Modern.az

Hesablama Palatası 8 ölkənin nümayəndəsini Bakıya toplayıb

Hesablama Palatası 8 ölkənin nümayəndəsini Bakıya toplayıb

Aktual

23 İyun 2016, 13:48

İyunun 23-24-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilir.


Modern.az xəbər verir ki, toplantıda  Belarus, Qırğızıstan, Çin, Latviya, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya və  Zambiya Ali Audit Qurumlarının  nümayəndələri  iştirak edirlər.

INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupu Rusiya Federasiyası Hesablama Palatası və ABŞ Cavabdehlik Ofisinin birgə təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüs INTOSAI-ın 2013-cü ildə Çində keçirilmiş XXI Konqresində və İdarə Heyətinin 64-cü toplantısında bütün üzv Ali Audit Qurumlar tərəfindən dəstəklənərək qəbul edilib.
Xüsusi Qrupa Rusiya Federasiyası Hesablama Palatası sədrlik edir.

Azərbaycan Respublikası Hesablama Palatası ilə birlikdə 12 ölkənin Ali Audit Qurumu İşçi Qrupunun üzvüdür.

 INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupunun ilk toplantısı 25 iyun 2014-cü il tarixində, ikinci toplantısı 24-25 iyun 2015-ci il tarixində Moskva şəhərində keçirilib. Xüsusi Qrupun 2014-cü ildə keçirilmiş ilk toplantısında onun 2014-2016-cı illər üzrə İşçi Planı qəbul edilib.

Xüsusi Qrupun əsas strateji məqsədi satınalma müqavilələrinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsində Ali Audit Qurumlarına köməklik göstərmək, o cümlədən satınalma müqavilələrinin auditi ilə bağlı ümumi qəbul edilmiş yanaşma və prosedurların təkmilləşdirilməsi və bu sahə üzrə beynəlxalq təcrübənin və metodologiyanın öyrənilməsi, beynəlxalq standartların və qaydaların hazırlanıb.

Qeyd etmək lazımdır ki,  ki, satınalma prosedurlarına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə satınalma sahəsini tənzimləyən qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdəki boşluqların və ziddiyyətlərin aradan qaldırılması üçün son illər ərzində Hesablama Palatası tərəfindən Hökumətə və  Milli Məclisə mütəmadi olaraq  tövsiyələr təqdim edilir.

Bununla yanaşı, satınalmalar sahəsində fəaliyyətinin mühüm bir istiqaməti kimi  beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlıq  çərçivəsində Dünya Bankı ilə əldə edilmiş qarşılıqlı razılığa əsasən, Palatanın və Dünya Bankının əməkdaşları Bankın ölkəmizdə həyata keçirdiyi kredit layihələrinin satınalmaları üzrə birgə nəzarət tədbiri  həyata keçirib və  Palatanın əməkdaşları üç istiqamət üzrə Dünya Bankının müvafiq sertifikatlarını  alıblar.


 Xüsusi Qrupun Rusiya Federasiyasında keçirilmiş Azərbaycan Respublikası Hesablama Palatası nümayəndələrinin də iştirak etdiyi sonuncu toplantısında növbəti, 3-cü toplantının Bakıda keçirilməsi qərara alınıb.


8 ölkədən 14 nümayəndənin iştirak etdiyi Toplantını Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açaraq, Azərbaycan  Hesablama Palatasının INTOSAI-ın Dövlət Satınalmaları müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısına ev sahibliyi etməkdən çox  məmnun olduğunu  bildirib.


 Toplantı Rusiya Federasiyası Hesablama Palatasının  şöbə müdiri Natalya Boçarova  tərəfindən Xüsusi Qrupun 2014-cü ildə  Rusiya Federasiyasında keçirilmiş  II  Toplantısından ötən dövrdə fəaliyyətinə dair hesabatının təqdimatı ilə davam edib.

Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı Yaşar Əzizovun   “Dövlət satınalmaları: Hesablama Palatasının rolu və əhəmiyyəti” mövzusunda təqdimatı  dinlənilib.


Portuqaliya və Zambiya Ali  Audit Qurumlarının nümayəndələrinin Xüsusi Qrupun üzv ölkələrində satınalma müqavilələrinin auditi ilə əlaqədar pilot layihələrə dair hesabatları dinlənilmiş, pilot layihələrin nəticələri və dövlət satınalma müqavilələrinin auditi sahəsində beynəlxalq təşəbbüslər və qabaqcıl təcrübələrə dair monitorinqin nəticələri müzakirə edilib.

Toplantının gedişində Xüsusi Qrupa üzv ölkələrdə dövlət satınalma müqavilələrinin auditinin keçirilməsinə dair mövcud təcrübə və metodologiya nəzərə alınmaqla  tərtib olunan Təlimatın layihəsi müzakirə olunacaq.


Toplantının sonunda  iştirakçılar qonaqpərvər ev sahibliyi və yaradılmış işgüzar şərait üçün Azərbaycan Respublikası Hesablama Palatasına minnətdarlıqlarını ifadə edib.

Toplantı öz işini növbəti gün davam etdirəcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır