Modern.az

Təbii yolla müalicə aparılan mərkəzin direktoru: “Onkoloji xəstəliklərlə bağlı müraciətlər olur”

Təbii yolla müalicə aparılan mərkəzin direktoru: “Onkoloji xəstəliklərlə bağlı müraciətlər olur”

Aktual

13 Fevral 2020, 14:41

Xalq təbabəti ilə müalicə üsulu insanların müəyyən ehtiyaclarından yaranıb. Çünki insan daima bitki, heyvan və minerallarla təmasda olduğundan dərman kimi onların təsirini daha çox hiss edir. Ölkəmizdə xalq təbabəti ilə məşğul olan bir çox mərkəzlər fəaliyyət göstərir. Onlardan biri də Xalq Təbabəti Mərkəzidir.

 

Bu mərkəzlərə müraciət edənlər varmı? Xalq Təbabəti Mərkəzinin əsas fəaliyyəti nədən ibarətdir?

 

Məsələ ilə bağlı Mərkəzinin direktoru Vaqif Cəfərov Modern.az-a məlumat verib:

 

“Bura artıq uzun illərdir ki, ağızdan-ağıza keçərək, müxtəlif üsullarla fəaliyyət göstərən bir mərkəzdir. Elə adından da göründüyü kimi biz əsasən təbii yollarla müalicəni əsas götürürük. Bilirsiniz ki, elmi təbabətdən fərqli olaraq, xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə deyil, əsasən praktik şərtlərə əsaslanır. Xalq təbabəti ilə məşğul olanların əksəriyyətinin tibbi savadı olmur. Ancaq bizim mərkəzdə çalışanların hamısının tibbi savadı var. Bu mərkəzin digərlərindən fərqi ondan ibarətdir ki, bizim mərkəzdə xalq təbabəti üsulundan geniş şəkildə istifadə olunur. Yəni bizim xüsusi nəsə deməyə başqa bir sözümüz yoxdur”.

 

Vaqif Cəfərov Xalq Təbabət Mərkəzinin bütün səlahiyyətlərinin TƏBİB-in tərkibinə verildiyini söyləyib:

 

“Gün ərzində bizə çox az sayda pasiyent müraciət edir. Bunun da səbəbi odur ki, həkimlərimizin sayı azdır. Mərkəzimizdə cəmi 7 həkim fəaliyyət göstərir”.  

 

Direktorun sözlərinə görə, Mərkəzə istənilən xəstəliklə bağlı müraciət edənlər olur.

 

“Məsələn, onkoloji xəstəliklərlə bağlı müraciətlər olur, ancaq biz həmin xəstələrə bildiririk ki, bizim sizi müalicə etmək səlahiyyətimiz yoxdur. Çünki biz o cür xəstəliklərlə məşğul olmuruq. Düşünürəm ki, bu qanunla da doğru olmaz ki, biz onkoloji xəstəni müalicə edək. Biz əsasən terapevtik və nevropatoloji xəstələri müalicə edirik. Çox yaxşı da nəticələri olur. Nəticəsi olmasa, həmin xəstələr bizə yenidən müraciət etməz. Müxtəlif cür bitkilərlə müalicələrimizi aparırıq. Bitkilərin də təyin olunması xəstəliklə bağlı olan bir məsələdir”, - deyə Vaqif Cəfərov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi