Modern.az

Rusiyasız Avropa yeni nizam axtarışında - TƏHLİL

Rusiyasız Avropa yeni nizam axtarışında - TƏHLİL

7 Oktyabr 2022, 18:12

Ötən gün Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk iclası keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniya rəsmiləri tədbirdə qonaq qismində iştirak ediblər.

 

Modern.az bildirir ki, Avropa Siyasi Birliyi adlı layihənin ideya müəllifi Fransa prezidenti Emmanuel Makrondur. O, iyun ayında keçirilən Avropa İttifaqı Şurasının iclasında bu ideyanı səsləndirib. Avropa İttifaqının daha suveren təşkilata çevrilməsini istədiyini deyən Makron bu istiqamətdə bir çox addımlar atıb.

 

NATO-nun “beyin ölümü” keçirdiyini elan etdikdən bir müddət sonra Makron “Avropa ordusu” ideyasını irəli sürüb. Ancaq Ukraynada başlayan müharibə ilə bu ideya təxirə salınıb.

 

Ukraynadakı müharibə Avropa İttifaqının qonşuları ilə münasibətlərini yenidən formalaşdırmaq zərurəti yaradıb. Təşkilatın şərq və cənubundakı qonşuları ilə əlaqələri dərinləşdirmək üçün nəzərdə tutulan Avropa Qonşuluq Siyasəti adlı format faktiki olaraq uğursuzluğa düçar olub və təşkilatın genişlənməsi prosesi olduqca yavaşlayıb. Hətta proses əksinə gedib və üzv ölkələrin sayı Britaniyanın təşkilatı tərk etməsi ilə azalıb. Təşkilatın sonuncu genişlənməsi 2013-cü ildə olub və Xorvatiyanın üzvlüyündən keçən 9 il ərzində heç bir ölkə Aİ-yə üzv qəbul edilməyib.

 

Bu ilin iyun ayında Ukrayna və Moldovaya namizəd statusu verməklə Aİ liderləri yeni geosiyasi mənzərənin tələb etdiyi qətiyyətli addımı nümayiş etdiriblər. Lakin qərar müəmmalıdır. Çünki bəzi Aİ liderləri üzvlük prosesinin uzun illər çəkə biləcəyini deyiblər.

 

Qeyd edək ki, Avropa İttifaqı daxilində bir çox problemlər mövcuddur. Təşkilatın veto hüququ demək olar ki, işləmir, Avropa Parlamenti həddindən artıq böyüyüb, təşkilatın icraedici qolu parçalanıb. Təşkilat daxilində “demokratik defisit” adlanan problem daha aydın nəzərə çarpır.

 

Avropa liderləri təşkilatın daxili və xarici problemlərini həll etmək üçün işlərə başlayıb. Görünür, Avropa Siyasi Birliyi adlı layihə bu cəhdlərdən biridir.

 

Lakin Avropa Siyasi Birliyinin konkret missiyası müəyyən edilməyib. Layihənin məqsədi təhlükəsizliyin, sabitliyin inkişafı üçün ümumi maraq doğuran məsələlərin həlli ilə bağlı siyasi dialoq və əməkdaşlığı təşviq etməkdir. Avropa liderləri bu görüşlə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni format yaratmaq, enerji siyasəti və infrastruktur kimi ümumi maraq doğuran məsələləri müzakirə etmək niyyətindədir.

 

Dünyaca məşhur “Reuters” agentliyi Praqada keçirilən sammitlə bağlı xəbəri maraqlı, bir o qədər də vacib başlıqla dərc edib: “Avropa klubu Rusiyasız “yeni nizam” qurmaq üçün Praqada toplaşır”. Əslində bu ifadə Avropa İttifaqının baş diplomatı Cozep Borrelin sözləridir.  

 

“Bu görüş Rusiyasız yeni nizam axtarmaq üçündür. Bu o demək deyil ki, biz Rusiyanı əbədi olaraq kənarlaşdırmaq istəyirik, lakin burada Rusiyanın, Putinin Rusiyasının yeri yoxdur”, - deyə o bildirib.

 

Bir çoxları Avropa Siyasi Birliyi ideyasına skeptik yanaşır. Xüsusilə Avropadan “incik düşən” Britaniya layihəyə münasibətdə ehtiyat edir. Sabiq baş nazir Boris Consonun dövründə hökumət rəsmiləri bu ideyaya Avropa İttifaqı, ATƏT, Avropa Şurası (AŞ) və s. kimi yanaşırdılar. Onların düşüncəsində yeni ideya Avropada mövcud olan abreviaturalara daha birini əlavə etmək idi. Ancaq yeni Baş nazir Liz Trass sammitdə iştirak edəcəyini bildirib.

 

Ekspertlər hesab edirlər ki, Avropa Siyasi Birliyi formatı ilə daha yaxşı nəticələr əldə etmək mümkündür.

 

Qeyd edək ki, Zirvə toplantısında Ukrayna müharibəsi ilə yanaşı, bir çox mübahisə doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.  Bu siyahıya Ermənistan və Azərbaycan arasındakı problemlər, Yunanıstan-Türkiyə münaqişəsi, miqrasiya problemi, COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklər və s. daxildir.

 

Eyni zamanda enerji böhranının həlli ilə bağlı müzakirələrin aparılması prioritet olub. Ukraynanın Avropa elektrik şəbəkəsinə qoşulması, Norveçlə təbii qaz sazişlərinin imzalanması və yaşıl hidrogen infrastrukturunun qurulması daha geniş əməkdaşlıq çərçivəsi tələb edir. Format qonşu ölkələrin Avropa layihələrində daha çox iştirakını təşviq edəcək inklüziv əməkdaşlıq üçün yeni çərçivə yarada biləcək unikal imkan təqdim edir.

 

Avropa Siyasi Birliyi, həmçinin mühüm təhlükəsizlik və müdafiə tərəfdaşlıqlarını inkişaf etdirə bilər. Belə ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizlik və müdafiə arxitekturasının zəifliyini üzə çıxardı, bundan əlavə, Avropa ölkələrinin terrorizmlə mübarizə, kibertəhlükəsizlik və rəqəmsal əlaqə sahəsində əməkdaşlığının zəruriliyini gündəmə gətirdi.

 

Eyni zamanda qeyd edək ki, Avropa Siyasi Birliyi ideyası Aİ-nin şişmiş bürokratiyasının da həllinə kömək ola bilər. Bunun üçün bütün ölkələr bərabər əsasda iştirak etməli, eyni hüquq və öhdəliklərə malik olmalıdır. Ancaq Avropa Siyasi Birliyi Avropa İttifaqına üzvlüyün əvəzedicisi yox, sürətləndiricisi rolunda çıxış etməlidir. Avropa liderləri Praqa sammitindən məqsədlər müəyyən etmək və uzunmüddətli planlar hazırlamaq üçün istifadə etməyə çalışmalıdır. Əks halda, dünənki toplantı fotoçəkilişlərdən başqa heç nə ilə yadda qalmayacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir