Modern.az

Ermənistandan Azərbaycana balıq, içki və metal gətiriləcək 

Ermənistandan Azərbaycana balıq, içki və metal gətiriləcək 

Aktual

Bu gün, 15:00

Azərbaycan və Ermənistan arasında siyasi dialoqun genişlənməsi fonunda iki ölkə arasında qarşılıqlı ticarətin başlanması da gündəmə gəlib. Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsindən sonra indi Ermənistan istehsalı olan malların Azərbaycan bazarına çıxarılması müzakirə olunur.

Modern.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul aldığı barədə məlumatın açıqlanacağını bildirib. Nazir bununla Azərbaycan–Ermənistan ticarətinin qarşılıqlı xarakter alacağını söyləyib. 

Deputat Vüqar Bayramov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə iqtisadi əlaqələrin, xüsusilə qarşılıqlı ticarətin genişləndirilməsi imkanları da müzakirə olunub:

“Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin bərpası, mövcud potensial imkanlar nəzərdən keçirildi. Tərəflər bu istiqamətdə addımların davam etdirilməsini alqışladılar. Bu isə Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin arta biləcəyindən xəbər verir”.

Deputatın sözlərinə görə, iqtisadi əlaqələrin bərpasından sonra iki ölkə arasındakı ticarət dövriyyəsi 18 milyon dolları ötüb. Cari ilin ilk yeddi ayında isə bu göstərici 17,4 milyon dollar təşkil edib.

Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq Azərbaycanla Ermənistan arasında mümkün idxal və ixrac istiqamətlərini araşdırıb. Araşdırmanın nəticələri aidiyyəti qurumlara təqdim olunub:

“Müqayisəli üstünlüklər nəzəriyyəsinə əsasən, hansı məhsulların idxal və ixrac imkanlarının olduğu qiymətləndirilib. Bunun üçün məhsulların qiymətləri müqayisə edilib, nəqliyyat xərcləri də nəzərə alınıb. Potensial ticarət məhsulları arasında sənaye, qida və kimya sənayesi məhsulları var”.

Deputat enerji sahəsində də əməkdaşlıq imkanlarının yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, qarşılıqlı ticarətdə meyvə şirələri və digər qida məhsulları da yer ala bilər. Azərbaycanın Ermənistandan mümkün idxalında isə qida məhsulları ilə xammal xüsusi paya malik ola bilər.

"Balıq, tərəvəz, içkilər və metal məhsulları satılacaq"

REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli saytımıza açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın hökumətlərarası işçi qrupları ticarət əlaqələri ilə bağlı görüşlər keçirib və qarşılıqlı məhsul siyahıları təqdim olunub.

Onun sözlərinə görə, Ermənistan tərəfinin təqdim etdiyi siyahıda kənd təsərrüfatı və balıq məhsulları, spirtli və spirtsiz içkilər üstünlük təşkil edir:

“Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar arasında kənd təsərrüfatı malları, çay və göl balıqları, spirtli və spirtsiz içkilər var. Filiz-mədən məhsulları, dəmir filizi, alüminium və mis də siyahıda üstünlük təşkil edir. Çox güman ki, danışıqlar əsasən bu məhsullar üzərindən aparılacaq”.

İqtisadçı qarşılıqlı ticarətin başlaması üçün yalnız siyasi razılaşmanın kifayət etmədiyini vurğulayıb. Bank köçürmələri, məhsulların sığortalanması, logistika, sertifikatlaşdırma və gömrük prosedurları üçün ayrıca mexanizmlər yaradılmalıdır.

“Hələlik qarşılıqlı vergi və gömrük güzəştlərindən danışmaq tezdir. Bunun üçün dövlətlərarası müqavilələrə ehtiyac var. Sülh müqaviləsi imzalanmalı, diplomatik münasibətlər qurulmalı və səfirliklər açılmalıdır”, – Natiq Cəfərli deyib.

"Ermənistan məhsullarının yerli bazarda satılması qiymətlərə təsir edə bilər"

Natiq Cəfərli Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olmasının gələcəkdə bəzi məhsulların qiymətinə təsir göstərə biləcəyini istisna etməyib.

O qeyd edib ki, Ermənistanda son illərdə tərəvəz, çay və göl balıqları da daxil olmaqla şirin su balıqlarının istehsalı və ixracı artıb. Bu məhsulların Azərbaycan bazarına çıxması təklifi genişləndirə bilər.

Bununla belə, iqtisadçı yaxın gələcəkdə Ermənistan məhsullarının Azərbaycan bazarındakı qiymətlərə nəzərəçarpacaq təsir göstərəcəyini real hesab etmir:

“Bu, mümkündür. Ancaq çox yaxın gələcəkdə belə bir perspektiv hələ görünmür. İlk növbədə ticarət üçün zəruri hüquqi və maliyyə infrastrukturu yaradılmalıdır”.

Beləliklə, mümkün ticarətin ilkin mərhələsində Ermənistandan Azərbaycana əsasən kənd təsərrüfatı və balıq məhsulları, spirtli və spirtsiz içkilər, xammal, dəmir filizi, alüminium və mis gətirilə bilər. Lakin bunun davamlı ticarətə və qiymətlərə təsir edən amilə çevrilməsi siyasi razılaşmalarla yanaşı, bank, sığorta, gömrük və logistika mexanizmlərinin formalaşdırılmasından asılı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...