Modern.az

Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak edəcək

Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak edəcək

Qarabağ

2 May 2024, 12:50

Ortaq türk mədəniyyətinin qorunması və bərpası məsələləri çox əhəmiyyətlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

 

“Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. İndi isə Qarabağın əvvəlki ruhunun dirçəldilməsi üçün bərpa və yenidənqurma işlərini həyata keçirir. Bizim fondumuz bu proseslərə öz töhfəsini verməyə çox maraqlıdır. Fondumuz Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak etməyə hazırlaşır.

 

Türk Dövlətləri Azərbaycanın azad edilən ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır”,- deyə o bildirib.

 

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

 

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

 

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi