Modern.az

“Caspian Agro 2024” sərgisi çərçivəsində yarışma keçiriləcək

“Caspian Agro 2024” sərgisi çərçivəsində yarışma keçiriləcək

Aktual

7 May 2024, 16:24

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin, “Bilişim Vadisi” Bakı Mərkəzinin birgə təşkilatçılığı və bir sıra inkubasiya və akselerasiya mərkəzlərinin tərəfdaşlığı ilə 15-17 may 2023-cü il tarixində “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” (“Caspian Agro 2024”) çərçivəsində “GreenAgroHack" hakaton yarışması keçiriləcək. 

 

“GreenAgroHack" hakaton yarışması 29 saat 29 dəqiqə 29 saniyə müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması müsabiqəsidir.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə keçiriləcək hakatonun əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaqdır.

 

Yarışma ilə bağlı ölkənin 10-dan artıq ali təhsil müəssisəsində məlumat sessiyası keçirilib. Məlumat sessiyaları zamanı hakatonun şərtləri, iştirak qaydaları barədə ətraflı məlumat verilib və tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.

 

Qeyd edək ki, hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar və ya fərdi şəkildə müraciət etmək olar. Fərdi müraciət edən şəxslər müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qruplaşdırılacaq.

 

Hazırda digər universitetlərdə tələbələrlə görüş davam etdirilir.

 

Aqrar sahədə ixtisaslaşmış bir sıra özəl şirkətlərin sponsorluğu ilə keçirilən yarışın sonunda qalib iştirakçılar üçün dəyərli hədiyyələr və pul mükafatı nəzərdə tutulur.


Hakatonda iştirak üçün qeydiyyat linki: //docs.google.com/forms/d/e/1FAIpQLSfwPTDwGILqJM70EGqNwl7n4LFNZ39pK8XZKWonPIRTx1aeow/viewform

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi