Modern.az

Uşaqların cinsi təcavüzü: “Hər 13 kişidən biri…” - 20 il həbs çıxış yoludur?

Uşaqların cinsi təcavüzü: “Hər 13 kişidən biri…” - 20 il həbs çıxış yoludur?

Aktual

1 Noyabr 2022, 13:58

Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq halları ilə bağlı cəzalar sərtləşdirilir. Cinayət Məcəlləsində təklif olunan dəyişikliyə əsasən, uşaqları cinsi istismar edən şəxs valideynlik hüququndan məhrum ediləcək, eyni zamanda 14 yaşına çatmayanlara qarşı seksual zorakılıq edənlər 20 ilədək həbs olunacaq, bundan başqa, iki uşağa qarşı seksual hərəkət edənlər isə 10 il azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

 

Bəs, cəzaların sərtləşdirilməsi uşaqlara qarşı cinayətlərin azalmasına səbəb ola bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan ekspert Aynur Veysəlova bildirib ki, uşaqlara qarşı zorakılıq hallarına görə cəzaların sərtləşdirilməsi gözlənilən idi:

 

“Zorakılıq nəticəsində uşaların sağlamlığına, onların yaşayışına, inkişafına və təhsilinə zərər vururlar. ÜST-ün məlumatına əsasən, yaşı 18-dən yuxarı olan əhalinin 25%-i uşaq yaşlarında zorakılığa məruz qalıb. Hər 5 qadından biri və hər 13 kişidən biri uşaq yaşlarında seksual zorakılığa məruz qalır. Bu bütün dünyada ciddi yanaşılan problemdir”.

 

 

Ekspert vurğulayıb ki, hər bir cinayətə görə məsuliyyətin müəyyən olunması üçün hüquqi əsasın olması vacibdir. Onun fikrincə, uşaqlara münasibətdə onlara qarşı etinadsız və zorakı davranış münasibətləri ilə əlaqədar cəzaların sərtləşdirilməsi mühümdür:

 

"Çünki burada söhbət gələcəyimiz olan uşaqlardan, onların psixikasına edilən təsirdən gedir. Belə uşaqların sağ qalması da sual altındadır. Onlar intihar edə, zorakılıq ölümlə nəticələnə bilər. Buna görə də cəzaların sərtləşdirilməsi qanuna uyğundur və müvafiq qayda da öz əksini tapacaq. Cəzanın sərtləşdirilməsi əsas həll yollarından biridir. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin uşaqların hüquqlarının müdafiəsi sahəsində böyük rolu ola bilər. Düşünməliyik ki, tək bir uşağı yox, gələcək ailələri, nəsilləri müdafiə edirik”.

 

A.Veysəlova deyib ki, dünya ölkələrində aparılan müşahidələrə əsasən uşaqlıqda zorakılığa məruz qalmış şəxslər böyüyəndə həmin hadisələri öz ailələrinə qarşı törədirlər:

 

“Bu da neqativ halların sayının artmasına təsir edir. Bu istiqamətdə birgə hərəkət etmək lazımdır. Uşaqların hüquqla müdafiə olunması gələcək nəslin müdafiəsi deməkdir. Fiziki təsirin müsbət nəticələrini görəcəyik”.

 

 

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə isə hesab edir ki, dəyişdirilməsi nəzərədə tutulan qanunların cəmiyyətdə təqdimatı aparılmalıdır.

 

“Bunu media və vətəndaş cəmiyyəti etməlidir. Şiddətin qarşısının alınması, cinsi zorakılıqların azaldılması ilə bağlı kiminsə ciddi addım atdığını görmürük. Qanunlar sərtləşdirildikdən sonra cinsi zorakılıq, "qoşuldu qaçdı", "zorla nişanlandırıldı" məsələləri hələ də qüvvədə qalacaqsa, cəzanın ağırlaşdırılmasının nəticəsi olmayacaq. Cinayət törədən bunu yenə edəcək, qanunun sərtləşdirilməsindən xəbəri olmayacaq.

 

Cinayət Məcəlləsində dəyişiklik olacaqsa, bu barədə danışmaq, cəmiyyəti məluamtlandırmaq lazımdır. Kənar müdaxilələrin, şahid qismində olanların da cəzalandırılması faktını cəmiyyətə aşılamalıyıq. Cinayət törədən canını hansısa cəzayla qurtarır, onu cəzaya sövq edən qalır kənarda. Qanunların sərtləşdirilməsi ilə bərabər, qanunların icra mexanizmindəki dəyişikliklər nəzərdə saxlanılmalıdır” ,- K.Ağazadə qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi