Modern.az

Ermənistan anklavları Azərbaycana qaytarır? - Mirzoyandan açıqlama

Ermənistan anklavları Azərbaycana qaytarır? - Mirzoyandan açıqlama

Aktual

Bu gün, 11:12

Ermənistan Azərbaycanla anklavların mübadiləsi ehtimalını istisna etmir. Belə bir razılaşma ərazi dəyişikliyini nəzərdə tutarsa, məsələ ümumxalq səsverməsinə çıxarılacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sputnik Ermənistan”ın sualını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər bu məsələyə konstruktiv yanaşırlar.

“Mən hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm. Ancaq deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisindən nəsə başqa dövlətə verilməli və əvəzində nəsə alınmalıdırsa, yəni ərazi dəyişikliyi baş verəcəksə, bu, ümumxalq səsverməsini nəzərdə tutan məsələdir. Belə də olacaq, bundan yayınmaq mümkün deyil”, – deyə Mirzoyan bildirib.

O qeyd edib ki, anklavların mübadiləsi mümkün həll yollarından biridir, lakin yeganə variant deyil.

“Yəni nəzəri cəhətdən mütənasib ərazilər verilə bilər. Deyə bilərəm ki, qarşı tərəfdə də konstruktiv yanaşma var. Nəticə necə olacaq? Bu, səsverməyə çıxarılacaq”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Azərbaycanla sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasının sülhün təmin olunması baxımından vacib olduğunu bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan müvafiq dəqiq ölçülərə uyğun əraziləri mübadilə etməlidir.

Azərbaycanın hazırda işğal altında 4 esklavı var - Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.

İrəvan isə Azərbaycanın Gədəbəy rayonunun Başkənd yaşayış məntəqəsinə iddia edir, onu "Artsvaşen" adlandırır və Ermənistan ərazisi hesab edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?