Nepalda Trişuli çayında baş verən güclü daşqın zamanı məktəb direktoru Rajendra Davadi yüzlərlə şagirdin həyatını xilas edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqın və torpaq sürüşməsi nəticəsində çayda suyun səviyyəsi qəfil yüksəlib. Fəlakət genişmiqyaslı dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Son məlumatlara görə, 919 nəfər həyatını itirib, 4 700 nəfər isə itkin düşmüş hesab olunur.
Faciənin miqyası məktəbin yerləşdiyi əraziyə də çatıb. Lakin direktor Rajendra Davadinin vaxtında verdiyi qərar daha böyük itkilərin qarşısını alıb.
Davadi daşqın təhlükəsi barədə bir neçə telefon zəngi aldıqdan sonra təcili təxliyə qərarı verib. Vəziyyətin ciddiliyinə məktəbə gələn şagirdlərdən birinin atası da diqqət çəkib. O, qızını məktəbdən aparmaq üçün gəldiyini və daşqın olacağını bildirib. Direktor BBC-yə açıqlamasında valideynlərin ciddi zərurət olmadığı halda uşaqları məktəbdən götürməyə tələsmədiklərini nəzərə aldığını deyib.
Davadinin başqa bir dostundan aldığı telefon zəngi də həlledici olub. Trışuli çayının yuxarı hissəsində yerləşən Betrawati şəhərindən zəng edən dostu ona təhlükənin yaxınlaşdığını bildirib. Direktorun sözlərinə görə, qərarı cəmi 10 dəqiqə gec versəydilər, həm şagirdlər, həm də müəllimlər bu gün hadisə barədə danışa bilməyəcəkdilər.
Təxliyə çox qısa müddətdə həyata keçirilib. Bəzi uşaqlar ayaqqabılarını belə geyinməyə macal tapmadan məktəbi tərk ediblər. Həmin vaxt məktəbdə təxminən 900 şagird olub. Daha 700 şagird isə məktəbə gəlmək üçün yolda olub və ya məktəb avtobuslarında olub.
Davadi avtobus sürücüləri ilə əlaqə saxlayaraq onlara geri qayıtmağı tapşırıb. Beləliklə, məktəbə doğru hərəkət edən digər uşaqların da təhlükəli əraziyə daxil olmasının qarşısı alınıb. Şagirdlər qısa müddətdə daha yüksək əraziyə çıxarılıb. Onların təhlükəsiz yerə çatmasından az sonra isə sel məktəb binasını dağıdıb. Beynəlxalq mediaya görə, məktəbdə həmin gün 1 600-dən çox şagird təhsil alırdı. Onlardan təxminən 900-ü hadisə zamanı məktəbdə idi.
Davadi baş verənləri qiymətləndirərkən qərarının riskli olduğunu bildiyini, lakin təhlükə olmadığı halda bunun sadəcə bir dərs gününün itirilməsi anlamına gələcəyini düşündüyünü deyib.
Onun bu qərarı nəticəsində yüzlərlə uşaq həyatını xilas edə bilib. Hadisədən sonra Rajendra Davadi Nepalda qəhrəman kimi təqdim olunur. Məktəbin özü isə daşqın nəticəsində tamamilə dağılıb.