Modern.az

Türk dövlətlərinin birliyi kimləri NARAHAT EDİR?

Türk dövlətlərinin birliyi kimləri NARAHAT EDİR?

16 Noyabr 2022, 11:06

Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü keçirilib. Ölkə başçılarının iştirak etdiyi tədbir türk dövlətlərinin əvvəlki illərdən fərqli olaraq, bir-biri ilə əməkdaşlıq etməkdə daha maraqlı olduğunu göstərib.

 

Zirvə toplantısında nəinki müxtəlif sahələrdə əməkdaşlıq, hətta üzv dövlətlərin hüdudlarından kənarda baş verən siyasi məsələlərlə bağlı da müzakirələr aparılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə Güney Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşımızın əksəriyyətinin ana dilində təhsil ala bilməməsi problemini və digər mühüm məqamları gündəmə gətirib.

 

"Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur", - deyən dövlət başçısı, həmçinin bildirib ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir:

 

"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb".

 

Prezidentin çıxışında qeyd etdiyi kimi, TDT sadəcə öz daxilində deyil, habelə, region və gələcəkdə dünyada böyük gücə və təsir imkanlarına sahib olmaq potensialına malikdir.

 

Bəs Türk dövlətlərinin birliyindən hansı ölkələr narahatdır?

 

 

Bununla bağlı Modern.az-a danışan politoloq Fikrət Sadıqov hesab edir ki, 200 milyonluq əhalini əhatə edən və geniş coğrafiyaya malik olan Türk dünyası bugünkü müasir dünyada böyük geosiyasi amilə çevrilib.

 

"Yüksək iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat və müasir hərbi imkanlara malik olan türk dövlətləri təbii ki, öz təşkilatları çərçivəsində bir sıra prioritetləri cızır. Bu isə həmin dövlətlərin tam maraqlarına cavab verir. Təsadüfi deyil ki, türk dünyasının inteqrasiyası 2009-cu ildə Naxçıvanda start götürüb, Türk Dövlətləri Təşkilatı məhz Azərbaycanın təşəbbüsü ilə burada yaranıb.

 

Təbii ki, bir sıra aparıcı dövlətləri belə inteqrasiya, birlik qıcıqlandırır. Həmin dövlətlərin içərisində ABŞ, Rusiya, Fransa və digərlərinin adlarını çəkmək olar. Lakin bu bizi narahat etməməlidir. Çünki Türk Dövlətləri Təşkilatı heç bir dövlətə və ya qüvvələrə təhlükə törətmir. Birliyin əsas prioritetləri daha dərin inteqrasiya yolu, dövlətlərin öz maraqlarını qoruması, türk dövlətlərinin milli maraqlarına cavab verən layihələrin həyata keçirilməsidir. Xarici siyasətdə də bu təşkilat uğurlu addımları hədəfləyir. Dünya miqyasında və qlobal hadisələr fonunda belə bir birlik Türk dövlətlərinin tam maraqlarına cavab verir. Hesab edirəm ki, proseslər indiki kimi davam etsə türk dövlətlərinin birliyi gələcəkdə daha sıx olacaq. Türk dövlətlərinin hər biri qloballaşma fonunda öz sözünü deməyə imkan tapacaq", - deyə politoloq şərh edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi