Modern.az

Biz kimsənin deyil, milli maraqlarımızın yanındayıq

Biz kimsənin deyil, milli maraqlarımızın yanındayıq

Aktual

18 Noyabr 2022, 13:10

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının elan olunduğu ilk günlərdən bu layihənin uğur qazanmasında maraqlı olduğunu nümayiş etidirib və cənab Prezidentin də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşündə qeyd etdiyi kimi, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəkləyib, Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak edib.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın bu proqramda iştirakı, ilk növbədə ölkəmizlə Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından hər zaman önəm kəsb edib:

 

“Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edir. Azərbaycanın Ermənistan istisna olmaqla, Şərq Tərəfdaşlığına üzv olan ölkələrlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Ermənistanla münasibətlərin səbəbləri isə aydındır. Bu baxımdan, ölkəmiz üçün prioritet Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməkdən ibarət olub. Digər tərəfdən, Azərbaycan hər zaman milli maraqlarından çıxış edən, məsuliyyətli, öhdəliklərinə sadiq qalan bir dövlət kimi Avropa İttifaqı ilə münasibətlərində də səmimi və bərabərhüquqlu tərəfdaş kimi davranıb”. 

 

Azər Kərimli bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələr arasında öz hədəflərinə nail olan yeganə ölkədir və bu, istisnasız olaraq, milli maraqlar üzərində qurulan praqmatik xarici siyasətimizdən qaynaqlanır:

 

“Avropa İttifaqı ilə ikitərəfli sazişlə bağlı aparılan müzakirələrin zaman aparmasının səbəbi də, məhz ölkəmizin milli maraqları ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan özünə orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilməz. Bu həm də öz imzana, sözünə verdiyin dəyərlə bağlı olan bir yanaşmadır. Azərbaycan qütblərarası manipulyasiyalarla mövcudluqlarını qorumağa çalışanlardan fərqli olaraq, öz sözünün və imzasının sahibidir, ilk növbədə öz maraqlarını müdafiə edir, hansısa məsələdə razılığa gəlirsə,həmin məsələnin tez bir zamanda həyata keçirilməsinə çalışır. Bu baxımdan, ölkəmiz həm də beynəlxalq münasibətlər sistemində öz məsuliyyətli davranışları ilə nümunə olacaq bir ölkədir”.


Millət vəkili ölkəmizin bölgədə davamlı sülhə, əminamanlığa, rifaha nail olmaq üçün prinsipial mövqe sərgilədiyini vurğulayıb:

 

“Yarımçıq sülh, alababat təhlükəsizlik olmur. Tam həllini tapmamış istənilən məsələ irəliyə doğru addımlamağa maneədir. Bu səbəbdən, Ermənistan da Avropa İttifaqı təmsilçiləri ilə sülh barədə danışıb, daha sonra isə ənənəvi manipulyasıraını davam etdirmək siyasətinə son qoymalıdır. Bu siyasətin perspektivinin olmadığını həm Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyi, həm də 44 günlük müharibə sübuta yetirdi. Azərbaycan ərazilərində yaşayan hər kəsin hüquqlarının qorunmasına öz konstitusiyası ilə təminat verir və insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq praktikada da hər hansı fərd, yaxud qrup üçün xüsusi imtiyazlar nəzərdə tutulmayıb. Azərbaycan dövləti öz vətəndaşları ilə ölkə qanunlarının sərhədləri çərçivəsində istənilən məsələləri müzakirə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Amma öz vətəndaşları ilə, Moskvanın göndərdiyi, Rusiya vətəndaşlarından oğurladığı pullarla milyardlara sahiblənmiş, hansısa qaranlıq missiyaya görə, vətəndaşlığından belə asanlıqla imtina edən marianetlərlə yox. Bu aspektdən ölkəmizin mövqeyi aydındır. Biz kimsənin deyil, milli maraqlarımızın yanındayıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi