Modern.az

Xalq artistləri Röyanın hərəkətinə belə QİYMƏT VERDİLƏR

Xalq artistləri Röyanın hərəkətinə belə QİYMƏT VERDİLƏR

Aktual

18 Dekabr 2019, 17:31

Xalq artisti Röya Ayxan Qazax rayonunun Quşçu Ayrım kəndində köməksiz vəziyyətdə qalan şəhid anası Əsmər Cəfərovanın evinin təmir edilməsilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Röya Qazaxa gedərək, həmin qadının evində qonaq olub. Müğənnin bu addımını yüksək qiymətləndirən sənət yoldaşları öz fikirlərini Modern.az-la bölüşüblər.

Xalq artisti Alim Qasımov Röyanı alqışlayıb:

“Allah yolunda kim nə yaxşılıq edirsə, hamısını dəyərləndirirəm. Bu, bir şəhid anasına verilmiş olan ən gözəl dəyərlərdən biridir. Kim nə yaxşılıq edirsə, Allah qəbul etsin”.


Xalq artisti, məşhur gitaraçı Rafiq Hüseynov (Rəmiş) bildirib ki, onun da maddi imkanı geniş olsaydı, belə addım atardı:

“Halal olsun Röyaya ki, bir şəhid anasını sevindirib. O, bu yaxınlarda Xalq artisti adını aldı, sizin sayt vasitəsilə onu ürəkdən təbrik edirəm. Bu cür addımı bəyənməmək olar ki?.. Əlbəttə, təqdirəlayiq addımdır. Mən şəxsən onun xətrini  çox istəyirəm. Həm məlahətli səsi, həm də ki, gözəl ürəyi var. Vallah bu dünyadan insana ancaq  yaxşılıq qalacaq. Gərək yaxşılıq edəsən ki, öləndə də sənə rəhmət oxusunlar. Röyaya sağol deyirəm, Allah övladını saxlasın. Əslində,  çox kövrək insandır. İndi gör şəhid anasının çıxışı onu necə təsirləndiribsə, bu addımı atıb. Mən 2010-cu ildə “Neftçilər” xəstəxanasında müalicə alanda ora da ağlayaraq gəlmişdi. Çox ürəkli qızdır, biz hər birimiz onu çox istəyirik, atdığı addımı da yüksək qiymətləndirəm”.


Xalq artisti Flora Kərimova hesab edir ki, bu addımı düşmən də alqışlamalıdır:


“Yaxşılığı sizcə necə dəyərləndirərlər? Yaxşılığa əlbəttə ki əla qiymət verərlər. Allah Röyanın başından o qədər pul töksün ki, yaxşılıq etdiyi insanların sayı-hesabı olmasın. Yaxşılığın özü artıq bir qiymətdir. Röya zəhmətlə qazandığı pulla yaşlı bir qadının ürəyini sevindirirsə, bundan gözəl nə ola bilər?”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi