Modern.az

Elçibəyin qəbrini ailəsinin razılığı olmadan aça bilərlər

Elçibəyin qəbrini ailəsinin razılığı olmadan aça bilərlər

Aktual

22 Oktyabr 2012, 08:41

Hüquqşünas: “Azərbaycan qanunvericiliyi buna icazə verir”

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb. Modern.az saytına hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, istintaq qrupu mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır. 

 “Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbrinin açılması ilə bağlı ilkin müzakirələr aparılıb”-deyə mənbə bildirib.

Əksəriyyət belə düşünür ki, mərhumun qəbrinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır. Yəni Elçibəy ailəsi razılıq verməsə onun məzarı açıala bilməz. Bəs qanunvericilik nə deyir?

Ümumiyyətlə, Azərbaycanda meyitin eksqumasiyası (cəsədin müayinə olunması üçün məzarın açılması) necə yerinə yetirilməlidir? Bununla bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev  Modern.az-a danışıb.

Ə. Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-ci fəslində eksqumasiya məsələsinə aid maddə var:

“Həmin fəsildə 237-ci maddədə meyitin eksqumasiya məsələsi ilə bağlı danışılır. Göstərilir ki, meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün əsaslandırılmış vəsatət qaldırır. Bu vəsatət əsasında prokuror məhkəməyə təqdimatla müraciət etməlidir. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Digər tərəfdən meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər. Yəni qanunvericilikdə meyitin məzardan çıxarılması üçün qohumlardan razılığın alınması ilə bağlı mütləq bir tələb yoxdur. Qanunda əsasən bildirilir ki, əgər zərurət olduqda müstəntiq tərəfindən prokuroğluğa müraciət olunur”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan mentaliteti nəzərə alınaraq, meyitin müayinəsi üçün   eksqumasiyaya yaxın qohumların da razılığı da alına bilər. Amma qanunvericiliyi əsas götürdükdə yaxın qohumların razılığını almaya da bilərlər.

“Qohumlar, yəni ilk növbədə ailə üzvlərindən söhbət gedir. Yaxın qohum deyərkən, onun həyat yoldaşı, övladları, qardaşı nəzərdə tutulur. Amma yenə də əsas həyat yoldaşıdır. Daha sonra isə ata, ana, qardaş bacı”.

Əliməmməd Nuriyev qeyd edib ki, ailənin eksqumasiyaya razı olmaması o demək deyil ki, məsələ öz həllini tapa bilməz.

“Əgər istintaq zərurəti olarsa, bu, məhkəmə qaydası ilə həll olunur. Lakin bu zaman çox ciddi əsaslandırılmış qərar olmalıdır. Meyitin çıxarılması hansı zərurətdəndir, bunu doğuran səbəblər nədən ibarətdir? Bütün bunlar aydınlaşdırılmalıdır”-deyə hüquqşünas bildirib. 

Ə.Nuriyev Elçibəyilə bağlı məsələyə toxanarkən “mən hazırda bilmirəm ki, doğurdan da belə bir zərurət yaranıb, ya yox. Bu baxımdan onu da görürəm ki, ilk gündən qohumların bu məsələyə münasibəti mənfi olub. Onlar heç bir halda eksqumasiya məsələsinə razı olmadıqlarını bildirirlər” deyə əlavə edib.

Eks-prezidentin qardaşı Almurad Əliyevin də ötən həftə Respublika Prokurorluğuna çağırılması da təsadüfi olmayıb. Müstəntiqlər bu məsələdə eks-prezidentin ailəsinin mövqeyi ilə bağlı A.Əliyevlə müzakirə aparıb. 

Almurad Əliyev ötən həftəki dindirmədən sonra Modern.az-a verdiyi açıqlamada müstəntiqlərin onu Elçibəyin ailə məsələləri ilə bağlı sorğu-sual etdiyini bildirmişdi.  

Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.  

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?