Modern.az

Baş naziri liftdə güllələyən, prezidenti öldürən “qardaşlar”

Baş naziri liftdə güllələyən, prezidenti öldürən “qardaşlar”

6 İyul 2015, 09:51

2011-ci ilin yanvarında Misirdə başlayan və tarixə “Ərəb baharı” adı ilə düşən kütləvi xalq nümayişlərinin miqyası sonradan yaxın region dövlətlərinə də çatdı.

Düzdür, Qahirənin Təhrir meydanında Məhəmməd Hüsnü Mübarək əleyhinə mitinqlər başlamazdan öncə Tunisdə hakimiyyət çevrilişi olmuşdu və bu hadisə “Ərəb baharı” üçün ilkin stimul idi. Lakin  Misirdəki hadisələr ərəb inqilablarının əsas nüvəsi hesab oluna bilərdi, çünki bu, sonradan öz əhatə dairəsini genişləndirir və hadisələr Liviya, Suriyaya sıçrayırdı...

Misirdə Hüsnü Mübarəkin iqtidardan getməsi  ilə inqilabın nəticəsi kimi ictimai-siyasi formasiyada böyük dəyişikliklər olmasını gözləyənlər isə yanıldı.

Mübarək diktaturasının caynağından xilas olan xalq ağır sosial vəziyyətin düzələcəyinə, ölkədə böyük bir demokratik təsisatların yaranacağına ümidlər bəsləsə də, hadisələrin inkişafı əks məcraya yön aldı.

Necə deyərlər, bu, Misir xalqı üçün “Pirr qələbəsi” idi. Ona görə ki, Mübarəkdən sonra ilk dəfə seçki yolu ilə hakimiyyətə gələn “Müsəlman qardaşları”nın nümayəndəsi Məhəmməd Mursi xalqın etimadının qazana bilmədi və o, hərbi çevriliş nəticəsində hakimiyyətdən devrildi.

Proseslərin sonrakı gedişatı isə bəlli olduğundan “Müsəlman qardaşlar”ın tarixinə nəzər salmaq daha maraqlı olardı.

Modern.az saytı “Müsəlman qardaşlar” təşkilatının yaranması, formalaşması, həyata keçirdiyi terror aktları haqqında yazını təqdim edir.

“Eşidirəm və itaət edirəm”

“Müsəlman qardaşlar” Misirin və Yaxın Şərqin köklü tarixə malik olan qocaman, siyasi-dini ideologiya üzərində qurulan fundamentalist bir təşkilatıdır.

Radikal dini ideyalar, tarixə və hadisələrə şəriət gözü ilə baxış “Müsəlman qardaşlar” hərəkatının əsas prinsipləri sırasında yer alıb.

İslam fundamentalistlərinin bu təşkilatının yaranma tarixi bəzi mənbələrdə 1928, digərlərində isə 1929-cu il göstərilir. Dini əsaslar üzərindəki  təşkilat “Ali mürşid” statusunu daşıyan Həsən Əl-Bannanın liderliyi ilə yaradılıb.

“Qardaşlar” “cihad”, “şəhid” kimi anlayışları əldə bayraq tutaraq həmişə çalışıblar ki, ölkədə şəriət qayda-qanunları ilə idarə olunan bir İslam hakimiyyəti mexanizmi yaratsınlar.

“Müsəlman qardaşlar”ın ilkin təməl qayələri və mahiyyəti bu günkü ən ekstremist “Əl-Qaidə”, “Taliban”, “İslam dövləti” (İŞİD) terrorçu qruplaşmalarının ideya xəttindən fərqlənmirdi.

Təsis olunduğu ilk vaxtlardan sərt ierarxik idarəetməyə malik olan təşkilat  öz proqramını qəbul etməyənlərə qarşı böyük bir dini müharibə elan edir və onları özlərinə itaət etdirməyə çalışırdı.

Kim bura üzv olmaq istəyirdisə, mütləq şəkildə ağır prosedurlardan keçir və ciddi şəkildə sınağa çəkilirdi. Onlar “Quran” dərslərini mükəmməl öyrənməli, hərb işinə dərindən yiyələnməli, İslam hüququnu mənimsəməli, ilkin tibbi yardım göstərmək bacarığına malik şəxslər olmalı idilər. Əks təqdirdə, üzvlük müşkül məsələyə çevrilirdi.

Keçirilən dini, siyasi-hərbi kurslardan sonra özünü “qardaşlığın” tərkibində görmək istyənlər Əl Bannaya, “Quran” və silah üzərində and içirdi.

Belə bir mistik atmosferdə içilən andda üzvlər sadiqliklərini onlara verilən mətnlərlə bu cür ifadə edirdilər: “Allah bizim böyüyümüzdür. Onun rəsulu Məhəmməd peyğəmbər isə ağamızdır, konstitusiyamız “Quran”dır. Silahımız cihaddır...”.

Təşkilat bir növ müasir dövrün mafiya sistemini xatırladır, burada “qardaşlığın” ziddinə hər hansı bir fikir və ya hərəkət real xəyanət kimi dəyərləndirilirdi.

Ən maraqlısı isə odur ki,  həmin dövrdə məhdud texnoloji resurslar şəraitində yeni üzv olmaq istəyənlər haqqında bütün məlumatlar ətraflı şəkildə ən incəliklərinə qədər öyrənilirdi. Hər kəsin zəif nöqtələri, nəyə həssas olduqlarını bilən hərəkat rəhbərliyi onların şəxsi həyatlarını da nəzarətə götürmüşdü.

Rəhbər Əl-Bannaya sözsüz itaət və onun əmrlərini müzakirə olmadan icra etmək təşkilatın nizamnaməsininn13-cü maddəsində bu cür əks olunmuşdu: “Kim Ali Mürşidlə qarşılaşdısa, “eşidirəm və itaət edirəm” deməlidir”.

Əl-Banna özü isə müsəlman dünyasının geridə olduğunu, öz dəyərlərindən uzaqlaşdığını Qərbin təsiri ilə izah edirdi.

“Müsəlman qardaşlar” sərt şəriət qayda-qanunları ilə idarə olunmasına baxmayaraq, qısa zaman içərisində xeyli insanı öz sıralarına cəlb edə bildi. Məlumatlara görə, 1938-ci ildə təşkilata üzv olanların sayı 200 mini nəfəri keçmişdi.

Terror fəaliyyəti -  baş nazirin liftdə güllələnməsi

Müsəlman qardaşlar”ın İkinci Dünya Müharibəsindən sonrakı fəaliyyəti daha amansız, sərt xarakter almaqla konkret silahlı mübarizə müstəvisinə keçdi. Çoxlu sayda silahlı yaraqlı kontingetinə malik olan bu qurum Misir hakimiyyəti üçün böyük bir təhdid hesab olunurdu. Misirdə krallıq rejiminin sonuncu lideri kral Faruk “qardaşlar”ın həyata keçirdiyi lokal tipli terror aktlarını nəzərə alaraq, 1948-ci ilin 8 dekabr tarixində verdiyi fərmanla təşkilatın fəaliyyətini qadağan edir. (Buna qədər isə Misirin baş naziri Əhməd Mahir Paşa ölkənin BMT-yə girməsi üçün səylər göstərkən 1945-ci ilin fevral ayının 24-də təşkilatın ekstermistləri tərəfindən öldürülmüşdü).

Lakin Əl-Banna və onun sadiq tərəfdarlarının buna qarşılıq olaraq həyata keçirdiyi tədbirlər daha sərt olur.

Belə ki, kral Farukun məlum fərmanından sonra, 1948-ci ilin dekabrın 28-də polis geyimində olan təşkilat terrorçularından biri Misirin baş naziri Mahmud Nukraşini liftdə güllələyərək öldürür.

Hadisədən qəzəblənən Misir hakimiyyəti 1949-cu ilin fevralında “Müsəlman qardaşlar”a qarşı əməliyyatlar keçirir və nəticədə Əl-Banna hökumət qüvvələri tərəfindən öldürülür. Tarixi mənbələr Əl-Bannanın öldürülməsini belə nəql edir:

“Həsən Əl-Banna öz avtomobilində əyləşmişdi. Mülki geyimdə olan polis agenti avtomobilə yaxınlaşır və arxadan açdığı atəşlə Əl-Bannanı öldürür”.

Maraqlıdır ki, həmin polisin özünün aqibəti də xoşbəxt sonluqla bitmir və onun özü də tezliklə müəmmalı şəkikdə qətlin qurbanına çevrilir.

Yaraqlıların isə yeni lideri Həsən Əl-Hübeydi seçilir.

“Müsəlman qardaşlar”ın hakimiyyət pillələrinə dəvət edilməsi

1952-ci ilin iyul ayında inqilab nəticəsində kral Farukun hakimiyyətdən devrilməsindən sonra Camal Abdul Nasir iqtidara gəlir. Onun göstərişi ilə “Müsəlman qardaşlar”ın həbsdə olan üzvləri azad edilir və ekstremistlərə üstün imtiyazlar verilməsinə başlamaq üçün hökumət səviyyəsində addımlar atılır.

Nasirin addımları bəlkə də, siyasi manevr daşıyırdı, yoxsa bu qədər baş vermiş mənfi hadisələri bilə-bilə niyə görə “Müsəlman qardaşlar” hakimiyyətdə təmsil olunmağa dəvət edilirdi?

“Müsəlman qardaşlar” isə hökumət qarşısında belə şərt qoyur ki, iqtidar onların  şəriət norma və prinsiplərinin hamısını birmənalı olaraq qəbul etməlidir.  

Lakin prezident Nasir bu şərtləri qəbul etmədikdən sonra “Müsəlman qardaşlar” kral rejimi ilə apardığı mübarizə metodlarını yenidən təkrarlamaq məcburiyyətində qalır. Prezident Nasirə qarşı bir neçə dəfə sui-qəsd təşkil edilsə də, bunlar bir nəticə vermir.

Nasir məcbur olub “Müsəlman qardaşlar”ın üzvlərini həsb etdirir və Ali Mürşid isə ömürlük azadlıqdan məhrum olunur.

Bununla belə, 1970-ci ildə hakimiyyətə gələn Ənvər Sədat 1981-ci ildə Misirdə Qələbə günü qeyd edilərkən rəsmi keçid zamanı qətlə yetirilir.

Heç şübhəsiz ki, onun öldürülməsində də “Müsəlman qardaşlar”ın əli var idi.

Bir neçə hökumət rəsmisinin və xarici ölkə səfirlərinin yaralandığı həmin terror aktının araşdırılması istiqamətində aparılan təhqiqat zamanı məlum olur ki, terrora rəhbərlik edən Misir ordusunun zabiti Xalid Əl-İslambuli “Müsəlman qardaşlar”a sadiq biridir. O, 1982-ci ildə edam edilir.

Böyük təxribatlara imza atan “Müsəlman qardaşlar” hələ Hüsnü Mübarək zamanında ölkənin modern müxalifəti halına gəlməsi isə diqqət çəkir.

Təşkilatın indiki lideri isə hazırda həbsdə olan  Məhəmməd Bədiidir.

Hərəkatın Suriyada, Səudiyyə Ərəbistanında, İraqda, İordaniyada, Yəməndə, Omanda özəkləri var. Bəzi iddialara görə hərəkatın hətta ABŞ və İngilətərədə də tərəfdarları az deyil.



Ortaya maraqlı sual çıxır: Necə olur ki, Qərbin istəyi və ssenarisi ilə Hüsnü Mübarək devriləndən sonra “Müsəlman qardaşlar” hakimiyyətə gəldi? Heç şübhəsiz ki, Mübarəkin hakimiyyətdən getməsini istəyən Qərb özü tarixi kökə malik hərəkatın nümayəndəsinin (Məhəmməd Mursi) prezident olmasında maraqlı idi.

Bəs fundamentalist dini-siyasi təşkilatın iqtidara gəlməsində və elə devrilməsində ABŞ başda olmaqla Qərbin maraqları nədən ibarət idi?

Bütün bunlar başqa mövzunun predmetidir. Görünən is odur ki, ideoloji cizgilərindən asılı olmayaraq Qərb öz nəzarətində olan bütün qüvvələrin hakimiyyətə gəlməsinə can atır, istəkləri isə reallaşmayanda elə öz adamlarını oyundan kənarlaşdırır.


Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü