Nyu-York meri Zöhran Mamdaninin 24 aprel günü "erməni soyqırım" ilə bağlı paylaşımında Azərbaycana qarşı səsləndirdiyi saxta narrativlər və müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalar, dini qurumlar və ölkəmizə dost olan təşkilatlar tərəfindən etirazlarla qarşılanıb.
Modern.az xəbər verir ki, Zöhran Mamdanini anti-Azərbaycan açıqlamaları ilə bağlı Bakı Sefardi Yəhudi icması bəyanat yayıb. Bəyanatı Bakı Sefardi Yəhudi icmasının sədri Zamir İsayev “X” hesabında paylaşıb.

Bəyanatda qeyd olunur ki, icma Mamdaninin son açıqlamalarını qətiyyətlə rədd edir və bu fikirləri məsuliyyətsiz hesab edir. Bildirilir ki, seçilmiş ictimai vəzifəli şəxsin Azərbaycanın 2020 və 2023-cü illərdəki addımlarını “soyqırımı kampaniyası” kimi təqdim etməsi reallığın təhrifidir, yalan və təxribat xarakteri daşıyır.
Sənəddə vurğulanır ki, Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. 2020-ci ildə baş verən hadisələrin etnik əhaliyə qarşı deyil, xaricdən dəstəklənən silahlı separatçı qüvvələrə qarşı yönəldiyi, bunun isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndiyi qeyd olunur. Eyni zamanda, 2023-cü ildə Azərbaycanın öz ərazisində qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirərək konstitusiya quruluşunu bərpa etdiyi bildirilir.

Bəyanatda həmçinin Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunacağını dəfələrlə bəyan etdiyi xatırladılır.
İcmaya görə, Azərbaycan yəhudiləri tarixdən həqiqətin, yaddaşın və məsuliyyətin əhəmiyyətini yaxşı bilir. Qeyd olunur ki, ölkədə yəhudi icması əsrlərdir müsəlmanlar və xristianlarla sülh və qarşılıqlı hörmət şəraitində yaşayır.
Bəyanatda Azərbaycanın suverenliyinin bərpasını “soyqırımı” ilə eyniləşdirmək cəhdləri qəti şəkildə rədd edilir və bu anlayışın siyasi məqsədlərlə təhrif olunmasının qəbuledilməz olduğu vurğulanır.
Sənəddə həmçinin qeyd edilir ki, bu cür ittihamlar münaqişənin reallığını təhrif edir və onilliklər ərzində öz doğma yurdlarından didərgin düşmüş 800 mindən çox azərbaycanlının çəkdiyi əzabları nəzərə almır.
İcma bildirir ki, Azərbaycan və Ermənistan arasında sülhə doğru mühüm irəliləyişlərin əldə olunduğu həssas bir dövrdə bu cür açıqlamalar xüsusilə qəbuledilməzdir. Vurğulanır ki, ictimai şəxslər düşmənçiliyi artırmaq deyil, barışıq, dialoq və etimadı təşviq etməlidirlər.

Həmçinin “AZIZ” Assosiasiyası ABŞ və digər ölkələrdə yaşayan azərbaycanlı icmalar Nyu-York merinə ünvanlanmış açıq məktuba imza toplama kampaniyasına başlayıb.
Qeyd olunur ki, açıq məktub Nyu-York meri Zöhran Mamdaniyə ünvanlanıb və onun 24 aprel 2026-cı il tarixli açıqlamasından sonra hazırlanıb. Həmin açıqlamada azərbaycanlıların “erməni soyqırımının davam etdirilməsi” ilə bağlı ittiham olunduğu vurğulanır.
Açıq məktubda bildirilir ki, bu cür bəyanatlar Cənubi Qafqazdakı münaqişəni birtərəfli və müəyyən məqamlarda yanıltıcı şəkildə təqdim edir, həmçinin Azərbaycan mülki əhalisinin yaşadığı itkilərin tam miqyasını əks etdirmir. Müəlliflər hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atıldığı bir dövrdə bu cür açıqlamalar diplomatik prosesə mənfi təsir göstərə bilər.
Məktubda həmçinin Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki əhalinin kütləvi şəkildə didərgin düşməsi, yaşayış məntəqələrinin və infrastrukturun dağıdılması, eləcə də 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi xatırladılır.
Bundan əlavə, İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə və Tərtər şəhərlərinin raket və artilleriya atəşinə tutulduğu, mülki şəxslərin həlak olduğu və infrastrukturun zərər gördüyü qeyd olunur. Bildirilir ki, bu hadisələr beynəlxalq media və təşkilatlar tərəfindən sənədləşdirilib.
Sonda Nyu-York merindən səsləndirdiyi fikirləri geri götürməyə və gələcəkdə birtərəfli bəyanatlardan çəkinməyə çağırış yer alıb. Oxucular isə bu mövqeni dəstəklədikləri halda petisiyaya qoşulmağa dəvət olunur.

Nyu-York merinin açıqlamasına etiraz olaraq İsraildə fəaliyyət göstərən Şolumi Mərkəzinin rəhbəri Tirat Karmel də bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, mərkəz prinsipal olaraq bütün xalqlara qarşı zorakılıq aktlarını pisləyir, lakin ictimai müzakirələrə tarixi və müasir reallıqları təhrif edən yanlış məlumatların daxil edilməsini qəbuledilməz hesab edir.
Sənəddə bildirilir ki, merin 24 aprel 2026-cı il tarixli çıxışında Cənubi Qafqazdakı hadisələrlə bağlı səsləndirdiyi fikirlər həm faktiki, həm də hüquqi baxımdan doğru deyil. Qeyd olunur ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin “soyqırımı” kimi təqdim edilməsi beynəlxalq hüquqa uyğun deyil və bu anlayışın mahiyyətini təhrif edir.
Bəyanatda Azərbaycanın ərazi bütövlüyünün bərpası kontekstində həyata keçirilən tədbirlərə də toxunulur və vurğulanır ki, ölkə rəhbərliyi bölgədə yaşayan erməni əhalisinin hüquqlarını təmin etmək niyyətini dəfələrlə bəyan edib.
Şolum Mərkəzi eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı Xocalı faciəsi də daxil olmaqla azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş zorakılıq aktlarının nəzərə alınmamasını tənqid edir. Bildirilir ki, bu kimi hadisələrin seçici yanaşma ilə təqdim edilməsi münaqişənin obyektiv qiymətləndirilməsinə mane olur.
Sənəddə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan şəhərlərinin raket və artilleriya atəşinə tutulması, mülki itkilər və infrastrukturun dağıdılması faktlarına da diqqət çəkilir.
Bəyanat müəllifləri hesab edir ki, bu cür birtərəfli yanaşmalar regionda sülh və normallaşma prosesinə zərər vurur, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalar arasında narahatlıq yaradır.
Sonda vurğulanır ki, münaqişə ilə bağlı müzakirələr emosional yanaşmalar deyil, balanslı və faktlara əsaslanan qiymətləndirmələr üzərində qurulmalıdır.
