Modern.az

Azərbaycanla Slovakiya arasında münasibətlərin yeni mərhələsi başlayır - Pərvin Kərimzadə

Azərbaycanla Slovakiya arasında münasibətlərin yeni mərhələsi başlayır - Pərvin Kərimzadə

Aktual

9 May 2024, 13:06

“Azərbaycan uğurlu və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət nəticəsində ölkəmiz  müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi qəbul olunur. Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan özünün çoxvektorlu xarici siyasəti ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində yer alması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Bütün bunların fonunda beynəlxalq miqyasda Azərbaycanın dostlarının sayının artması mövcud reallıqların ifadəsidir. Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də ölkəmizə rəsmi səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.


Deputat bildirib ki, ötən illər ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktora çevrilib. Xüsusilə indiki, yeni geostrateji çağırışlar şəraitində milli dövlətlərin regional və qlobal müstəvidəki yeri və rolu həyata keçirilən xarici siyasətin, ümumi regional inkişafa qazandırdığı yeni keyfiyyətlərin və bölgəsəl təhlükəsizlikdə tutduğu mövqenin çəkisi ilə mütənasiblik təşkil etdiyi bir zamanda ölkəmizin tutduğu mövqe bütün dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Praqmatik və strateji, eyni zamanda davamlı və nəticəyə hədəflənmiş siyasət kursu milli maraqları özündə ehtiva etməklə yanaşı, regional müstəvidə yeni situasiyaların formalaşmasını, yeni iqtisadi nizamın daha da güclənməsini və davamlı perspektivlərin yaranmasını təmin etməkdədir - bu kimi nailiyyətlər isə nəticə etibarı ilə ölkəni regional sabitləşdirici faktora çevrir. Təsadüfi deyil ki, bu gün Azərbaycanla əlaqələrini daha da möhkəmləndirməyə çalışan, iqtisadi-siyasi dialoqu strateji tərəfdaşlıq səviyyəsində tənzimləmək istəyən dövlətlərin sayı günü-gündən artır. Bu sırada Mərkəzi və Şərqi Avropa ölkələrinin sayı durmadan artmaqdadır. Əlbəttə ki, burada iqtisadi faktor, xüsusilə enerji əməkdaşlığı faktoru mühüm təsirə malikdir. Bununla yanaşı, siyasi qərarlarda nümayiş olunan qəti və milli maraqlara söykənən mövqenin aydın şəkildə ortaya qoyulması həmin ölkələr üçün cəlbedici amilə çevrilir. Slovakiya ilə əlaqələrin genişlənməsi də bu baxımdan önəmlidir.


Millət vəkilinin sözlərinə görə, Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri zamanı müzakirə olunan məsələlər və imzalanan dövlətlərarası sənədlər    əlaqələrimizdə yeni mərhələnin başlanğıcı deməkdir. Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bizim müştərək yolumuz çox uğurlu olacaq. Səfər zamanı ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə mühüm siyasi sənəddir və Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini də müəyyən edir. İmzalanan sazişlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin olması da xüsusi vurğulanmalıdır. Sözügedən sahələr ölkələrimizin gələcək əməkdaşlığında önəmli yer tutacaq. Dövlətimizin başçısı mətbuata bəyanat zamanı Azərbaycanın enerji siyasəti və bu sahədə Avropa ölkələri ilə əməkdşalığa da diqqət çəkib. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Avropaya qaz təchizatının 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ölkəmizin hədəfində 2027-ci ilin sonuna qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi də dayanır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər.


Pərvin Kərimzadə qeyd edib ki, Slovakiyanın Baş naziri Robert Fitso isə mətbuata bəyanatında Prezident İlham Əliyevin apardığı siyasəti yüksək dəyərləndirib və bildirib ki, Azərbaycan suverenlik baxımından  nümunəvi ölkədir.


“Göründüyü kimi, Azərbaycanla Slovakiya arasında münasibətlərin yeni mərhələsi başlayır. Ağdamın Qərvənd kəndinin Slovakiya şirkətləri tərəfindən qurulmasına dair razılıq dostluğumuzun daha bir nümunəsi olacaq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi