Modern.az

“Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid

“Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid

Media

Bu gün, 12:05

Jurnalistlərin ötən həftə keçirilən qurultayında Əməkdar jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Mətbuat Şurasının sədri vəzifəsindən gedib. O, sədrlikdən ayrılsa da, jurnalistikanın və media ictimaiyyətinin fəal nümayəndəsi olaraq qalır. Bəs Rəşad Məcidin Mətbuat Şurasından sonrakı fəaliyyəti necə olacaq?

O, bundan sonrakı planları barədə Modern.az-a danışarkən deyib ki, diqqətini hazırda çalışdığı Azərbaycan Yazıçılar Birliyindəki katiblik və “525-ci qəzet”in baş redaktoru vəzifələrinə yönəldəcək.

“Mətbuat Şurasına yenilik lazım idi. Ona görə də, İdarə Heyətinin 13 üzvü razılaşdıq, yenidən namizədliklərimizi vermədik və gənclərə yol açdıq. Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu mənim müavinim olaraq fəaliyyət göstərib. Onun seçilməsi çox xoş oldu. Vüqar müəllimə fəaliyyətində uğurlar arzu edirəm.

Elə bu gün Vüqar Zifəroğlunu kollektivə təqdim edəcəyəm. İdarə Heyətinin üzvləri, o cümlədən mən yeni sədrə necə lazımdırsa, kömək edəcəyik”.

Rəşad Məcid qeyd edib ki, jurnalistika yeni dövrə qədəm qoyub, elə bu səbəbdən də gənclərin mətbuatda önə çıxması daha xoşdur.

“Yeni mediada jurnalist adından hədsiz çıxış edənlər çoxdur. Elə bu səbəbdən də Mətbuat Şurasındakı 4 illik fəaliyyətim mənim üçün çətin dövr oldu. Çünki jurnalistlərin həddən artıq çox istək və arzuları olurdu. Jurnalistlərin işlə, hətta bəzən evlə də bağlı xahişləri olurdu. Mən də onlara izah edirdim ki, bu, ictimai təşkilatdır, elə bir gücü yoxdur. Hesab edirəm ki, Mətbuat Şurasının səlahiyyəti, fəaliyyət dairəsi məhdudlaşdırılıb.

Mən fəaliyyətim dövründə jurnalistikada əməyi olan insanları qiymətləndirib, yubileylərini keçirib, müəyyən diplomlar verərək onların razı qalmaları üçün çalışdım və əlimdən gələni etdim.

İndi də arzulayıram ki, Azərbaycan jurnalistikasında rolu olan peşəkar jurnalistlərimizin xidmətləri unudulmasın, onlara hörmət və ehtiramla yanaşılsın. Mən hər halda bu cür çalışmışam və arzulayıram ki, bundan sonra da belə olsun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?