlı, sözün əsl mənasında “ləzzətli” adam idi. İşçi qrupunda çox gözəl ab-hava var idi. Hər kəs bir-birinə dostcasına kömək edirdi.

Bu filmdə neçə kilometrlərlə yol getdik, bir üzü Qobustan, bir üzü Xivə...Fəhlədən tutmuş lap böyüklərə qədər hamı qaynayıb qarışmışdı bir-birilə”.

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib
15.11.2018, 11:58

Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib

Azərbaycanla BƏƏ arasında hansı problemlər var? – Səfir AÇIQLADI
15.11.2018, 11:55

Azərbaycanla BƏƏ arasında hansı problemlər var? – Səfir AÇIQLADI

“İdmançılarla bağlı böyük mübahisələr olur” - Nazir
15.11.2018, 11:45

“İdmançılarla bağlı böyük mübahisələr olur” - Nazir

Əli Əhmədov: “Təhsildə, səhiyyədə qadınlar kişilərdən üstündürlər”
15.11.2018, 11:37

Əli Əhmədov: “Təhsildə, səhiyyədə qadınlar kişilərdən üstündürlər”

Baş nazir qida məhsulları ilə bağlı qərar verdi
15.11.2018, 11:26

Baş nazir qida məhsulları ilə bağlı qərar verdi

“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
15.11.2018, 11:25

“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Azərbaycan, Pakistan və Türkiyə dostluğu Los Ancelesdə qeyd olundu
15.11.2018, 11:20

Azərbaycan, Pakistan və Türkiyə dostluğu Los Ancelesdə qeyd olundu

Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı
15.11.2018, 11:17

Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018, 11:16

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında - VİDEO
15.11.2018, 11:15

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında - VİDEO

İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış olub - FOTOLAR
15.11.2018, 11:03

İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış olub - FOTOLAR

Bizimkilər - Xanım jurnalist: “Təzyiqlərə də məruz qaldım, amma bu peşədən bezmədim” - FOTOLAR   
15.11.2018, 11:00

Bizimkilər - Xanım jurnalist: “Təzyiqlərə də məruz qaldım, amma bu peşədən bezmədim” - FOTOLAR  

Prezident yatmağı sammitdə iştirakdan üstün tutdu
15.11.2018, 10:51

Prezident yatmağı sammitdə iştirakdan üstün tutdu

Madrid konfransı səmərəli müzakirə platforması kimi - Deputatın səfər QEYDLƏRİ+FOTOLAR
15.11.2018, 10:48

Madrid konfransı səmərəli müzakirə platforması kimi - Deputatın səfər QEYDLƏRİ+FOTOLAR

Çili Azərbaycanda səfirlik açır
15.11.2018, 10:45

Çili Azərbaycanda səfirlik açır

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində
15.11.2018, 10:40

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində

Hövsan bu gün susuz qalacaq
15.11.2018, 10:38

Hövsan bu gün susuz qalacaq

Polis 83 nəfəri saxladı 
15.11.2018, 10:25

Polis 83 nəfəri saxladı 

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - EKSKLÜZİV
15.11.2018, 10:24

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - EKSKLÜZİV

Birinci ledi ilə mübahisə edən məmur işdən çıxarıldı
15.11.2018, 10:22

Birinci ledi ilə mübahisə edən məmur işdən çıxarıldı

Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı
15.11.2018, 10:13

Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı

AZƏRTAC-ın işçilərinin sayı artırıldı
15.11.2018, 10:06

AZƏRTAC-ın işçilərinin sayı artırıldı

Sabahdan Azərbaycanda məktəblər bağlanır   
15.11.2018, 10:06

Sabahdan Azərbaycanda məktəblər bağlanır  

Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15.11.2018, 09:56

Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi

Bakıda beynəlxalq forum keçirilir
15.11.2018, 09:56

Bakıda beynəlxalq forum keçirilir

Kalifoniyada dəhşətli yanğınlarda ölənlərin sayı 59-a çatdı - FOTOLAR
15.11.2018, 09:54

Kalifoniyada dəhşətli yanğınlarda ölənlərin sayı 59-a çatdı - FOTOLAR

“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ   
15.11.2018, 09:48

“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ  

“Qəbələ”nin məşqçisi qəzada həlak oldu
15.11.2018, 09:44

“Qəbələ”nin məşqçisi qəzada həlak oldu

Ermənistan cəbhədə təxribat törətdi
15.11.2018, 09:26

Ermənistan cəbhədə təxribat törətdi

Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM
15.11.2018, 09:21

Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI
15.11.2018, 09:09

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI

Milli Qəhrəmanın anım günüdür   
15.11.2018, 09:02

Milli Qəhrəmanın anım günüdür  

Onlar Facebook-da kimləri izləyirlər...
15.11.2018, 08:34

Onlar Facebook-da kimləri izləyirlər...

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb - Təhsil kreditləri PROBLEMİ   
15.11.2018, 08:07

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb - Təhsil kreditləri PROBLEMİ  

Manat bu günə hansı məzənnədə olacaq?
15.11.2018, 08:02

Manat bu günə hansı məzənnədə olacaq?

Britaniya hökuməti “Brexit” üzrə saziş layihəsini təsdiq edib
15.11.2018, 00:58

Britaniya hökuməti “Brexit” üzrə saziş layihəsini təsdiq edib

Elçin Quliyev  MDB iclasında
15.11.2018, 00:46

Elçin Quliyev  MDB iclasında

Mingəçevirdə 9 yaşlı uşaq yelləncəkdə boğuldu
15.11.2018, 00:30

Mingəçevirdə 9 yaşlı uşaq yelləncəkdə boğuldu

ABŞ-dan Kubaya qarşı yeni sanksiyalar
15.11.2018, 00:13

ABŞ-dan Kubaya qarşı yeni sanksiyalar

Yanğın qurbanlarının sayı 50-yə çatdı
14.11.2018, 23:55

Yanğın qurbanlarının sayı 50-yə çatdı

Azərbaycan nefti yenidən ucuzlaşdı
14.11.2018, 23:46

Azərbaycan nefti yenidən ucuzlaşdı

Türkiyədə təhsil alan azərbaycanlı məzunlar bir arada
14.11.2018, 23:28

Türkiyədə təhsil alan azərbaycanlı məzunlar bir arada

Azərbaycanın daha 3 güləşçisi medal qazandı
14.11.2018, 23:12

Azərbaycanın daha 3 güləşçisi medal qazandı

Üç ölkə Türkiyəyə qarşı birləşdi
14.11.2018, 22:56

Üç ölkə Türkiyəyə qarşı birləşdi

Turizm şirkətinin ofisini qarət etdilər
14.11.2018, 22:38

Turizm şirkətinin ofisini qarət etdilər

Avtomobil parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO
14.11.2018, 22:22

Avtomobil parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO

Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi
14.11.2018, 22:08

Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycan kubokunda yenilik ediləcək
14.11.2018, 21:53

Azərbaycan kubokunda yenilik ediləcək

Gürcüstanda seçkilərin ikinci turunun vaxtı açıqlandı
14.11.2018, 21:37

Gürcüstanda seçkilərin ikinci turunun vaxtı açıqlandı

5 nəfərin yanaraq öldüyü evin VİDEOSU yayıldı
14.11.2018, 21:24

5 nəfərin yanaraq öldüyü evin VİDEOSU yayıldı

ARXİV