Modern.az
Qəzənfər Həmidoğlu Rövnəq Abdullayev Kiçik çillədən çıxa bilmədi, bəs Ramiz Mehdiyev?..

Qəzənfər Həmidoğlu

Rövnəq Abdullayev Kiçik çillədən çıxa bilmədi, bəs Ramiz Mehdiyev?..

Aktual

14 Fevral 2022, 08:42

Azərbaycan milli təcrübə, adət-ənənə və zaman ölçümünə görə xalq təqviminin ən qısa dövr vahidi (vur-tut 20 gün) olan Kiçik çillə ilin ən sərt, ən çətin, ən xətakar dönəmidir.

Bu müddətin (28 yanvar-18 fevral) çiləsi yalnız kəskin soyuqlar, şaxta-çovğunla bağlı deyil, nədənsə bu qısa zaman kəsimində cəmiyyət həyatı qəfildən gərginləşir, sərtləşir və insani münasibətlər bir qədər deqradasiyaya uğrayır. Görünür, individumlar Böyük çillədən vitamin çatışmazlığı ilə çıxırlar ki, bu da Kiçik çillədə ümumi, elliliklə davranışa neqativ təsir göstərir: qəfildən adət-ənənələrimizə, əxlaq meyarlarımıza, tarixi dəyərlərimizə və ümummilli maraqlarımıza qeyri-adekvat, qəribə və əcaib işlər cərəyan edir. Bütün bunlar havaların təsirindəndir...

Dədə-babalarımız bu dövrün naqisliyini, bədəməlliyini bildiyi üçün Kiçik çilləni bayramla yola verməyə çalışıblar. Bu çillə o qədər nadürüstdür ki, gözəl bayramımızın – Xızır Nəbinin ( Xıdır Nəbi, Xızır İlyas, Xıdır İlyas) vaxtı da qarmaqarışıqdır. Bəzi bölgələrimiz bu qədim torpaq və əkinçilik bayramını (“Xıdır” ərəbcə “yaşıl adam” deməkdir) Kiçik çilə girəndə üç gün-üç gecə qeyd edərək “Yaşıl peyğəmbər”ə çağırışlar ediblər. Digər bölgələrimiz isə Kiçik çillənin çıxmasını bayram ediblər ki, bu dəfə də qurtulduq.

Kiçik çillədə əsas məsələ boz aya çıxmaqdır. Bu, asan iş deyil. Məsələn, Rövnəq Abdullayev Kiçik çillədən SOCAR prezidenti kimi çıxa bilmədi. Və yaxud amerikanlar fevralın 16-da Putinin Ukraynaya hücum edəcəyini deyirlər. Yəni, Ukrayna “Pələng ili”nin kiçik çilləsindən yaralı çıxa bilər.

Kiçik çillə başlayandan Ramiz Mehdiyev üçün bu dəfə böyük çilənin startı verilib. Amma adam Akademiyanı tranşeyə çevirib və ordan parlamentə Voroşilov snayperi kimi donuzvuran köhnə tüfənglə atəş açır. Milli Məclisdənsə radikal akademik-partizanı topa-raketə tuturlar. Amma kreativ və effektivdirlər, darıxmağa qoymurlar. Ən başlıcası söyüş folklorumuza töhvələr verir, siyasi vodevil, unudulmuş fars janrını zənginləşdirirlər. Zira “sandığı açıb pambığı tökmək” bizim qədim və dramatik tamaşa növüdür. Odur ki, bəyənir, təqdir edir, alqışlayır və davamını gözləyirik!


Amma dilimizi “atvyorka” (отвёртка) sözündən təmizləmək lazımdır. Məsələn, MM-in vitse-spikeri Adil Əliyev deyir ki, “Qoy Mehdiyev “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin”.

Gül kimi “burğac” sözü dirənir, dilimizə girmək istəmir. Vaxtilə “şotçik” (cчётчик) də dirənirdi, indi sayğac onu az-çox sıxışdıra bilir. Türkiyədə “burğac”a “tornavida” (ital. torno-vite) deyirlər. Yerdə qalan türk xalqları “atvyorka” ilə keçinir. Yalnız qırğızlar istisnadır, onlar bu alətə əvvəldən “buraqıç” deyirlər. Yəni, bur+ aqıç (aç). Azərbaycan türkcəsində “buraç” alınır. İndi Adil müəllim Mehdiyev müəllimə milli və yerli sözümüzlə “buraç Ramiz” desə, akademikin xətrinə elə də dəyməz...

Nəsə çox burcutduq, qayıdaq Kiçik çilləyə. Mehdiyev Kiçik çillədən çıxsa belə, güman ki, boz aydan çıxmaz. Cavanşir Feyziyev isə o boyda hay-küyə, hop-gopa rəğmən Kiçik çillədən çıxacaq. Bizim media yaxşı guruldayır, şimşək kimi çaxır, ildırım kimi göz qamaşdırır, amma sonda yağmır...

Qəzənfər Həmidoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var