Modern.az

Qara dənizdə hücuma məruz qalan gəmidə 8 azərbaycanlı olub

Qara dənizdə hücuma məruz qalan gəmidə 8 azərbaycanlı olub

Aktual

Bu gün, 17:00

Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında “CHELSEA-3” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Gəmidə olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında baş verib.

Məlumata görə, 15 nəfərdən ibarət gəmi heyətinin 8 üzvü Azərbaycan vətəndaşı olub. Onların hamısı xilas edilib.

Vətəndaşlarımızdan 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib. Onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib və vəziyyətləri qənaətbəxş qiymətləndirilib.

XİN-dən bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır. Vətəndaşlara zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların Azərbaycana təhlükəsiz qayıdışının təşkili istiqamətində tədbirlər görülür.

Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların aparıldığı və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.

Həmçinin vətəndaşlara belə ərazilərdə və riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında fəaliyyət göstərən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmamağın vacibliyi xatırladılıb.

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!