Modern.az

Uşaqlarımızın beyninin ideoloji işğalına yol verməyəcəyik - Deputat

Uşaqlarımızın beyninin ideoloji işğalına yol verməyəcəyik - Deputat

Aktual

Bu gün, 17:31

Vahid məktəbli forması ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra bir sıra şəxs və qruplar tərəfindən sənəd manipulayasiya edilib. Məsələ dini və siyasi olay kimi təqdim edilib. Hətta bu təxribatlara uşaqlar da alət edilib. Uşaqların aqressiya və zorakılığa təşviq edilməsi, təxribatlara və qanun pozuntularına cəlb olunması, eləcə də dini simvollar və ideoloji təbliğat vasitəsilə onların təsir altına salınması cəmiyyətimiz üçün ciddi təhdiddir. Xüsusilə uşaqların yad dini-ideoloji təsirlərə məruz qalması, onlara milli kimliyə zidd və zərərli ideyaların aşılanması ilə bağlı narahatlıqlar məsələnin təhlükəsizlik və təhsil müstəvisində də müzakirəsini aktuallaşdırır. Belə halların qarşısının alınması, uşaqların sağlam dünyagörüşünün formalaşdırılması və milli kimliyin qorunması istiqamətində dövlətin atmalı olduğu addımlar diqqət mərkəzindədir.

Modern.az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda uşaq hüquqları və onların qorunması ilə bağlı heç bir problem yoxdur:

"Azərbaycan uşaqları Azərbaycan dövlətinin gələcəyidir. Ona görə də onların siyasi-dünyagörüşü, intellektual keyfiyyətləri, dinə münasibəti sağlam əsaslarda formalaşmalıdır. Biz heç vaxt yol verə bilmərik ki, idraki keyfiyyətləri bərkiməmiş, İslam fəlsəfəsini dərk edəcək qədər intellektual ehtiyatları formalaşmamış bir uşağımızı fars şovinizmi din adı altında zəhərləsin və onu öz ideoloji boyunduruğunun altına salsın. Azərbaycan buna yol verməyəcək. İran 30 milyon azərbaycanlının məhz dini hissələrini istismar edərək onların milli hissələrinə, milli hissələrinə çox böyük zərbə vurubdur. Dillərini əlindən alıbdır, milli kimliklərini əlindən alıbdır. İndi isə müstəqil Azərbaycanın sərhədlərindən içəri daxil olaraq bizim gəncliyimizi əlimizdən almağa çalışır, oğurlamağa çalışır".

Deputat qeyd edib ki, bu, ideoloji işğaldır:

"Ona görə də Azərbaycan dövləti buna qarşı qətiyyətli mübarizə aparmalıdır. Heç şübhəsiz ki, dövlətimiz Azərbaycan xalqının dəstəyinə, həmrəyliyinə və gücünə söykənərək  doğru addımları atır. Çünki biz gələcəkdə Əfqanıstan olmaq istəmirik. Biz gələcəkdə bir gecədə 2025-ci ilin dekabr ayının 28-də öz hüquqlarını tələb  33 min vətəndaşını öldürən İran dövləti olmaq istəmirik. Azərbaycan xalqının etirazı bunadır".

H.Babaoğlunun fikrincə, baş verənlər təhlükəsizlik məsələsidir:

"Çünki yeni nəsil əgər öz milli kimliyini unudacaqsa, böyük İslam dininə fars eynəyindən baxacaqsa, bax bu, artıq İslam dini olmayacaq. Gələcəyin tamhüquqlu Azərbaycan vətəndaşı olan uşaq ömür boyu fars şovinizminə xidmət etməyin İslama xidmət etmək olduğunu düşünəcək. Bax, bəla budur. Ona görə də əsla və əsla biz buna yol vermərik. İran uzun illərdir Azərbaycanı ideoloji baxımdan işğal etməyə çalışır. Zaman-zaman qismən buna nail olub".

Parlamentari hazırda İranın Azərbaycanda çox zəif olduğunu deyib:

"Çünki biz çox mürəkkəb mərhələlərdən keçdik. İranın dini kimliyini gördük. İran dindarlığı, fars şovinizmi İrəvanda əcdadımızın tikdiyi Göy məscidi "fars məscidi" edən zehniyyətdir. İran dindarlığı Qarabağda məscidləri, müsəlmanların müqəddəs yerlərini işğal edən, oraları murdarlayan ermənilərlə ittifaq, ermənilərə yardım edən, erməni barbarlığını dəstəkləyən zehniyyətdir. Bax bu, fars şovinizminin İslam anlayışıdır. Qoy bunu hər kəs bilsin və öz övladlarını bu təhlükədən qorusun. Azərbaycan hüquqi dövlətdir və konkret addımlar atır. Hansı vasitələrlə olursa olsun, biz vətəndaşlarımızın, uşaqlarımızın beyninin fars şovinizmi tərəfindən işğal edilməsinə yol verməyəcəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!