Modern.az

Yaddaşlara köçən ömür yolu

Yaddaşlara köçən ömür yolu

12 Mart 2015, 11:06

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Publisist, Pedaqogika üzrə fəlsəfə doktoru

Ölmək! O geniş körpüdən  hər kəs keçəcəkdir.
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Cəfər  Cabbarlı
 

«Dünya bir  pəncərədir. Hər gələn baxıb keçər” deyib aqillər.Bəli, bu  həyat pəncərəsindən  çoxu  baxıb  keçdi…

Xalq şairi  Zəlimxan  Yaqub  bu  həyat  pəncərəsindən  keçən  biri  haqqında  belə   deyib:

« Zaman-zaman dəyişməyən tarixi bir qanun var. Ev başçısıyla, el ağsaqqalıyla,  dövlət  müdrik və ağıllı rəhbəri ilə, xalq öz tarixi şəxsiyyətləriylə öyünür, qürur hissi keçirir. Şəxsiyyət kimi formalaşan bütün insanları özünə arxa,dayaq bilir.Bu da  olduqca  doğma bir hissdir. Bu mənada Borçalı ədəbi-elmi, ictimai-siyasi fikir tarixinin elə şəxsiyyətləri var ki, onlar bu gün təkcə Borçalının yox, Azərbaycanın, Azərbaycan dövlətçiliyinin tarixi üçün çox lazımlı və gərəkli şəxsiyyətlər sırasında dayanırlar’’.

Belə şəxsiyyətlərdən biri xatirəsi bizim üçün həmişə doğma və əziz olan Əmircan  Əmircanovdur.

Yaşasaydı  77  yaşı  olacaqdı  Əmircan  müəllimin.Lakin, alın yazısı,tale qisməti,  bu  günü  ona  görməyə  aman  vermədi.Bu işıqlı dünyaya əlvida deyib, xeyirxahlıq boxçasını  bizə miras qoydu.

Hər il martın 12-də  bütün  əmircansevərlər, onun xatirəsini əziz tutanlar,  qohumlar, dostlar, tanışlar  Əmircan  müəllimin  ocağına  yığışacaq, əmircanlı günlərə qayıdacaqlar. Xatirələr, yaddaqalan maraqlı hadisələr, epizodlar çözələnəcək. Beləcə,bir  müddət  Əmircan  müəllimin  nigaran  ruhu anılacaq, hətta  mirvari  kimi şəffaf, ürəyin  ənginliyindən  gələn  göz  yaşları  da  doğmaları kədərləndirəcəkdir. Lakin, insanlarla  daim  sıx ünsiyyətdə olmağı sevən,əl tutan,  başqalarını  daim  sevindirmək  kimi ən nəcib,ən ülvi hisslər sahibi olan Əmircan müəllimin  keçdiyi şərəfli ömür  yolu, onun vətən üçün, xalq üçün gördüyü  şərəfli işlər sadalanaraq  hamıya  təsəlli olacaq. Bəli, zamanından  asılı  olmayaraq  Əmircan müəllim yad edilir. Öz xeyirxah əməlləri ilə seçilən insanlar daim yad edilir. Bu bir  reallıqdır,həqiqətdir.

Həyat  çox qəribədir, insan dünyaya gəlir, çox enişli-yoxuşlu, keşməkeşli ömür yaşayır, sonra isə dünyadan  köç edir. Kimi xeyirxah, kimisi bəd əməlləri ilə. Bu, insanın silinməz  alın yazısıdır.Xeyirxahlığı, humanistliyi daim özünün həyat amalına  çevirən  Əmircan müəllim kimi bir  insanın, simanın fiziki  yoxluğu isə çox ağrılı-acılıdır. Çünki, bu insanın  qəlbi  daim sevgi  ilə, məhəbbətlə, həyat eşqi ilə, qurub-yaratmaq  həvəsi  ilə alovlanıb  yanırdı. Hələ çox arzu-istəkləri, həyata keçirmək  istədikləri işləri özü  ilə birlikdə  getdi. O, bu hissləri özgələri  ilə  bölüşməyi  də bacarırdı. Heç zaman  qəlb qırmazdı. İşlədiyi  bütün  mövqelərdə  insanlara  yalnız  yaxşılıq edib əl tutardı. Əmircan  müəllim  üçün  həyatda  bir  məqsəd  vardı-xalqa  təmənnasız xidmət. O, səhhəti bahasına, ona etimad  göstərilən  işlərə bütün  həyatını yorulmaq bilmədən, respublikanın, xalqın  rifahı  naminə  xidmətə  sərf  edib.

 Kövrək  qəlbli, həssas, mübariz , vətənpərvər,mərd  bir  insan olan  Əmircan müəllim  Ermənistanın  Azərbaycan  torpaqlarının  20 faizini işğal etməsinə, Qarabağ  dərdinə, Azərbaycan  dövlətçiliyinə  qarşı  uzanan  mənfur  əllərə dözə bilmirdi.  Xalqın  bu  faciəsi  onu  rahat  buraxmırdı. Vətən  torpağının  tezliklə  azad olunmasını, onun çiçəklənən, iqtisadi  cəhətdən  inkişaf  etmiş bir  ölkəyə  çevrilməsini  səbirsizliklə  gözləyir, bu  işdə var-qüvvəsini  əsirgəmirdi. Respublikamızın  dünya birliyində  özünü  təsdiq etməsi, qüdrətli  bir  ölkə kimi inkişaf  etməsi  Əmircan  müəllimin  ülvi arzuları idi.Bəli, bu gün Əmircan müəllimin  görmək istədiyi arzular  çin olub həyata keçib.Həqiqətən,respublikamız günü-gündən inkişaf edir, şəhərlərimiz, bölgələrimiz  abadlaşır, paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən  birinə çevrilib və s.

 Əmircan müəllim əsl türkçü idi. Çünki, onun damarlarında türk qanı axırdı. O, əsl azərbaycanlı  idi,vətənpərvər idi. İstənilən el məclisində dahi Üzeyir Hacıbəylinin «Koroğlu” üvertürasını  səsləndirərdi  və bundan qürur hissi duyardı.

 Əmircan  müəllimin  vaxtilə  yaşadığı  mənzilindəki  portretinə  baxanda  o nigaran gözləri  sezməmək  olmur. Sanki  Əmircan  müəllim pəncərədən  içərini,  baş  verən hadisələri  seyr  edir. Bu  nigaran  gözlərdə  həm  vətən dərdi, həm də övladlarından  bir  nigarançılıq  hiss olunur. Zənnimcə, Əmircan  müəllimin keçdiyi həyat  yoluna  nəzər  salmaq  yerinə  düşər. Çünki, bu  ömür  yolu  gələcək  nəsil üçün  bir  örnəkdir .

 Əmircan  Yunis oğlu  Əmircanov 1938-ci il  may ayının  31-də  Borçalı mahalının  Qaçağan  kəndində  ziyalı ailəsində dünyaya  göz  açıb. Uşaqlıq və  məktəb  illəri həmin kənddə keçib.1956-cı  ildə orta məktəbi bitirən gənc Əmircan  1957-60-cı  illərdə əsgəri xidmətə  getmiş, Qara dəniz donanmasında  hərbi qulluqda  olmuşdur. Hərbi xidmətdən  tərxis olunduqdan  sonra 1960-cı ildə  Bakıya  gələrək  Azərbaycan  Dövlət  Universitetinin  iqtisad fakültəsinə qəbul olunmuşdur. 1966-cı  ildə universiteti müvəffəqiyyətlə  bitirən  Əmircan  bir müddət  Bakı Ali Partiya Məktəbində  müəllim, sonradan  isə İqtisadiyyat Nazirliyinin  Plan İqtisad Elmi-Tədqiqat  İnstitutunda elmi işçi vəzifəsində  çalışmışdır. 1977-ci  ildən 1994-cü  ilə qədər  Dövlət  Plan Komitəsində İqtisadiyyat  şöbəsinin müdiri, 1994-cü ildən 1996-cı  ilə qədər  isə iqtisadiyyat  nazirinin  müavini  vəzifəsində  işləmişdir.

1981-ci  ildə əlaçı iqtisadçı və bacarıqlı mütəxəssis kimi o, Azərbaycan  SSR Ali Sovetinin  Fəxri  Fərmanı ilə təltif edilmişdir.

Əməyinə verilən yüksək qiymətdən  ruhlanan  Əmircan müəllim  öz  bilik  və bacarığını  keçmiş  SSRİ  Xalq Təsərrüfatı  Akademiyasında  sınamağa da vaxt tapıb. O, 1987-ci  ildə həmin akademiyanı  bitirərək  yüksək  diploma  layiq görülüb.

Əmircan Əmircanov  respublika  iqtisadiyyatının  müxtəlif  sahələrində  işlədiyi müddətdə  dəfələrlə  Elmi-Tədqiqat  İnstitutunun və İqtisadiyyat  Nazirliyinin  fəxri  diplomları, müxtəlif  mükafatları  ilə təltif olunub. O, uzun müddət  Azərbaycan  Respublikası  Dövlət  Plan  Komitəsi kollegiyasının üzvü olmuşdur. Peşəkar  iqtisadçı  əməkdə  qazandığı  nailiyyətlərə  görə  “Əmək  şücaəti” ordeni, “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

1991-ci ildə  o, “Azərbaycan SSR-in  əməkdar  iqtisadçısı” kimi  yüksək  fəxri ada  layiq  görülmüşdür.

Əmircan  Əmircanov  1996-cı ildə martın 12-də uzun  sürən  ağır  xəstəlikdən  sonra əbədiyyətə  qovuşmuşdur .

Bunlar  Əmircan  müəllimin  coşğun  həyatının bəzi cizgiləridir.  Onun  həyatını, gördüyü  işləri qələmə  almaq isə tədqiqatçıların  işidir. Torpağına, xalqına, milli-mənəvi  dəyərlərimizə  bağlı  olan  Əmircan müəllimin adının əbədiləşdirilməsi  məqsədəuyğun  olardı. Belə ki, onun qarşıdan gələn 80 illik yubileyi  ilə bağlı elmi-praktik  konfrans  keçirilməsi, o  milli  televiziyada  haqqında  veriliş hazırlanması, vaxtilə yaşadığı  binanın  önünə  xatirə  lövhəsi  vurulması  Əmircan müəllimin  ruhuna  verilən yüksək qiymət sayılardı.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin xatirələrindən:»…Əmircan bir çox məclisdə azərbaycanlıya xas olan ürək yanğısı ilə şerlər söyləyərdi. O, şeiri,sənəti,sazı,sözü çox sevərdi. 1967-ci ildə Şəhriyarın «Heydərbabaya salam” poeması  Azərbaycanda çox böyük rezonans  doğurmuşdur.  Əmircan həmin poemanı xüsusi natiqlik qabiliyyəti ilə, sözün əsl mənasında, qəlbindən keçirərək söyləyirdi. ...Əmircan müəllim vaxtilə Dövlət Plan Komitəsində çox dəyərli mütəxəssis, peşəkar,həm də səmimi bir insan kimi çalışıb,tanınıb, hörmət qazanıb. O dövr  yetişən iqtisadçılar nəsli Əmircan müəllimi daim  xatırlayırlar. Tanrıdan Əmircan müəllimə rəhmətlər diləyirəm. Onun xatirəsi həmişə əziz tutulub və əziz də tutulacaqdır’’.

Bacısı Naimə Əmircanovanın ürək sözləri:

Əzizim, gülüm qardaş,                    Əzizim,harayçı mən,
A uzun dilim qardaş,                       Hayçı mən, harayçı mən.
Sən çıxıb gedəli,                              Qardaş çıxıb gedəli,
İstərəm ölüm, qardaş.                       Olmuşam harayçı mən.

Əzizinəm, tutardın,                             Layla,qardaşım, layla,
Məni uca tutardın.                               Könül sirdaşım, layla.
Sən çıxıb gedəli,                                 Adı dildən düşməyən,
Ucalığım qurtardı.                              Anam, qardaşım, layla!

Bu  gün  də  Əmircan  müəllim  onu  tanıyanlar  tərəfindən  daim  ehtiramla  yad  edilir,  məzarı  üstünü  tər  çiçəklər  bəzəyir. Bəli,vətən üçün, xalq üçün yaşayan,bütün ömrünü  təmənnasız  olaraq  onlara  həsr  edən bir  insan əbədi ehtirama layiqdir.  Bu  baxımdan  Əmircan  müəllim  kimi  şəxsiyyətlər  daim  xatırlanacaq, yad ediləcək. Bu yerdə ölməz şairimiz Mikayıl Müşfiqin bu misraları yerinə düşür:

Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Ruhun şad olsun, Əmircan müəllim! 




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı