Fransada son dövrlər sosial narazılıqların artması, etirazların genişlənməsi və iqtisadi problemlərin dərinləşməsi Prezident Emmanuel Makronun daxili siyasətini yenidən müzakirə mövzusuna çevirib. Pensiya islahatı, əhalinin alıcılıq qabiliyyətinin azalması və dövlət borcunun artması ölkədəki siyasi gərginliyi gücləndirən əsas amillər sırasında göstərilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib ki, Fransada son dövrlər müşahidə olunan gərginlik və genişmiqyaslı etirazlar Makron administrasiyasının uzun illərdir yürütdüyü iqtisadi və siyasi siyasətə qarşı narazılıqların nəticəsidir.
Deputatın sözlərinə görə, Emmanuel Makronun 2017-ci ildə hakimiyyətə gəlməsindən sonra həyata keçirdiyi islahatlar ölkədə sosial qütbləşməni dərinləşdirib:
"Xüsusilə sərvət vergisinin ləğvi və biznes mühitinin liberallaşdırılmasına yönələn addımlar orta və aşağı təbəqələrin maraqlarının nəzərə alınmaması kimi qiymətləndirilib. Fransada “Sarı jiletlilər” hərəkatının meydana çıxması da bu iqtisadi siyasətə qarşı narazılıqla əlaqələndirilir".

O qeyd edib ki, Makron hakimiyyətinə qarşı etirazların əsas səbəblərindən biri də demokratik dialoqun zəifləməsi və idarəetmədə cəmiyyətin rəyinin kifayət qədər nəzərə alınmamasıdır:
"Xüsusilə pensiya yaşının 62-dən 64-ə qaldırılması zamanı Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edilməsi və qanunun parlamentdə səsvermə keçirilmədən qəbul olunması ictimai narazılığı daha da artırıb. İnflyasiya, alıcılıq qabiliyyətinin azalması, enerji böhranı və yaşayış xərclərinin artması da Fransada sosial gərginliyi gücləndirən amillərdəndir. Ölkənin dövlət borcunun artması da iqtisadi vəziyyətlə bağlı narahatlıqları dərinləşdirir. 2026-cı ilin ilk yarısında dövlət borcunun 3,5 trilyon avroya yaxınlaşması və son üç ayda 59,6 milyard avro artması Fransanın maliyyə sabitliyi ilə bağlı suallar yaradır".
Parlamentari vurğulayıb ki, sadalanan amillər Makron hakimiyyətinin ictimai dəstəyinə mənfi təsir göstərə və qarşıdakı seçkilərdə siyasi qüvvələr arasında balansı dəyişə bilər.
Deputatın fikrincə, Fransada müşahidə olunan proseslər təkcə ayrı-ayrı etirazlarla məhdudlaşmır, həm də ölkədəki dərin sosial və siyasi problemləri üzə çıxarır.