Modern.az

“Ölüm sevinməsin qoy...” - Jurnalistikada oxumuş Milli Qəhrəman

“Ölüm sevinməsin qoy...” - Jurnalistikada oxumuş Milli Qəhrəman

Aktual

1 Sentyabr 2015, 16:13

Azərbaycanın qəhrəmanlıq tarixində ölümü sevinməyə qoymayan çox böyük şəxsiyyətlər, sərkərdələr, ərlər, ərənlər olub. İllər, qərinələr keçib, amma Vətən Torpaq , El yolunda canlarını fəda edənlər unudulmaz olaraq qalıblar. Qarabağ uğrundakı döyüşlərdə qəhrəmanlıqla həlak olan Kazımağa Kərimov da bu qəbil insanlardan biri idi.

1970- ci il sentyabrın 1- də o zamankı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsinin birinci kursuna ilk dəfə qədəm qoyanda hələ bilmirdik ki, bu auditoriyada məhz sentyabrın 1- də dünyaya gələn bir tələbə yoldaşımız var. Onu da bilmirdik ki, o tarixən igidlər məskəni olan Qubadlıda dünyaya gəlib. Amma sonradan bildik. Bildik ki, o il sentyabrın 1-i onun üçün ikiqat bayram imiş.Həm ad günü , həm də tələbə adını qazandığı ilk gün.Kazımağa bu sevinci necə yaşayırdı? Onu da bilən yox idi. Qəribədir ki, 1975-ci ildə universiteti bitirəndə də hələ çox şeydən bixəbər idik. Hələ bilmirdik ki, bu Kazımağa ilə bizim son görüşümüz olacaq. O zamandan üzü bəri çoxumuz onu bir daha görmədik.

Yağı düşmən torpağımızı yağmalayan o illərdə Vətənin müdafiəsinə qalxan minlərlə könüllünün arasında Kazımağanın da olduğunu qəfil eşitdik.Daha sonra  Meşəlidə gedən döyüşlərdə böyük şücaət göstərməsindən xəbərdar olduq. Elə həmin döyüşlərdə də qəhrəmanıqla həlak olduğunu eşitdik. O döyüşlərdə göstərdiyi rəşadətə görə Kazımağa Azərbaycan Prezidentinin fərmanı ilə  ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü.

Qəribədir ki, düz 5 il bir auditoriyada oturduğumuz tələbə yoldaşımız Kazımağa Kərimovun böyük Vətən sevgisindən, Torpaq məhəbbətindən xəbərsiz olmuşuq. Onu daha çox səbrli, təmkinli bir insan kimi tanımışıq.Yaşıdlarından fərqli olaraq onda qeyri adi bir ciddilik var idi. Başqa sözlə desək sanki bir hərbçi zəhmi var idi onda. Elə boy-buxunu, yerişi, davranışı da  hərbçini xatırladırdı. Dilində qəribə bir ləhcəsi də var idi. Səsi bir az qalın, bir az da xırıltılı idi. Oxuduğumuz 5 il müddətində onun kiməsə səs ucaltdığını görən olmamışdı, kiminsə xətrinə dəydiyini də kimsə görməmişdi.

O illərdə Müasir Azərbaycan dili fənnini bizə Zinyət xanım Əlizadə deyərdi.Dərsə bir qayda olaraq hazır- qayiblə başlayardı. Jurnalda adlarımızı oxuyanda bizimlə kiçik bir zarafat etməyi də xoşlayardı. Kazımağanın adını oxuyanda Kərimov Kazım – ağa deyərdi. Ağa sözünü xüsusilə vurğulayardı. Biz də elə Kazımağanın özü ilə bərabər ehtiyatla qımışardıq. Zinyət müəllimənin də ruhu şad olsun.Onun sözünün qüvvəti Kazımağada doğrudan da adına uyğun bir ağayanalıq vardı.  Qəribədir ki, o zaman Kazımağanın varlığında yaşatdığı mübarizlikdən, cəsarətdən, döyüşgənlik əzmindən xəbərsiz idik. Biz xəbərsiz idik. Amma kim bilir bəlkə də bütün varlığı ilə bağlı olduğu Ana Torpağın onun bu məziyyətlərindən xəbəri var imiş. Bəlkə elə ona görə də onu tez , lap tez qoynuna aldı. O vaxtdan 23 il keçir. Bizim tələbə dünyamızın son günündən isə 40 il. O zaman qarşıdakı illərin min bir müəmmasından bixəbər məzunlar idik. Bu gün isə yaşadığımız həyatın min bir təzadlarının, qəribəliklərinin şahidləriyik. Kazımağa Kərimov isə həm şahid oldu, həm də şəhid.Şəhidlik zirvəsini fəth etdi, ölümü sevindirmədi. Amma elə bir gün gəlsin ki, onun uğrunda can verdiyi Vətən torpağı yağı düşməndan azad olsun. Kazımağanın da ruhu şad olsun!
                                                                        
Zərxanım Əhmədli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır