Modern.az

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından idi

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından idi

Mədəniyyət

Bu gün, 11:13

"Xalq şairi Nəriman Həsənzadə bütün yaradıcılığı boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, vətənpərvərlik və humanizm ideyalarını tərənnüm edib".

Modern.az xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Sədaqət Hüseynova deyib.

Onun sözlərinə görə, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük söz ustası və tanınmış ictimai xadimi olub.

“Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyu milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının əsas qayəsini vətənpərvərlik və humanizm ideyaları təşkil edirdi. İlk əsərlərindən etibarən oxucuların böyük rəğbətini qazanan şair bu sevgini bənzərsiz sənətkarlığı və insan taleyinə həssas münasibəti ilə qazanıb”, – deyə nazir müavini bildirib.

Sədaqət Hüseynova qeyd edib ki, Nəriman Həsənzadənin şeirləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.

Nazir müavini bildirib ki, Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, uzun illər ölkənin ədəbi, mədəni və ictimai həyatında fəal iştirak edən görkəmli ziyalı kimi tanınıb. Onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.

Sədaqət Hüseynova xatırladıb ki, Nəriman Həsənzadə müxtəlif illərdə “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “İstiqlal”, Heydər Əliyev ordenlərinə, həmçinin digər yüksək dövlət mükafatlarına layiq görülüb. O, 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Çıxışının sonunda nazir müavini Mədəniyyət Nazirliyi adından mərhumun ailəsinə, yaxınlarına və bütün ədəbiyyat-mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

“Allah Nəriman Həsənzadəyə rəhmət eləsin, ruhu şad olsun”, – deyə Sədaqət Hüseynova əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var