Son dövrlər ölkənin müxtəlif bölgələrində sahibsiz itlərin insanlara hücumu və it dişləməsi halları qeydə alınır. Belə ki, Quba və Qusarla yanaşı, Biləsuvar, Şəki, eləcə də Bakının bəzi qəsəbələrində də belə hadisələr baş verib.
Bu hallar sahibsiz itlərin sayına nəzarət, onların küçələrdən yığılması, sığınacaqların fəaliyyəti və insanların təhlükəsizliyinin qorunması ilə bağlı görülən işlərin nə dərəcədə yetərli olması məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin 59 saylı Quba seçki dairəsinin deputatı Əlibala Məhərrəmzadə bildirib ki, sahibsiz itlərlə bağlı problemin həlli üçün sığınacaqların yaradılması və heyvanların müvafiq baytarlıq prosedurlarından keçirilməsi vacibdir.
Onun sözlərinə görə, 2024-cü ildə quduzluqla əlaqədar təxminən 1200 nəfərə vaksin vurulub.
“2024-cü ildə quduzluqla əlaqədar 1200-ə yaxın vaksin vurulmuşdu. Bu, il ərzində çoxsaylı insanın it dişləməsinə məruz qalması deməkdir. Bu problem öz-özünə həll olunası məsələ deyil. Çıxış yollarından biri sığınacaqların yaradılmasıdır”.

Deputat qeyd edib ki, sahibsiz itlər sığınacaqlara yerləşdirildikdən sonra onlarla bağlı müvafiq baytarlıq tədbirləri həyata keçirilməlidir:
“Sığınacaqlar yaradıldıqdan sonra küçə itlərinin bir hissəsi həmin yerlərə toplanmalı, quduzluğa qarşı və digər zəruri baytarlıq prosedurlarından keçirilməlidir. Bununla bağlı bütün məsələlərin sistemli şəkildə həlli tapılmalıdır”.
Ə.Məhərrəmzadənin sözlərinə görə, problemin həllini çətinləşdirən səbəblərdən biri də mütəxəssis çatışmazlığıdır:
“Burada bir neçə səbəb var. Onlardan biri mütəxəssis çatışmazlığı, xüsusilə təcrübəli mütəxəssislərin kifayət qədər olmamasıdır. Düşünürəm ki, Qubada bu, böyük problemdir və builki tədbirlər planında mütləq nəzərə alınmalıdır. Prosesin tənzimlənməsi üçün regionun xüsusiyyətlərinə uyğun mexanizm yaradılmalıdır”.
Deputat Qubada sahibsiz itlərin sayının artmasının səbəblərindən biri kimi Bakı və ətraf ərazilərdən tutulan itlərin rayona gətirilib buraxılmasını göstərib:
“Əsas səbəblərdən biri də budur ki, Bakıdan və Bakıətrafı rayonlardan tutulan itlər nədənsə Qubaya gətirilərək buraxılır. Abşeron və Sumqayıtda da eyni mənzərə ilə rastlaşırıq. İtləri tutub Qubaya gətirirlər, çünki Quba yaxın rayonlardan biridir. Bunun nəticəsində rayonda həddindən artıq çox sahibsiz it toplanır”.
Ə.Məhərrəmzadə onu vurğulayıb ki, sahibsiz itlərin sayının bu şəkildə artması insanlar üçün ciddi təhlükə yaradır:
“Qubada çox sayda sahibsiz itin toplanması insanlar üçün kifayət qədər böyük təhlükə və zərər yaradır. Ona görə də bu məsələ sistemli şəkildə həll edilməlidir”.