İslam fəlsəfəsinin və orta əsr Avropa düşüncəsinin görkəmli nümayəndəsi Əbu əl-Vəlid Məhəmməd ibn Əhməd ibn Rüşd - İbn Rüşd - fəlsəfə, tibb və hüquq elmlərinə mühüm töhfələr vermiş ensiklopedik alimdir.
1126-cı ildə Kordovada anadan olan, 1198-ci ildə Mərakeşdə vəfat edən mütəfəkkir ağıl ilə inanc arasında münasibətləri araşdıran, Aristotel irsinin Avropada yayılmasında mühüm rol oynayan filosof kimi tanınıb.
Avropada Averroes adı ilə məşhurlaşan İbn Rüşdün əhəmiyyəti yalnız Aristotelin əsərlərinə yazdığı şərhlərlə məhdudlaşmır. O, insanın həqiqəti dərk etmək imkanlarını, elmi biliyin mahiyyətini və rasional düşüncənin rolunu araşdıraraq dünya fəlsəfəsinə dəyərli irs qoyub.
Kordovadan dünya fəlsəfəsinə
İbn Rüşd elmi və mədəniyyətin inkişaf etdiyi Əndəlüsdə, nüfuzlu hüquqşünaslar ailəsində yetişib. Fiqh, ilahiyyat, məntiq, tibb və fəlsəfə sahələrində geniş biliklər əldə edib, sonralar hakim və həkim kimi fəaliyyət göstərib.
Onun elmi irsi metafizika, təbiət fəlsəfəsi, əxlaq, siyasət, tibb və İslam hüququnu əhatə edir. Bu çoxşaxəlilik İbn Rüşdün dövrünün aparıcı ensiklopedik alimlərindən biri olduğunu göstərir.
Din və ağıl: həqiqətə aparan yollar
İbn Rüşdün fəlsəfəsinin mərkəzində dinlə fəlsəfənin münasibəti dayanırdı. O, bu iki sahəni qarşı-qarşıya qoymur, düzgün fəlsəfi araşdırma ilə həqiqi dini inanc arasında mahiyyət etibarilə ziddiyyət olmadığını müdafiə edirdi.
Bu mövqe onun “Fəsl əl-Məqal” (“Həlledici traktat”) əsərində aydın ifadə olunur. Filosofun fikrincə, mövcud aləmi, hadisələrin səbəblərini və təbiətin qanunauyğunluqlarını araşdırmaq dini düşüncə ilə ziddiyyət təşkil etmir. Dini mətnin zahiri mənası ilə rasional nəticələr arasında ziddiyyət yarandıqda isə elmi əsaslara söykənən dərin və məcazi şərh mümkün ola bilər.
İbn Rüşdün yanaşması dini inancdan uzaqlaşmaq deyil, həqiqətin dərkində ağılın imkanlarını əsaslandırmaq idi.
O, həmçinin insanların bilikləri qavrama üsullarının fərqləndiyini nəzərə alır, məntiqi sübutları, dialektik mühakimələri və anlaşıqlı izahları müxtəlif idrak yolları kimi qiymətləndirirdi.
Aristotel irsi və Qəzali ilə mübahisə
İbn Rüşd Aristotelin məntiq, metafizika, təbiət fəlsəfəsi və psixologiyaya dair əsərlərinə geniş şərhlər yazıb. Lakin onun fəaliyyəti yalnız Aristotelin fikirlərini izah etməklə məhdudlaşmırdı: o, müxtəlif şərhləri təhlil edir, başqa filosofların mövqelərini tənqid edir və öz fəlsəfi qənaətlərini əsaslandırırdı. Məhz buna görə Avropada ona “Şərhçi” (The Commentator) adı verilmişdi.
Filosofun ən mühüm əsərlərindən biri “Təhafüt ət-Təhafüt” (“Uyğunsuzluğun uyğunsuzluğu”) əsəridir. İbn Rüşd bu kitabda Əbu Həmid əl-Qəzalinin “Filosofların uyğunsuzluğu” əsərindəki tənqidləri təhlil edir, fəlsəfi sübutların imkanlarını müdafiə edirdi.
Onların mübahisəsi sadəcə dinlə fəlsəfənin qarşıdurması deyildi. Əslində, söhbət insan ağlının imkanlarından, dini həqiqətlərin fəlsəfi araşdırılmasından və rasional sübutun sərhədlərindən gedirdi.
Elm, hüquq və tibb
İbn Rüşd təbiət hadisələrinin səbəblərini araşdırmağı elmi biliyin əsas şərtlərindən biri hesab edirdi. Onun yanaşmasına görə, hadisələri anlamaq yalnız onları təsvir etmək deyil, həm də necə və nə üçün baş verdiklərini müəyyənləşdirməkdir.
Hüquq sahəsində “Bidayət əl-Müctəhid və Nihayət əl-Müqtəsid” əsərini yazan alim İslam hüququnun müxtəlif məktəblərinin mövqelərini müqayisəli şəkildə araşdırıb. Tibb sahəsində isə insan orqanizmi, sağlamlıq və xəstəliklər haqqında bilikləri ümumiləşdirən “Külliyyat fi't-tibb” (“Tibbin ümumi prinsipləri”) əsəri ilə tanınıb.
Bu fəaliyyətlər İbn Rüşdün fəlsəfə, hüquq və təbiət elmlərini insanı və dünyanı anlamağın bir-biri ilə əlaqəli istiqamətləri kimi gördüyünü göstərir.
İbn Sina ilə fərqli fəlsəfi yanaşmalar
İbn Sina və İbn Rüşd Aristotel irsinə münasibətlərinə görə fərqlənirdilər. İbn Sina Aristotelin fəlsəfəsindən çıxış edərək özünəməxsus metafizik sistem qurmuşdu. İbn Rüşd isə Aristotelin fikirlərini ilkin məntiqinə uyğun izah etməyə və sonrakı şərhlərdə yaranmış fərqləri müəyyənləşdirməyə çalışırdı.
Bununla belə, hər iki mütəfəkkir İslam fəlsəfəsinin inkişafına mühüm töhfələr verib.
Avropaya təsiri və həyatının son illəri
İbn Rüşdün əsərləri orta əsrlərdə latın və ivrit dillərinə tərcümə olunaraq Avropa universitetlərində geniş yayılıb. Onun şərhləri Tomas Akvinalı kimi xristian filosoflarının da diqqətini cəlb edib. Bu irs Avropada Aristotel fəlsəfəsinin öyrənilməsinə və ağıl ilə dini təlimlər arasındakı münasibətlər barədə müzakirələrin inkişafına təsir göstərib.
Bununla belə, sonrakı Avropada “averroizm” adı ilə tanınan bütün fikirləri birbaşa İbn Rüşdün öz mövqeyi hesab etmək olmaz.
Filosofun həyatı mübahisələrdən də xali olmayıb. 1195-ci ildə siyasi və dini şəraitin təsiri altında hakim dairələrin dəstəyini itirərək sürgünə göndərilib, bəzi əsərlərinə qarşı məhdudiyyətlər tətbiq olunub. Hadisələrin səbəbləri tam aydın olmasa da, bu dövr onun həyatının ən çətin mərhələlərindən biri sayılır. İbn Rüşd 1198-ci ildə Mərakeşdə vəfat edib. Ölümündən sonra isə əsərləri Avropanın intellektual həyatında böyük nüfuz qazanıb.
Onun intellektual dünyasını anlamaq baxımından İbn Ərəbi ilə görüşü də maraq doğurur. İbn Ərəbinin xatirələrində yer alan bu görüş iki mütəfəkkirin fərqli idrak istiqamətlərini — rasional təhlil və mənəvi təcrübəni — müqayisə etmək imkanı yaradır. Lakin onların düşüncəsini sadəcə ağıl və mistikanın qarşıdurması kimi təqdim etmək düzgün olmaz.
İbn Rüşdün irsi müasir dövrdə
İbn Rüşdün fəlsəfəsi bu gün də ağıl, inanc və elmi bilik arasındakı münasibətlər barədə düşünməyə sövq edir. Onun irsindən çıxan əsas nəticələr bunlardır: həqiqəti anlamaq üçün araşdırmaq, fikirləri dəlillərlə əsaslandırmaq və hadisələrin səbəblərini öyrənmək vacibdir.
İbn Rüşdün böyüklüyü yalnız müxtəlif elm sahələrindəki biliyində deyil, insanın həmin biliyə necə və hansı əsaslarla çatması məsələsinə verdiyi əhəmiyyətdədir.
Onun fəlsəfi irsi Şərqin zəngin elmi ənənəsi ilə Avropanın intellektual inkişafı arasında körpü yaratmaqla yanaşı, insan ağlının imkanları və həqiqət axtarışının prinsipləri haqqında dünya düşüncəsinə mühüm suallar miras qoyub.
İbn Rüşdün ən məşhur 10 fikri
“Həqiqət həqiqətə zidd ola bilməz”
“Fəlsəfə ilə məşğul olmaq dinə zidd deyil”
“Ağıl həqiqəti dərk etməyin vasitəsidir”
“Səbəbləri bilmək hadisələri həqiqətən dərk etməkdir”
“Elm və fəlsəfə insanı həqiqətə yaxınlaşdırır”
“İnsan təbiətini və dünyanı anlamaq üçün müşahidə və düşüncəyə ehtiyac duyur”
“Bilik insanın kamilləşməsinə, düşüncə isə həqiqətin dərk olunmasına aparan yoldur”
“İnsanın kamilliyi bilik və düşüncə ilə bağlıdır”
“Ədalətli cəmiyyət ağıl və düzgün idarəetmə üzərində qurulmalıdır”
“Həqiqəti axtarmaq insanın vəzifəsidir”
P.S. İmam Qəzali, İbn Sina və İbn Rüşd kimi böyük mütəfəkkirlərin bəşəriyyətə miras qoyduğu ən böyük dəyər insanlığı əsrlər boyu düşünməyə və həqiqəti axtarmağa sövq edən intellektual irsləridir.
Səadət Hakıyeva