Modern.az

Dünya çempionu hansı ölkə olacaq? - Azərbaycanlı deputat İranı seçdi

Dünya çempionu hansı ölkə olacaq? - Azərbaycanlı deputat İranı seçdi

21 Noyabr 2022, 16:44

Ötən gün Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

 

Dünyada milyonlarla izləyicisi olan turnir ilk dəfədir ki, Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. Belə ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

 

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə qalib olunacaq. Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

 

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlar hesab olunur.

 

Bəs, azərbaycanlı futbol azarkeşləri hansı komandanı dəstəkləyir və çempion olmasını istəyirlər? 

 

Tanınmış futbol azarkeşləri bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

 

Futbol yarışlarını yaxından izləyən deputat Fazil Musatafa deyib ki, çempionun hansı ölkə olacağını indidən söyləmək çətindir:

 

“Almaniya komandasının şanslarını daha böyük görürəm. Azərbaycan və Türkiyə komandalarının orada olmaması təəssüf doğurur. Azərbaycan komandasının oyun səviyyəsi Dünya Çempionatının finalına qatılacaq qədər yetərli deyil. Bu çempionatda qərara aldım ki, İran millisinə azarkeşlik edim. Bu insanların heç olmasa bir futbol qələbəsi ilə sevinməsi bizim də ürəyimizcədir. Çünki onsuz da hüquqlarından, azadlıqlarından məhrum olunmuş, dini irticanın basqısı altında yaşamaqdan beziblər. Bunların bir epizodiq futbol hadisəsinə sevinmələri yaxşı olardı. Siyasətdə Ermənistana nökərçilik edən İran futbolla daha çox uğur qazanan yeni İrana çevrilə bilər. Siyasətdə olan naşılıq futbolda heç olmasa, uğurla kompensasiya olunmalıdır”.

 

Deputat Ceyhun Məmmədov isə hələlik oyunlara baxa bilmədiyini söyləyib.

 

“İşlərin çoxluğu səbəbindən çempionatı izləyə bilməyəcəm. Buna görə də çempionat barədə fikir bildirməyim mümkün olmaycaq. Bütün komandalara uğurlar arzulayıram, layiq olan qələbə qazansın”.

 

 

Tanınmış idman yazarı, Qol.az saytının baş redaktoru Aydın Bağırov tənqidlərə rəğmən, dünən turnirin açılış mərasiminin maraqlı olduğunu vurğulayıb.

 

“Bunu qarşıdakı bir aylıq turnirin maraqlı keçməsi ilə əlaqələndirə bilərik. Gözləntilərim yüksəkdir. Favori komandalar əsasən Brazilya, Argentina və Fransadır. Fransa komandasında zədələnənlərin sayı artmaqdadır, buna görə də Fransanın şansının azaldığını düşünürəm. İzlədiyim və dəstəklədiyim komandalar Argentina və Portuqaliya olacaq. Argentinanın şansının daha yüksək olduğunu hesab edirəm. Ancaq indidən proqnoz vermək tezdir. Maraqlı oyun keçək, azarkeşlər həyəncanlı görüşlərə şahidlik edəcəklər”.  

 

 

Komanda.az saytının baş redakatoru Rəşad Ergünün fikrincə, Avropa Qətərdəki dünya çempionatına bir az fərqli, qıcıq tonda yanaşır:

 

“Dünya çempionatının ərəb ölkəsində, İslam ölkəsində keçirilməsindən yana avropalıların yanaşmasına, müxtəlif spekulyasiyalara baxmayaraq, kifayət qədər maraqlı turnir olacağını düşünürəm. Dünyaca tanınmış BBC kanalı mundialın açılış mərasimini verməkdənsə, Qətərdə insan haqlarının pozulması, stadionların inşası zamanı əcnəbi işçilərin ölməsini müzakirə etdi. Bəlkə onların mövqeyindən yanaşanda, anlamaq olar. İstənilən halda maraqlı, baxımlı dünya çempionatı izləyəcəyimizə əminəm. Azarkeşlik etdiyim komanda isə Argentinadır. Heyəti Fransa, Braziliya qədər güclü olmasa da, dünya çempionu olmalarını çox istəyirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi