Modern.az

Məşhur azərbaycanlı professor vəfat edib

Məşhur azərbaycanlı professor vəfat edib

27 Yanvar 2022, 08:48

Dilçi-alim, ingilis dilinin fonetikası fənninin tədrisi sahəsində tanınmış pedaqoq, professor Minirə Gülməmməd qızı Qarayeva 2022-ci il yanvarın 23-də ürək çatışmazlığından dünyasını dəyişib.

Məlumatı Modern.az-a mərhumənin oğlu, Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat xidmətinin rəhbəri, pedaqogika üzrə üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı verib.

M. Qarayeva 1937-ci ildə Qəbələ rayonunda ziyalı ailəsində anadan olub.

1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirib. Tələbə yoldaşları

arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı Ali Təhsil naziri M.Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülüb.

Minirə Qarayeva 1994-cü ilə qədər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləyib.

Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunub. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olub, dərs deyib.

Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür.

İngilis dilinin fonetikasına həsr olunmuş kitabların, əlliyə yaxın məqalə müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunub.

1994-cü ildə Türkiyənin Sivas şəhərindəki

Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunub və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlayıb. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləyib və bu müddətdə də bir çox fəxri adlarla təltif olunub.

Mimirə Qarayeva İngiltərənin Kembric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na layiq görülüb. Eyni zamanda o, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülüb.

Professor Minirə Qarayeva 2013-cü ildə Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti seçilmişdi.
 

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…