Modern.az

“Quşar meşəbəyliyi”ndə ağaclar kəsilir? - Polis hərəkət keçdi

“Quşar meşəbəyliyi”ndə ağaclar kəsilir? - Polis hərəkət keçdi

Aktual

8 May 2024, 16:30

Qusar rayonunda “Quşar meşəbəyliyi” deyilən ərazidəki ağacların qırılacağı və hektarı üç min manatdan əhaliyə satılması barədə iddialar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

 

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb.

 

"Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - açıqlamada qeyd olunub.

 

Qusar rayon bələdiyyəsinin sədri Əlfəddin İbrahimov isə sözügedən ərazidə torpağın təyinatının dəyişdiyini təsdiqləyib.

 

“Bu məsələ vətəndaşların müraciətləri əsasında həyata keçirilib. Belə ki, bir neçə il əvvəl müharibə iştirakçısı, şəhid ailəsi, qazi ailələri ev tikmələri üçün onlara torpaq sahələrinin ayrılması üçün müraciət etmişdilər.

 

Bu müraciətlərə baxıldı və rayon icra hakimiyyəti əlaqədar təşkilatlara - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanladı. Həmin qurumların razılığı alındıqdan sonra müvafiq sənədlər göndərilib Nazirlər Kabinetinə.

 

Nazirlər Kabineti də həmin razılıq və rəylər əsasında sözügedən “Quşar meşəbəyliyi” adlanan ərazinin təyinatının dəyişdirilməsi ilə bağlı sərəncam verib. Həmin 30 hektar ərazi müqabilində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə başqa, təbii meşələşmiş ərazidən yer verilib.

 

Qeyd edim ki, “Quşar meşəbəyliyi” ərazisi Qusar şəhərinə bitişik ərazidir.

 

Bir daha vurğulamaq istəyirəm ki, bu torpaqların yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulması barədə rəsmi sərəncam verilib. Bundan sonra isə bələdiyyənin mülkiyyətinə verilməsi üçün rəsmi sənəd çıxarılıb.

 

Bu torpaqlar iki il əvvəl ayrılıb. 89 nəfər müharibə iştirakçısına və o cümlədən imkansız ailələrə bu yerlər paylanıb.

 

Bu məsələnin qanunsuz heç bir tərəfi yoxdur, hər şey tam qanunidir və bütün sənədlər qaydasındadır. Həmin ərazidə ümumilikdə 89 nəfərə - müharibə iştirakçısı, 14 şəhid ailəsi, 19 nəfər əlilliyi müəyyən edilən şəxslərə və 44 günlük Vətən müharibəsi iştirakçılarına torpaq paylanıb. Hal-hazırda ərazidə heç bir tikintidən söhbət getmir və heç bir ağac kəsilməsi halı olmayıb”, - deyə bələdiyyə sədri "oxu.az" saytına açıqlamasında qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi