Modern.az

Fransa mediası müstəmləkəçiliyi "sivilizasiya missiyası" kimi təqdim edib

Fransa mediası müstəmləkəçiliyi "sivilizasiya missiyası" kimi təqdim edib

Media

Bu gün, 09:36

Müstəmləkəçilik dövründə Fransa mətbuatı hakim ideologiyanın yayılmasına xidmət edib, zorakılıq və istismarı gizlədərək müstəmləkəçiliyi "sivilizasiya missiyası" kimi təqdim edib.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda çıxışı zamanı "Fransa Müsəlmanları" xəbər portalının təsisçisi Jan-Mişel Brün deyib.

O bildirib ki, 1830–1880-ci illər arasında Fransa mətbuatı, demək olar ki, istisnasız olaraq, müstəmləkəçiliyi "sivilizasiya missiyası" kimi təqdim edib. Onun sözlərinə görə, qəzetlərdə Fransa inkişaf, tərəqqi və müasirlik gətirən dövlət kimi göstərilir, məktəblər, xəstəxanalar və təhlükəsizlik sistemi ön plana çıxarılır, zorakılıq, istismar, irqçilik və yerli xalqların torpaqlarından məhrum edilməsi isə ya gizlədilir, ya da əhəmiyyətsiz təqdim olunurdu.

Brün qeyd edib ki, Əlcəzair, Antil adaları, Reyunion, Qviana, Yeni Kaledoniya və Taitidə nəşr olunan kolonial mətbuat orqanları həmin əraziləri Fransanın ayrılmaz hissəsi kimi təqdim edir, yerli xalqları isə öz taleyini idarə etmək qabiliyyətindən məhrum cəmiyyətlər kimi göstərirdi. O vurğulayıb ki, onların mədəniyyəti folklor, inancları isə xurafat kimi təqdim olunurdu.

O, son illərdə keçirilən dekolonizasiya konfranslarından birində səsləndirilən "Biz mədəniyyət vasitəsilə müstəmləkəyə çevrildik və yenə də mədəniyyət vasitəsilə müstəmləkəçilikdən azad olduq" fikrini xatırladaraq bildirib ki, mətbuat dekolonizasiya proseslərində həlledici rol oynayıb və bu gün də oynaya bilər.

Brünün sözlərinə görə, Fransa müstəmləkə imperiyası dövründə antikolonialist və həmkarlar ittifaqları ilə bağlı mətbuat orqanları yaranıb, xüsusilə müstəqillik uğrunda mübarizə illərində bu nəşrlər müqavimət platformasına çevrilib. O qeyd edib ki, Əlcəzair mətbuatı 1946-cı ildən etibarən Fransanın müstəmləkə siyasətinə qarşı açıq mövqe sərgiləməyə başlayıb.

Jan-Mişel Brün bildirib ki, bu gün əsas məsələ müasir medianın Fransanın dənizaşırı ərazilərində demokratik dekolonizasiya prosesinə nə dərəcədə töhfə verə bilməsidir. Onun fikrincə, vicdanlı və peşəkar media yerli xalqların tələblərini görünən etməli, referendumlar, muxtariyyət, müstəqillik, sosial bərabərsizlik və müstəmləkəçilik tarixinin yaratdığı kollektiv yaddaş barədə cəmiyyəti məlumatlandırmalıdır.

O əlavə edib ki, media həm ictimai müzakirələri zənginləşdirə, stereotipləri dağıda və tarixi yaddaşı qoruya, həm də əksinə, dekolonizasiya hərəkatlarını təhlükə kimi təqdim edərək qütbləşməni dərinləşdirə bilər. Brün xüsusilə Yeni Kaledoniyada bunun daha aydın müşahidə olunduğunu vurğulayıb.

Çıxışının sonunda o, media sahəsində müstəqil maliyyə dəstəyinin vacibliyini qeyd edərək hökumətləri, sahibkarları, bankları və təşkilatları dekolonizasiya ideyalarını müdafiə edən media qurumlarına investisiya yatırmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlıların idarə etdiyi gəmi VURULDU - 7 nəfər insan... - Xəbəriniz Var?