Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Moskva və ətrafına yönələn zərbələrin intensivləşməsi, eləcə də Prezident Volodimir Zelenskinin çıxışları diqqət çəkir.
Bir müddət əvvəl, Ukrayna Prezidenti mətbuat konfransında çıxışı zamanı "Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukraynanın bu məsələni özünün həll edəcəyini bildirib. Bununla yanaşı, Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyata və orduya Rusiyanın müharibəni genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirməyi əmr edib.
Modern.az-a açıqlamasında ukraynalı politoloq Stanislav Jelixovski bildirib ki, Ukrayna artıq təhdidlər tam formalaşmadan onların qarşısını almağın lazım olduğunu anlayıb:
“Son günlər Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamaları Belarus istiqamətindən yaxın zamanda genişmiqyaslı hücumun hazırlanması ilə bağlı kəşfiyyat məlumatları ilə birbaşa əlaqələndirməzdim. Hazırda 2022-ci ildəki ssenarinin təkrarlanmasına hazırlıq getdiyini göstərən açıq və ictimai əlamətlər mövcud deyil. Lakin Ukrayna artıq anlayıb ki, təhdidlər tam formalaşmadan onların qarşısını almaq lazımdır. Kiyevin mesajı daha geniş məna daşıyır. Yəni, bundan sonra Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi hər hansı hərbi infrastruktur, komanda-idarəetmə obyektləri, logistika mərkəzləri və ya hücum platformaları yerləşdiyi yerdən asılı olmayaraq legitim hədəfə çevrilə bilər. Bu, ilk növbədə Belarus ərazisinin Rusiyanın müharibə fəaliyyətlərində daha fəal şəkildə istifadə edilməsinin qarşısını almağa yönəlmiş çəkindirici siqnaldır. Hazırkı mərhələdə hesab edirəm ki, Ukraynanın əsas məqsədi yeni cəbhə açmaq deyil, riskləri azaltmaq və Rusiyanın hərbi əməliyyatlarına dəstək verən hər bir tərəf üçün ciddi mesaj verməkdir”.

Politoloq Ukraynanın yaxın vaxtlarda əsas hədəfləri barədə də danışıb:
“Mən hesab edirəm ki, Ukrayna yaxın aylarda genişmiqyaslı ərazi hücumlarından daha çox Rusiyanın hərbi imkanlarını zəiflətməyə yönəlmiş əməliyyatları intensivləşdirəcək. Ən çox diqqət yetiriləcək istiqamətlər uzaqmənzilli zərbələrlə hərbi infrastrukturun vurulması, pilotsuz uçuş aparatlarından istifadə, hava hücumundan müdafiə sistemlərinin zəiflədilməsi, logistika mərkəzlərinin, sursat anbarlarının və cəbhə xəttindən uzaqda yerləşən komanda-idarəetmə obyektlərinin hədəfə alınması olacaq. Ukraynanın strategiyası getdikcə daha çox Rusiyaya əlavə xərclər yaratmağa, onun müharibəni davam etdirmək imkanlarını zəiflətməyə və gələcək mümkün danışıqlar ərəfəsində öz mövqelərini gücləndirməyə yönəlir. Buna görə də qarşıdakı aylarda əsas mübarizə meydanı təkcə cəbhə xətti olmayacaq. Hərbi-sənaye obyektlərinə və logistika infrastrukturuna qarşı orta və uzaq məsafəli pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr, eləcə də kiber əməliyyatlar müharibənin əsas istiqamətlərindən birinə çevrilə bilər”.