Modern.az

“Yayda çox isti olacaq, kənd təsərrüfatı məhsulları həddindən artıq bahalaşacaq” - EKOLOQ

“Yayda çox isti olacaq, kənd təsərrüfatı məhsulları həddindən artıq bahalaşacaq” - EKOLOQ

Aktual

23 Aprel 2015, 10:46

“İqlim dəyişikliyi ilə əlaqədar Azərbaycanın bəzi bölgələrində, xüsusilə də paytaxt Bakıda qışdan birbaşa yaya, yaydan da qışa keçirik. Məsələn, Bakıda demək olar yaz aylarına xas olan hava hiss etmirik. Yay bitər-bitməz qısaqol geyimlərdən birbaşa paltoya, qışda da palto, şubadan birbaşa yay geyiminə keçirik”.

Bu sözləri Modern.az saytına Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Kənd təsərrüfatı məhsulları həddindən artıq bahalaşacaq

Mütəxəssis fikirlərini ötən ilin oktyabr ayında, eyni zamanda başa çatmaqda olan aprel ayındakı hava şəraiti ilə də əsaslandırıb:

“Hava 2-3 gün günəşli olur, temperatur 20 dərəcəyədək yüksəlir, sonra yenidən kəskin aşağı düşür. Bu da birbaşa infeksion xəstəliklərin yaranmasına və yayılmasına şərait yaradır.

Eyni zamanda, bəzi mütəxəssislər proqnoz verir ki, bu il kənd təsərrüfatında məhsuldarlıq yüksək olacaq. Məncə, bu tamamilə yalnış fikirdir. Çünki hazırda Azərbaycanda arıların sayı azalıb, demək olar ki, yox səviyyəsindədir. Kəpənəklərin də sayı kifayət qədər deyil, hansı ki, tozlanmanı səciyyələndirən əsas səbəblərdəndir. Əsən güclü küləklər isə nə varsa hamısını sovurub aparır, demək olar ki, mayalanma prosesi getmir. Bu baxımdan əminliklə deyirəm ki, bu il kənd təsərrüfatı məhsulları istehsalı minimuma enəcək və qiymətlər də qat-qat artacaq.

Bizim ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarımız Rusiyaya aparılır. Bildiyniz kimi, ruslar geni modifikasiya olunmuş (GMO) məhsulları öz bazarlarına buraxmır. Yerli bazarlarımız isə böyük məmnuniyyətlə bu məhsulları Azərbaycan istehlakçılarına təqdim edir. Təmiz məhsul Rusyiyaya daşındıqca biz də öz ərazimizdə GMO məhsullarına rast gələcəyik, onlar da kifayət qədər baha olacaq”.

Bu yay həddindən artıq isti gözlənilir



Ekoloq bildirib ki, qarşıdakı yay fəsli həddindən artıq isti və quraq keçəcək:

“Qışda yağıntı düşmür, temperatur göstəriciləri normadan aşağı olur. Məhz bu səbəbdən də 100 faiz əmin ola bilərsiniz ki, bu yay çox isti və quraqlıqla müşahidə olunacaq”.

Telman Zeynalov iqlim dəyişikliklərinin səbəbi kimi Günəş və Yerin oxunun öz yerini dəyişməsini, həmçinin yaşıllıq zolağının məhv edilməsini göstərib:

“Əksəriyyət bildirir ki, əsas səbəb karbon qazıdır. Mənim fikrimcə, bu tamamilə yalnış fikirdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra heç bir zavod və fabrik işləməyib. Amma müstəqillikdən sonra ölkədə yaşıllıqlar məhv olub. Yaşıllıq rütubət, nəmişlik, yağıntı, yəni təbiətə lazım olan şərait deməkdir. Bizdə isə yaşıllıqlar yox səviyyəsinə çatıb. Ona görə də yayda quraqlıq, qışda sərt soyuqlar müşahidə edilir”.

Prezidentin sərəncamına barmaqarası baxılır

Ekspertin fikrincə, yaşıllığın məhv olmasının səbəbkarı varlılardır:

“Yaşıllıqlar daha çox dağlıq ərazilərdə məhv edilib. Çünki hər yerdə varlılar özləri üçün mülk-imarət tikir, eyni zamanda yeni yollar salınır. Yollar da meşə zolaqlarının məhv edilməsi hesabına tikilir. Başqa cür mümkün də deyil. Paytaxtın özündə hər yerdə yaşıllıqlar məhv edilib, yerində isə iri ticarət mərkəzləri, kafe, barlar, restoranlar, şadlıq sarayları, istirahət kompleksləri inşa edilib.

Hazırda Azərbaycanda sosial-qitisadi siyasət düzgün istiqamətdədir. Lakin bizim insanımız da ən sadə normalara riayət etmir və ya etmək istəmir. Bakıda keçiriləcək   Avropa Oyunları ilə əlaqədar Böyük Şor gölü təmizlənməlidir, çünki dünya ictimaiyyətinin diqqəti ölkəmizdə olacaq. Biz isə təmizləmək əvəzinə təmiz olanı da çirkləndiririk. Bununla bağlı cənab prezidentin, Nazirlər Kabinetinin qərar və sərəncamına barmaqarası baxılır.
Ayrılan pullar düzgün xərclənmir, nəticədə isə hökumət məcbur olub yenidən vəsait ayırır”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir