Tanınmış jurnalist Eynulla Fətullayev bir müddət öncəyədək rəhbərlik etdiyi Haqqın.az saytı ilə yollarını ayırdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.
Jurnalist qısa açıqlamasında Haqqin.az-ı satdığını təsdiqləyib.
"Haqqin.az MMC-ni - bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəm”, - deyə o qeyd edib.
Jurnalistin sözlərinə görə, o, Haqqin.az MMC-ni politoloq Adəm Bakuviyə notariat qaydada satıb.
Eynulla Fətullayev Azərbaycanı tərk edərək Türkiyənin İstanbul şəhərinə köçdüyünü qeyd edib: "Gələcək planlarıma gəldikdə isə hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm".
"Amma dünyada, regionda cərəyan edən hadisələri, maraqlı məlumatları sosial şəbəkələrdəki səhifələrimdə paylaşacam. Jurnalistikaya dönəcəmmi? Dünyanın işlərini heç bilmək olmaz!", - sonda o əlavə edib.