Modern.az

Ermənistan-Azərbaycan müharibəsinə Rusiya ordusu qarışmayacaq - Ekspert

Ermənistan-Azərbaycan müharibəsinə Rusiya ordusu qarışmayacaq - Ekspert

Aktual

25 Dekabr 2014, 10:56

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitinin sonunda üzv ölkələrin rəhbərləri regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, KTMT-nin üzv ölkələri birgə bəyanatla da çıxış ediblər:

“Biz – KTMT üzvü olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacib olduğunu vurğulayaraq qeyd edirik ki, münaqişənin nizamlanması ilə bağlı  ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan işin beynəlxalq prinsiplər və normalar çərçivəsində, BMT Nizamnaməsi, Helsinki Yekun Aktına uyğun başa çatdırılması zəruridir”.

Rusiyalı hərbi ekspert Aleksandr Qoltsun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə KTMT-nin təsir göstərəcək fəaliyyətini gözləmək mənasızdır. Onun fikrincə, Moskvada zaman-zaman belə söz-söhbət yayılır ki, Ermənistan və Azərbaycan diplomatları Rusiyada Qarabağ münaqişəsi ilə bağlı gizli diplomatiya ilə məşğuldurlar və müharibənin yenidən başlaması Moskva üçün faciə deməkdir:

“Aydındır ki, KTMT-nin daxilində münasibətlər kifayət qədər möhkəmdir, əgər razılaşmanın mahiyyətinə nəzər salsaq, onda müharibə başlayacağı təqdirdə Moskva Ermənistanı müdafiə edəcək, əgər Ermənistan ilə Azərbaycanın münasibətlərini nəzərə  alsaq, Rusiya da Azərbaycanla müharibəyə razılaşmaz, yeganə mümkün yol – bütün vasitələrlə hərbi əməliyyatların başlamasının qarşısını almaqdır”.

Moskvadakı Karnegi Fondunun eksperti Aleksey Malaşenko isə Rusiyanın Dağlıq Qarabağda yenidən alovlanacaq hərbi əməliyyatlara Moskvanın heç bir halda qarışmayacağına əmindir. Onun fikrincə, hərbi əməliyyatlar yenidən bərpa olunarsa,  Rusiyanın Ermənistandakı hərbi bazaları, eləcə də KTMT həlledici rol oynamayacaq. O, qəti əmindir ki, Ermənistan və Azərbaycan arasındakı müharibədə Rusiya ordusu iştirak etməyəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!