Modern.az

Ermənistan Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır - Kostanyan

Ermənistan Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır - Kostanyan

Qərbi Azərbaycan

Bu gün, 11:04

“TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.) daha geniş strateji əhəmiyyət daşıyır və yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə ilə məhdudlaşmır”.

Modern.az xəbər verir ki, bunu World Policy Conference çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib və layihə ilə yanaşı, Ermənistan–Azərbaycan münasibətlərinə toxunub.

Kostanyan qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılmasında maraqlıdır.

Onun sözlərinə görə, “Tramp yolu” layihəsi daha geniş strateji məna daşıyır:

“TRIPP yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında bağlantını təmin edən böyük təşəbbüsdür və qarşılıqlı fayda prinsiplərinə əsaslanır”.

Kostanyan vurğulayıb ki, kommunikasiyaların açılması nəticəsində Ermənistan öz ərazisinin müxtəlif hissələrini birləşdirə biləcək. Praktiki olaraq bu, ölkənin cənubunun şimal hissəsi ilə Naxçıvan üzərindən dəmir yolu vasitəsilə birləşdirilməsi deməkdir. Onun sözlərinə görə, bu proses təkcə Şərq–Qərb deyil, həm də Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yaradacaq.

Kostanyan əlavə edib ki, Ermənistan layihənin həyata keçirilməsində maraqlıdır və ABŞ ilə aktiv danışıqlar aparır. Bu çərçivədə Ermənistanda birgə erməni–amerikan müəssisəsinin yaradılması müzakirə olunur.

Kostanyan bildirib ki, artıq regional əməkdaşlığın praktik nümunələri mövcuddur. Məsələn, Qazaxıstandan taxıl idxalı Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə həyata keçirilib və bu, effektiv əməkdaşlıq nümunəsi kimi qiymətləndirilir.

Ermənistan–Azərbaycan münasibətlərinə toxunan Kostanyan bildirib ki, tərəflər sülhün qurulmasından danışırlar və hazırkı mərhələni “sülhün institusionallaşdırılması” kimi xarakterizə edirlər. Bu çərçivədə iqtisadi addımlar da atılır: artıq birbaşa ikitərəfli ticarət başlayıb, o cümlədən Ermənistana Azərbaycandan benzin idxal olunur və gələcəkdə Ermənistanın ixrac edəcəyi məhsullar da müəyyənləşdirilib.

O, həmçinin insanlar arasında təmasların inkişaf etdirildiyini, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin həm xaricdə, həm də hər iki ölkədə keçirildiyini qeyd edib.

Kostanyan qeyd edib ki, regionda əməkdaşlıq perspektivləri genişdir və bu imkanlar yalnız Ermənistan, Gürcüstan və Azərbaycanla məhdudlaşmır, daha geniş qonşu regionları da əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə