Məktəblərdə daxili intizam qaydaları və vahid geyim formasının tətbiqi ətrafında müzakirələr təhsil mühitinin sağlamlığının və dünyəvilik prinsiplərinin qorunması baxımından aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Modern.az-a açıqlamasında bildirib ki, məktəblərdə daxili intizam qaydaları və vahid geyim formasının tətbiqi tədris prosesinin normal təşkili, şagirdlər arasında bərabərliyin təmin olunması və sağlam təhsil mühitinin qorunmasına xidmət edir. Lakin bəzi qüvvələrin bu məsələləri siyasiləşdirərək ictimai narazılıq yaratmağa və cəmiyyətdə qarşıdurma formalaşdırmağa çalışması narahatlıq doğurur.

Deputatın sözlərinə görə, bu cür yanaşmalar qanunun aliliyi, dünyəvi təhsil prinsipləri və uşaqların üstün mənafelərinin qorunması ilə uzlaşmır. Məktəb siyasi ambisiyaların həyata keçirildiyi deyil, bilik, tərbiyə və vətəndaş məsuliyyətinin formalaşdığı məkandır. Buna görə də təhsil qaydaları ilə bağlı mübahisələr hüquqi çərçivədə və sağlam ictimai dialoq vasitəsilə həll edilməli, şagirdlər siyasi və ideoloji qarşıdurmaların iştirakçısına çevrilməməlidirlər.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və vahid məktəbli forması ümumi təhsil qaydalarının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun fikrincə, şəxsi dini inanclara hörmətlə yanaşmaqla yanaşı, məktəblərdə müəyyən edilmiş qanuni tələblərə əməl olunmasını təmin etmək mümkündür.
Deputat gənclərin yad təsirlərdən qorunmasında ailə və məktəb əməkdaşlığının gücləndirilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, uşaqlara milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası, vətənpərvərlik, qarşılıqlı hörmət və qanunlara ehtiram aşılanmalı, eyni zamanda onların informasiya savadlılığı və ideoloji manipulyasiyaları ayırd etmək bacarıqları inkişaf etdirilməlidir.
K.Nurullayevanın sözlərinə görə, təhsil qaydalarına hörmət, milli dəyərlərə sədaqət və qanunun aliliyi cəmiyyətin sabitliyi və gələcək nəsillərin təhlükəsizliyi üçün mühüm şərtlərdir.