Qırğızıstanın birinci xanımı Aygül Japarova dörd ölkənin birinci xanımını ölkəsinin mədəniyyəti ilə tanış edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial şəbəkə hesabında məlumat yayıb.
Aygül Japarova ilə birlikdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Çinin birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva Bişkekdə əl işlərinin təqdim olunduğu sərgiyə baxıblar.
Daha sonra birinci xanımlar üçün konsert proqramı təqdim olunub.
“Bacarıqlı əllərlə hazırlanmış hər bir əl işini diqqətlə nəzərdən keçirdik və qırğız mədəniyyətinin estetik zövqünü və sənətkarlığını əks etdirən unikal nümunələrlə tanış olduq.
Proqram uşaqlardan ibarət kollektivlərin ifasında gözəl musiqi nümunələrinin dinlənilməsi ilə davam etdi. Bu gənc ifaçıların qəlbindən süzülən melodiyalar günə xüsusi gözəllik qatdı”, – deyə Əminə Ərdoğan tədbirdən çəkilmiş fotoları paylaşarkən qeyd edib.