Modern.az

İranı çalxalayan azərbaycanlı - Xameneinin qohumu, sonuncu baş nazir - FOTOLAR

İranı çalxalayan azərbaycanlı - Xameneinin qohumu, sonuncu baş nazir - FOTOLAR

Reportaj

Bu gün, 08:00

2009-cu ildə İranda keçirilən prezident seçkisindən sonra baş verən kütləvi etirazlar unudulmayıb. Həmin etirazların əsas simasına çevrilən siyasətçi artıq 15 ildən çoxdur ev dustaqlığındadır. Onun rəhbərlik etdiyi “Yaşıl Hərəkat” hakimiyyətin dəyişməsinə nail ola bilməsə də, İranın siyasi tarixində dərin iz buraxdı.

Söhbət İranda İslam Respublikasının qurulmasında iştirak edən, 8 il ölkənin baş naziri işləyən, mərhum ali rəhbər Ayətullah Əli Xamenei ilə qohumluq əlaqəsi olan, sonradan isə hakimiyyətin ən ciddi rəqiblərindən birinə çevrilən Mir Hüseyn Musəvidən gedir.

Modern.az saytı “İranda iz qoyan azərbaycanlılar” rubrikasında növbəti yazını təqdim edir.

Təbriz tacirinin oğlu – gələcək baş nazir

Mir Hüseyn Musəvi 1942-ci il martın 2-də İranın Şərqi Azərbaycan əyalətinin Xamnə şəhərində anadan olub. Onun ailəsi əslən Təbrizdəndir. Atası Mir İsmayıl Musəvi ticarətlə məşğul olub, Təbrizdə çay taciri kimi tanınıb.

Mir Hüseyn uşaqlıq və yeniyetməlik illərini doğulduğu Xamnə şəhərində keçirib. Orta təhsilini başa vurduqdan sonra Tehrana köçüb. Paytaxtda İran Milli Universitetində ali memarlıq təhsili alıb. 1969-cu ildə memarlıq üzrə magistr dərəcəsi əldə edib. Sonralar universitetdə müəllim, daha sonra dosent kimi çalışıb.

Onun həyatında maraqlı məqamlardan biri də incəsənətə bağlılığıdır. Mir Hüseyn Musəvi siyasətçi və memar olmaqla yanaşı, həm də rəssamdır. O, həyat yoldaşı Zəhra Rəhbərvərdlə də məhz incəsənət və tələbə mühiti vasitəsilə tanış olub.

1969-cu ildə evlənən cütlüyün üç qızı dünyaya gəlib.

Mir Hüseyn Musəvi ilə bağlı diqqətçəkən başqa bir məqam isə onun İranın mərhum ali rəhbəri Əli Xamenei ilə qohumluğudur. Müxtəlif mənbələrdə onların uzaq qohum, ikinci dərəcəli əmiuşağı olduğu bildirilir. Sonradan siyasi cəbhələrdə qarşı-qarşıya gələn bu iki şəxs əslində eyni bölgədən və qohum ailə çevrəsindən çıxıb.

Azərbaycanlıdır, bəs özünü azərbaycanlı hesab edirmi?


Mir Hüseyn Musəvinin Azərbaycan mənşəli olması barədə kifayət qədər məlumat var.

Musəvinin fars, ingilis, ərəb və türk dillərini sərbəst bildiyi qeyd edilir.

2009-cu il prezident seçkisi kampaniyası zamanı Təbriz və digər Azərbaycan şəhərlərində keçirilən görüşlərdə Azərbaycan türkcəsində çıxış edib, Azərbaycan şeirləri səsləndirib.

Musəvi 25 may 2009-cu ildə Təbrizin Bağşimal stadionunda 60 mindən çox insan qarşısında özünü “Azərbaycan övladı” adlandırıb.

İLNA agentliyinin həmin çıxışdan yaydığı sitat belədir: “Bura Bakirilərin, böyük qəhrəmanların və Şəhriyarın şəhəridir. Biz buraya bağlıyıq və biz Azərbaycanın övladıyıq. Siz mənim ümidimsiniz və yaşasın Azərbaycan!”

Həmin səfər çərçivəsində Təbriz Universitetində etdiyi çıxışda isə o, azərbaycanlı kimliyini İran dövlətçiliyi ilə əlaqələndirib: “Azərbaycanın taleyi elə İranın taleyi deməkdir... Məhəmməd Xiyabaninin, Səttarxanın və onlar kimi şəxslərin sözlərini oxuyun və görün nə istəyirdilər. Onlar İranı və İranın əzəmətini istəyirdilər”.

Mir Hüseyn Musəvi 2009-cu ildəki seçki kampaniyasında etnik azlıqlara mədəni və dil hüquqları vəd etsə də, Güney Azərbaycan fəalları onun bu addımlarını qeyri-səmimi və mərkəzçi siyasətin davamı kimi qiymətləndirərək məsafəli yanaşıblar. Milli fəallar Musəvinin Azərbaycan türkcəsində danışmasını və özünü “Azərbaycan övladı” adlandırmasını səmimi milli mövqe deyil, sadəcə seçki ərəfəsində səs toplamaq məqsədi daşıyan siyasi manevr hesab ediblər.

İslam Respublikasının qurucularından biridir

Mir Hüseyn Musəvi 1979-cu il İran İslam İnqilabından sonra formalaşan yeni hakimiyyətin daxilində yer almış şəxslərdən biridir.

İnqilabdan əvvəl dini-siyasi çevrələrdə fəaliyyət göstərib, Əli Şəriətinin mühazirələrini dinləyib, onun ideyalarından təsirlənib. Həyat yoldaşı Zəhra Rəhbərvərd də şah rejiminə qarşı mübarizədə iştirak edən ziyalılardan olub.

1979-cu il inqilabından sonra Musəvi İslam Respublika Partiyasına qoşulub və siyasi katib vəzifəsini tutub. Daha sonra İranın xarici işlər naziri vəzifəsinə gətirilib.

1981-ci ildə prezident Məhəmməd Əli Rəcainin öldürülməsindən sonra ölkədə yeni siyasi mərhələ başlayıb. Həmin ilin oktyabrında Əli Xamenei prezident seçilib, Mir Hüseyn Musəvi isə baş nazir vəzifəsinə təyin olunub.

Nəticədə Azərbaycan əsilli siyasətçi İranın ən yüksək icra hakimiyyəti vəzifələrindən birinə yüksəlib.

1981–1989-cu illərdə baş nazir olan Mir Hüseyn Musəvinin fəaliyyəti İran-İraq müharibəsinin ən ağır dövrünə təsadüf edib. Müharibə şəraitində iqtisadiyyatın idarə olunması, ərzaq və əsas məhsulların bölüşdürülməsi, dövlətin iqtisadi nəzarətinin gücləndirilməsi onun hökumətinin əsas vəzifələrindən olub.

Musəvi iqtisadiyyatda dövlətin güclü rolunu müdafiə edən siyasətçilərdən sayılırdı. Müharibə dövründə tətbiq edilən mərkəzləşdirilmiş iqtisadi idarəetmə onun siyasi kimliyinin əsas xüsusiyyətlərindən birinə çevrilmişdi.

1989-cu ildə İran Konstitusiyasına dəyişikliklər edildi, baş nazir vəzifəsi ləğv olundu və icra hakimiyyətinin əsas səlahiyyətləri prezidentdə cəmləşdirildi. Bununla da Mir Hüseyn Musəvi İran siyasi tarixinin sonuncu baş naziri oldu.

Əli Xamenei ilə münasibətləri niyə pozuldu?


Mir Hüseyn Musəvinin siyasi həyatının ən maraqlı tərəflərindən biri də Əli Xamenei ilə münasibətlərinin zamanla dəyişməsidir.

1980-ci illərdə Xamenei prezident, Musəvi isə baş nazir idi. Onlar eyni siyasi sistemin daxilində fəaliyyət göstərsələr də, iqtisadi məsələlərdə və hökumətin səlahiyyətləri ilə bağlı fikir ayrılıqları yaşayırdılar.

Xamenei daha çox bazar iqtisadiyyatına və özəl sektorun roluna üstünlük verən qüvvələrlə yaxın idi. Musəvi isə müharibə şəraitində dövlətin iqtisadiyyata daha geniş müdaxiləsini müdafiə edirdi.

Bu ziddiyyətlər onların münasibətlərində gərginlik yaradırdı. Bununla belə, Musəvinin baş nazirliyi dövründə Xamenei ilə münasibətlərinin tamamilə düşmənçilik səviyyəsinə çatdığını söyləmək düzgün olmaz.

1989-cu ildə Ruhulla Xomeyninin ölümündən sonra Xamenei İranın ali rəhbəri oldu. Musəvi isə həmin ildə baş nazir vəzifəsinin ləğvindən sonra bir müddət siyasətdən kənarda qaldı.

Musəvinin dövründəki qanlı hadisələr

Mir Hüseyn Musəvi baş nazir olduğu vaxt İran tarixinin ən qanlı hadisələrindən biri yaşandı. Belə ki, 1988-ci ilin iyul-sentyabr aylarında İran həbsxanalarında minlərlə siyasi məhbus məhkəməsiz edam edildi. Amnesty International bu qətliamın qurbanlarının sayını ən azı 5 min nəfər qiymətləndirir. Human Rights Watch isə müxtəlif mənbələrə əsaslanaraq 2 800–5 000 nəfər aralığını göstərir.

1988-ci ilin dekabrında Avstriyanın ORF telekanalı ondan siyasi məhbusların edamı barədə soruşanda Musəvi hadisələri açıq şəkildə izah etməkdən yayınmış, dolayısı ilə hakimiyyətin repressiv addımlarını müdafiə edən mövqe sərgiləmişdi.

Amnesty International təşkilatı Musəvinin və hökumətinin hadisələrdən xəbərdar olması ilə bağlı ciddi sübutların mövcud olduğunu bildirir. Bununla belə, onun qətllər barədə nə dərəcədə məlumatlı olduğu və birbaşa qərarvermədə hansı rol oynadığı məlum deyil.

Bu fakt Musəvinin siyasi portretini daha mürəkkəb edir.

Mir Hüseyn Musəvi 1989–1997-ci illərdə prezidentlər Haşimi Rəfsəncaninin, daha sonra isə Məhəmməd Xatəminin müşaviri vəzifəsində çalışdı. Həmçinin İranın Məsləhət Şurasında və Mədəni İnqilab Ali Şurasında təmsil olundu.

2009-cu il seçkisi – hakimiyyətlə açıq qarşıdurma

2009-cu ildə İranda keçirilən prezident seçkisi Mir Hüseyn Musəvinin həyatını tamamilə dəyişdi.

O, 20 illik fasilədən sonra yenidən böyük siyasətə qayıdaraq prezidentliyə namizədliyini irəli sürdü. Əsas rəqibi isə həmin vaxt prezident olan Mahmud Əhmədinejad idi.

Mir Hüseyn Musəvinin seçki kampaniyası xüsusilə gənclər, tələbələr, qadınlar, ziyalılar və şəhər orta təbəqəsi arasında geniş dəstək qazandı. Onun həyat yoldaşı Zəhra Rəhbərvərd də kampaniyada fəal iştirak edirdi. Rəhbərvərd qadın hüquqları və təhsil sahəsindəki fəaliyyəti ilə tanınırdı.

Seçki kampaniyası zamanı Musəvi siyasi və iqtisadi islahatlar, vətəndaş azadlıqlarının genişləndirilməsi, mətbuat üzərindəki məhdudiyyətlərin azaldılması kimi vədlərlə çıxış edirdi.

İyunun 12-də keçirilən seçkidən sonra rəsmi nəticələr elan olundu. Mərkəzi Seçki Komissiyası Mahmud Əhmədinejadın 63 faizdən çox səslə qalib gəldiyini bildirdi. Musəvinin topladığı səslər isə təxminən 13 milyon göstərildi.

Lakin o, məğlub olduğunu qəbul etmədi, seçkidə ciddi saxtakarlığa yol verildiyini bildirdi və nəticələrin ləğvini tələb etdi.

Məsələ yalnız seçki nəticələrinə etirazla bitmədi. Tehranda və digər şəhərlərdə yüz minlərlə insan küçələrə çıxdı. Etirazçılar “Səsim haradadır?” şüarını səsləndirirdilər.

Beləliklə, sonradan “Yaşıl Hərəkat” adlandırılan geniş müxalifət dalğası yarandı. Yaşıl rəng Musəvinin seçki kampaniyasının simvolu idi. Hərəkatın əsas simalarından biri də Musəvinin həyat yoldaşı Zəhra Rəhbərvərd oldu.

Xarici mətbuat etirazların ən yüksək mərhələsində təkcə paytaxt Tehranda 3 milyona qədər insanın küçələrə çıxdığını qeyd edirdi.

Yeri gəlmişkən, İranın hazırkı Prezidenti, etnik azərbaycanlı Məsud Pezeşkian da 2009-cu il seçkilərində əvvəlcə Mir Hüseyn Musəvini dəstəkləmişdi.

Azərbaycanlılara münasibəti – seçki vədləri, yoxsa real mövqe?

Musəvinin Azərbaycan türklərinə münasibəti barədə danışarkən 2009-cu il prezident seçkisi kampaniyasına qayıtmaq lazımdır.

Həmin vaxt o, azərbaycanlıların sıx yaşadığı Təbriz, Urmiya və digər şəhərlərdə böyük dəstək qazanmağa çalışırdı. Kampaniyasında Azərbaycan türkcəsindən istifadə edir, yerli şeirlər səsləndirir, Azərbaycan musiqiçilərinin ifasında seçki mahnıları hazırladırdı.

“Eurasianet” nəşrinin 23 iyun 2009-cu il tarixli araşdırmasında Musəvinin seçki kampaniyası zamanı Azərbaycan dilinin İranın ikinci rəsmi dili elan olunmasını və azərbaycanlıların yaşadığı bölgələrə daha geniş maliyyə muxtariyyəti verilməsini vəd etdiyi bildirilirdi.

Lakin bu vədlər Cənubi Azərbaycandakı fəalların hamısını qane etmirdi. Güney Azərbaycan fəalları Musəviyə ehtiyatla yanaşır, onun əvvəlki siyasi fəaliyyəti dövründə azərbaycanlıların dil və mədəniyyət hüquqları ilə bağlı problemlərə yetərincə diqqət göstərmədiyini düşünürdülər.

Yeri gəlmişkən, Mir Hüseyn Musəvi siyasi fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə bağlı yaddaqalan hər hansı açıqlama verməyib. Onun çıxışları əsasən İranın daxili siyasətinə, islahatlara və Cənubi Azərbaycana yönəlib.

Onun Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, Bakı-Tehran əlaqələri və ya İranın şimal qonşusuna münasibəti ilə bağlı konkret mövqeyini təsdiqləyən məlumatlar yoxdur.

“Yaşıl Hərəkat” niyə qalib gələ bilmədi?


2009-cu ilin iyununda başlayan etirazlar İran İslam Respublikasının 1979-cu ildən sonrakı tarixində hakimiyyətə qarşı ən böyük kütləvi siyasi çağırışlardan biri idi.

Bəs milyonlarla insanın küçələrə çıxdığı, ölkənin müxtəlif şəhərlərində etirazların keçirildiyi bir hərəkat niyə hakimiyyəti dəyişə bilmədi?

Beyənlxalq analitiklər bunun bir neçə əsas səbəbini qeyd ediblər.

Birincisi, hakimiyyətin təhlükəsizlik strukturları vahid mövqedə qaldı.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), yarımhərbi “Bəsic” qüvvələri və digər təhlükəsizlik qurumları etirazların yatırılmasında iştirak etdilər. Etirazçılara qarşı zorakılıq tətbiq olundu, minlərlə insan saxlanıldı, çoxsaylı şəxslər yaralandı və öldürüldü.

İkincisi, hərəkatın təşkilati strukturu zəif idi.

“Yaşıl Hərəkat”ın milyonlarla tərəfdarı olsa da, onun ölkə üzrə vahid idarəetmə və təşkilatlanma sistemi yox idi. Sosial şəbəkələr və internet vasitəsilə böyük kütlələri səfərbər etmək mümkün idi, lakin bu, davamlı siyasi təşkilatlanmanı əvəz etmirdi.

Üçüncüsü, hərəkat bütün sosial təbəqələri eyni səviyyədə əhatə edə bilmədi.

ABŞ-ın Kaliforniya Universitetinin nəşr etdiyi araşdırmada 2009-cu il etirazlarının əsasən Tehran mərkəzli olduğu, hərəkatın əsas dayağını isə şəhər orta təbəqəsinin təşkil etdiyi vurğulanır. Kənd yerləri, kiçik şəhərlər və aşağı gəlirli təbəqələr arasında eyni miqyasda səfərbərlik baş verməmişdi.

Dördüncüsü, liderlərin siyasi strategiyası ilə bağlı problemlər var idi.

Liderlərin hərəkatın məqsədlərini aydın şəkildə müəyyənləşdirə bilməməsi, mövcud siyasi şəraitə uyğun strategiyanın olmaması və effektiv kollektiv fəaliyyət mexanizmlərinin qurulmaması məğlubiyyətin əsas səbəbləri sırasında göstərilir.

2011-ci ilin fevralında Mir Hüseyn Musəvinin və digər müxalifət liderlərinin ev dustaqlığına salınması isə hərəkatın təşkilatlanmasını daha da çətinləşdirdi.

“Yaşıl Hərəkat” hakimiyyəti dəyişə bilmədi, lakin İran cəmiyyətində siyasi dəyişiklik tələbinin uzun müddət gündəmdə qalmasına təsir göstərdi.

15 ildən çoxdur ev dustaqlığında – azadlığa nə vaxt çıxacaq?


2011-ci il fevralın 14-də Mir Hüseyn Musəvi, həyat yoldaşı Zəhra Rəhbərvərd və digər müxalifət lideri Mehdi Kərrubi faktiki olaraq ev dustaqlığına salındılar.

Bu qərarın səbəbi onların 2009-cu il seçkisindən sonra hakimiyyətə qarşı mövqeləri və 2011-ci ildə Yaxın Şərqdə baş verən etirazlara dəstək məqsədilə nümayişlərə çağırış etmələri idi.

Maraqlı məqam budur ki, Musəvi və həyat yoldaşı bu müddətdə məhkəmə qarşısına çıxarılmayıb, barələrində açıq məhkəmə hökmü elan edilməyib. Amnesty International 2014-cü ildə BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi sənəddə onların ittiham və məhkəmə olmadan saxlanılmasını qanunsuz hesab edib.

Musəvinin azadlığa buraxılması məsələsi sonrakı prezidentlərin də gündəliyinə gəlib.

Həsən Ruhani 2013 və 2017-ci illərdəki seçki kampaniyalarında müxalifət liderlərinin ev dustaqlığının aradan qaldırılmasına nail olacağını vəd etmişdi. Lakin bu vəd reallaşmadı.

2025-ci ilin martında digər müxalifət lideri Mehdi Kərrubinin ev dustaqlığına son qoyuldu. Onun oğlu Kərrubinin azadlığa buraxılacağını açıqlayarkən Musəvinin də yaxın aylarda azad ediləcəyinə ümid etdiklərini bildirmişdi. Lakin bu, baş vermədi.

2026-cı il iyunun 5-də Musəvinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Onun müşaviri Ərdəşir Əmir Ərcümənd BBC Persian-a bildirib ki, siyasətçi səhhətində yaranmış ciddi problemlərdən sonra xəstəxanaya aparılıb. Sonradan vəziyyətinin müəyyən qədər yaxşılaşdığı bildirilib.

Musəvinin əvvəl yaşadığı ev 2026-cı il fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində zədələndiyindən o, sonradan başqa yerə köçürülüb.

Onun ev dustaqlığının nə vaxt bitəcəyini söyləmək mümkün deyil. Çünki bu, konkret müddəti olan məhkəmə cəzası deyil, hakimiyyətin siyasi qərarı ilə davam etdirilən məhdudiyyətdir.

Son illər müxtəlif tələblərlə çıxış edən Mir Hüseyn Musəvi hakimiyyətə qarşı mövqeyini daha da sərtləşdirib. O, yeni Konstitusiyanın hazırlanması və bunun üçün azad referendum keçirilməsi təklifi ilə çıxış edib. Eyni zamanda, İranın mövcud siyasi quruluşunun ölkənin bütün vətəndaşlarını təmsil etmədiyini bildirib.

2026-cı ilin yanvarında Musəvi İran hakimiyyətinin etirazlara qarşı sərt müdaxiləsi zamanı yaydığı bəyanatda təhlükəsizlik qüvvələrini silahı yerə qoymağa və hakimiyyətdən çəkilməyə çağırmışdı.

Üç qızı – biri rəssamdır, digərlərinin həyatı isə qapalı qalır


Mir Hüseyn Musəvi ilə Zəhra Rəhbərvərdin üç qızı var: Kövkəb, Zəhra və Nərgiz.

Onların ailə həyatı da valideynlərinin uzunmüddətli ev dustaqlığı səbəbindən diqqət mərkəzində olub.

Qızları dəfələrlə valideynlərinin azadlığa buraxılması üçün müraciətlər ediblər. 2013-cü ildə onların valideynləri ilə görüşməsinə icazə verilib. 2017-ci ildə isə üç bacının ali rəhbər Ayətullah Əli Xameneiyə müraciət ünvanladığı barədə məlumat yayılıb.

Qızlardan Nərgiz Musəvinin fəaliyyəti barədə daha çox məlumat var. O, rəssamdır və 2015, 2017-ci illərdə Tehranda sərgilər təşkil edib.

2016-cı ildə Musəvinin qızlarından birinin toy mərasimi keçirilib. Lakin valideynləri ev dustaqlığında olduqları üçün öz övladlarının toyunda iştirak edə bilməyiblər.

Mir Hüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhbərvərd tanınmış ziyalıdır. O, heykəltəraşlıq və siyasi elmlər üzrə təhsil alıb, Tehran Əl-Zəhra Universitetinin rektoru vəzifəsində çalışıb. 2009-cu il seçki kampaniyasında ərinin ən yaxın siyasi tərəfdaşlarından biri olub.

Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI