Modern.az

Sosioloq Milli Qəhrəmanı təhqir edənə verilən cəzadan danışdı: “Küçə süpürtmək effekt verməyəcək”

Sosioloq Milli Qəhrəmanı təhqir edənə verilən cəzadan danışdı: “Küçə süpürtmək effekt verməyəcək”

Aktual

19 Dekabr 2019, 16:59

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadəyə Xətai rayon Məhkəməsinin qərarına əsasən 400 saatlıq ictimai işlər cəzası verilib. N.Şahmarzadəyə verilən cəzaya görə, o, Xətai rayonu ərazisində küçə süpürəcək. Milli Qəhrəmanı təhqir edənin cəzasının küçə süpürməsi nə dərəcədə doğrudur? Bu süpürgəçiliklə məşğul olanlara bir həqarət deyilmi?

 

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a danışıb.

 

“İlk öncə qeyd edim ki, Nərmin Şahmarzadənin fəaliyyətini düzgün istiqamətləndirməyə daha çox ehtiyac var idi. Bütün aparılan müzakirələri izlədiyimdən bu qənaətə gəlmişəm ki, hər kəs onu Milli Qəhrəmanımızı təhqir etməkdə günahlandırdı. Ancaq bu təhqir təkcə Milli Qəhrəmanımızı təhqir etmək hadisəsi deyil. Bu elə bir məsələ idi ki, ölkədəki mənəvi, psixoloji bir vəziyyəti gərginləşdirməyə də səbəb oldu. Azərbaycanın həssas bir dövründə, xüsusilə də milli mənəvi dəyəri olan Milli Qəhrəmanın təhqir edilməsini, ölkəyə edilmiş bir təhqir kimi  dəyərləndirmək daha doğru olardı. Təəssüf ki, bu istiqamət düzgün bir istiqamət kimi qiymətləndirilmədi”.

 

Sosioloq bu cür cəza üsulunun doğru bir qərar olmadığını söyləyib:

 

“Bu cür cəzanın verilməsi, onsuz da əxlaqsızlıqla məşğul olan qadınlara da verilir. Hökm deyildi ki, ona da bu cür cəza verilsin. Ona mənəvi cəhətdən təsir edən, universitet mühitində, yaxud gənclər arasında ictimai qınağa səbəb olacaq maarifləndirici tədbirlər həyata keçirilməli idi. Yəni bildirmək istəyirəm ki, ona 50 il bundan qabağın metodunu tətbiq etməklə bu cür cəza verilməməli idi. Primitiv metodun verilməsi o qədər də effekt verməyəcək. Get küçələri süpür, yaxud da tutaq ki, beş min pul təzminat ödə, bunlar layiqli cəza növü deyil, keçmiş dövrün üslubudur. Belə cəzaların verilməsi, bu fikirdə olan gənclərin yenidən aktivləşməsinə şərait yaratmış olacaq. Belə bir halın yenidən yaşanmaması üçün cəmiyyətdə sosial-mənəvi texnologiyalar hazırlanmalı və həyata keçirilməlidir. Əgər bunu da bacarmırlarsa, mütəxəssilərlə məsləhətləşsinlər”.

 

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra feysbuk profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi