Cari ilin ilk 3 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 261 nəfərin adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan bir hissəsi yalnız adını, qalanlar isə adını və soyadını, eləcə də adını, soyadını və ata adını birlikdə dəyişdirib.
Qeyd edilib ki, adın dəyişdirilməsi səbəbləri daha çox adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır.
Nazirlikdən verilən məlumata görə, Qanvoy, Ulçin, Radə, Mamed, Nənəş, Kimyə, Cunaqız kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.
"Məlumat üçün bildiririk ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir.
Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir", - deyə rəsmi məlumatda vurğulanıb.