Modern.az

İTV-həyatımızın güzgüsü, ideallarımızın carçısı

İTV-həyatımızın güzgüsü, ideallarımızın carçısı

Aktual

27 Avqust 2016, 09:54

İctimai Televiziya və Radionun yaranmasından 11 il ötür

Azərbaycan teleməkanında özünəməxsus yeri və rolu olan İTV bu gün ölkəmizin sosial-iqtisadi və siyasi həyatında, müdafiə qüdrətimizin artırılmasında,  milli özünüdərkdə, gənclərin vətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyəsində öz üzərinə düşən ideoloji vəzifələrin öhdəsindən layiqincə gəlir. Ötən 11 il ərzində İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcı kolleketivi bu kanalın Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu sübut edərək ölkəmizin zəngin və rəngarəng efir məkanında tamamilə fərqli- ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütmüş, informasiya tərəfsizliyini, qərəzsizliyini və doğru-dürüstlüyünü özünün başlıca fəaliyyət devizinə çevirmişdir.

 Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafını şərtləndirən amillərin mahiyyətini, respublikamızda həyata keçirilən uğurlu islahatların hansı hədəflərə və nə cür istiqamətləndiyini araşdıran elm adamlarından biri kimi mətbuatımızın, elektron kütləvi informasiya vasitələrimizin bu sahədəki fəaliyyəti də müşahidə radiusumdan kənarda deyil. İlk növbədə AzTV və İTV-də yayımlanan dərin məzmunlu, fəlsəfi tutumlu, dilimizin qanunlarına, ədəbi-estetik meyarlara dərin hörmət hissi ilə hazırlanmış proqramlarda, açığı, elmi-pedoqoji fəaliyyətimdə köməyimə çatan fikir və mülahizələrin, tədqiqat səviyyəli araşdırmaların bolluğu, əhatəliliyi bir tamaşaçı kimi məni heyran qoyur.

 Bu yazını hazırlayarkən müşahidələrim əsasında özlüyümdə formalaşan qənaətimlə bərabər İTV haqqındakı  araşdırma yazılarını nəzərdən keçirdim, bu sahə ilə məşğul olan mütəxəssislərin rəy və mülahizələrini, eləcə də bu kanalda çalışan dostlarımın fikirlərini öyrəndim. İTV-nin həqiqətən də ötən 11 illik fəaliyyətindəki uğurlar və qarşıdakı dövrdə bu kanalın yaradıcı kollektivinin, texniki personalının daha böyük nailiyyətlər qazanmaq şansı göz qabağındadır. 

  Bir iqtisatcı alim kimi İctimai Televiziyanın verilişlərində Azərbaycanın sosial-iqtisadi inkişaf proqramları, Prezident İlham Əliyevin Bakı və regionların inkişaf perspektivləri ilə bağlı açıqlamaları, habelə Nazirlər Kabinetinin iclaslarında qarşıya qoyulan vəzifələrin icrası ətrafında aparılan diskussiaya və müzakirələr ürəyimdəndir və yəqin ki, çoxları bu verilişlərdə qoyulan məsələlər ətrafında aparılan söhbətlərdən və şərhlərdən çox şey öyrənir, öz işində tətbiq edir. Məsələn, hər həftənin bazar günü efirə çıxan “Həftənin yekunu” proqramında Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətlərinə dair açıqlamalarına, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əhəmiyyətinə, sahibkarlıq və fermer təsərrüfatlarının genişləndirilməsinə xidmət edən fərman və sərəncamların təhlilinə həsr edilən süjetlər hazırlanır, ekspert rəyləri təqdim olunur, sosial-iqtisadi inkişafa dair dövlət siyasətinin əsl mahiyyəti tamaşaçıların diqqətinə çatdırılır. Tamaşaçılar söylənilən fikirlərin dəqiqliyinə, dürüstlüyünə inanır, öz işlərini məzh  bir istiqamətdə qururlar.    

  Həftə ərzində baş verən ən mühüm hadisələrin təhlili ilə efirə çıxan “Aktual mövzu” verilişinin bir çox buraxılışları da məhz Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə həsr olunur. Son 1 il ərzində verilişdə Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələrin icrası, daha çox, sahibkarlıq fəaliyyəti önündə bəzi əngəllərin aradan qaldırılması, vergi və gömrük sistemində təkmilləşdirmələr, lisenziyaların azaldılması, yoxlamaların 2 il müddətinə dayandırılması, bank sektorunun sağlamlaşdırılması, kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması kimi məsələlər geniş müzakirə edilib, tanınmış iqtisadçılar, millət vəkilləri, QHT təmsilçiləri, sahibkarlar və digərləri proqramda ekspert qismində iştirak edərək qoyulan mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

  Artıq 10 ildir ki, efirə çıxan «Ortaq məxrəc» tok-şousunda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, informasiya müharibəsində Azərbaycanın yeri, xaricdə olan tarixi sənədlərin Azərbaycana gətirilməsi, informasiya-psixoloji təhlükəsizlik və digər ictimai əhəmiyyətli məsələlərlə yanaşı respublikamızın sosial-iqtisadi inkişaf istiqamətləri, Azərbaycanda reallaşdırılan iqtisadi proqramların əhəmiyyəti məsələləri də polemika müstəvisinə çıxarılır. Proqramda tanınmış mütəxəssislər, iqtisadçılar, media mənsubları, hüquqşünaslar, sosioloqlar gedən müzakirələrin iştirakçısı olur və ölkədə aparılan quruculuq işlərindən,  regional-iqtisadi əhəmiyyətli layihələrin perspektivlərindən danışırlar.

  Sosial-iqtisadi məzmunlu «Diqqət mərkəzi» tok-şousunda da Azərbaycanda sosial-iqtisadi vəziyyət və yeniliklər tanınmış yerli və xarici mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Proqramda vətəndaş rəyi və araşdırma süjetləri mütəmadi olaraq tamaşaçıların diqqətinə çatdırılır. Elektron hökumət quruculuğu, kənd təsərrüfatı, tikinti, sığorta, turizm, maliyyə, ekologiya, səhiyyə sektorundakı vəziyyət, regionların inkişafı, tenderlərin şəffaflığı və digər sosial-iqtisadi xarakterli məsələlər davamlı olaraq «Diqqət mərkəzi»nə gətirilir. Eyni zamanda, regional-enerji layihələri, nəqliyyat marşrutları və Azərbaycanın beynəlxalq enerji mərkəzinə çevrilməsi mövzuları da verilişə dəvət olunan qonaqlar tərəfindən geniş müzakirə edilir.

 
İctimai Televiziyada 2015-ci ildə insan və onun psixoloji durumu, fərdin uğur qazanma potensialı, ictimai-siyasi həyatın müxtəlif sahələrində sosial-psixoloji məsələlərlə bağlı həyata keçirilən proqram və layihələr də diqqət mərkəzində olub. «Müzakirə vaxtı» tok-şousu məhz bu səpkili məqamları ictimaiyyətin diqqətinə çatdırmaq missiyasını yerinə yetirir. Verilişdə bir çox hallarda biznes, bank, sahibkarlıq, İKT sektorunda uğur qazanmış fərdlərin taleyinə, uğur yoluna nəzər salınır, bu uğurun təminatçısı rolunda çıxış edən faktorlara toxunulur. 

 Azərbaycanın hər bir rayonunun, hər bir kəndinin inkişaf tarixçəsinəteleviziyanın yeni layihələrindən olan “Sərvətimiz” verilişində toxunulur. Proqramda respublikanın müxtəlif rayon və kəndlərində gedən abadlıq-quruculuq işlərinə,  ölkə başçısının regionların iqtisadi inkişafı üzrə qarşıya qoyduğu hədəflərin icrası istiqamətində görülən tədbirlərə geniş diqqət yetirilir.

 Həssas tamaşıçı və dinləyicinin çox yox, ardıcıl olaraq bir həftə bu kanalda yayımlanan  teleproqramları izləməsi, radio verilişlərini dinləməsi kifayət edər ki, son bir il ərzində bu qurumda baş verən yeniliklərdən əyani xəbər tutsun. Çünki bu proqramlar kollektivin gərgin və yaradıcı əməyini güzgü kimi əks etdirir, tamaşaçı və dinləyicilərdə geniş təsəvvür yaradır. Müşahidələrimə əsasən deyə bilərəm ki, son bir il ərzində informasiya və ictimai-siyasi proqramların əhatə dairəsi daha da genişlənib, operativlik imkanları xeyli artıb. “Carçı” xəbərlıər proqramında ölkəmizdə baş verən mühüm yeniliklər əsl peşəkarlıqla təqdim olunur. Mən vaxtı ilə Sankt-Peterburq şəhərində təhsil almışam və Rusiyanın demək olar bütün telekanallarını müntəzəm izləmişəm. Sözün düzü, AzTV və İTV-də yayımlanan informasiya proqramları heç də adı çəkilən ölkənin uyğun proqramlarından geri qalmır, əksinə bəzi parametrlərə görə onları üstələyir. “Carçı region” proqramını götürək. Ölkə iqtisadiyyatının inkişafını istiqamətləndirən yeni hədəflər bu proqramda xüsusi nəzərə alınır. Xüsusilə dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, bununla əlaqədər manatın devalvasiyası, bütün bunlardan çıxış yollarını göstərən dövlət başçısının tezisləri informasiya proqramlarının aparıcı mövzularındandır. “Carçı” informasiya proqramı həm də ona görə böyük maraqla qarşılanır ki, bu proqramda ölkəmizin və dünyanın informasiya mənzərəsi bütün təfərrüatı ilə təqdim olunur. Öz qarşısına sırf maarifləndirmə missiyası və dəqiq informasiya vermək məqsədi qoyan “Qanundankənar” proqramı tamaşaçıların dəqiq rəğbətini qazanıb.

  İTV-nin kollektivi həmişə öz iş üslubunda novatorluğa, orijinal mövzulara geniş yer verməsi ilə də fərqlənir. Son illər efirə vəsiqə qazanan “Media və Zaman” və “Yadigarlar” proqramları buna əyani sübutdur. Bildiyim qədər “Media və Zaman” ölkə teleməkanında mətbuatın problemlərinə və uğurlarına hədəflənən yeganə teleproqramdır.

 Bir tamaşaçı kimi diqqətlə fikir vermişəm və görmüşəm ki, İTV tutduğu vəzifədən, milli kimliyindən, dini baxışlarından asılı olmayara hər bir Azərbaycan vətəndaşının üzünə açıqdır. Elə “Yeni Gün” proqramını götürək. Hər səhər üç saat ərzində bu proqramın qonaqları kimlər olmur – elm və mədəniyyt xadimlər, söz, sənət adamları, ictimai xadimlər, hərbçilər və idmançılar, iş adamları və tələbələr, daha kimlər, kimlər... Səksəndən artıq xalqın nümayəndələrinin yaşadığı Azərbaycanda milli və dini tolerantlığın təbliği İTV-nin proqram siyasətini şərtləndirtən mühüm amillərdəndir. Ona görə də “Yeni Gün”- də azsaylı xalqların və milli azlıqların folklor nümunələri, sənət uğurları geniş təbliğ olunur.

 İTV-nin efirində yayımlanan verilişlər sırasında Azərbaycan elminin uğurlarına, təhsil sahəsində həyata keçirilən islahatlara, gənclərin əsl vətənpərvərlik ruhunda tərbiyəsinə, Vətənin keşiyində dayanan əsgər və zabitlərimizin yüksək peşəkarlıq nümunəsinə həsr edilən proqramlar bu qurumun yarandığı ilk gündən qəbul etdiyi təməl prinsiplərinə sadiqliyinin nümayişidir. Geniş tamaşaaçı auditoriyası üçün nəzərdə tutulan “Eskulap”, “Xəmsə”, “Gənclik həyatı”, “Elm üçbucağı” kimi verilişlərdə  gərgin yaradıcılıq axtarışları açıq-aydın duyulur.

 “Carçıfilm”-in son vaxtlar Azərbaycanın məşhur mütəfəkkirləri, elm, mədəniyyət və incəsənət aləmində tanınmış ziyalılarımız barədə hazırladığı teleportretlər, ölkəmizdə yaşayan müztəlif xalqların adət-ənənəsini, yaşayış tərzini və məişətini əks etdirən filmləri, eləcə də torpaqlarımız uğrunda şəhid olan oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan bəhs edən sənədli və televiziya filmləri bir tamaşaçı kimi ürəyimdən xəbər verib və çox güman ki, çoxsaylı tamaşaçıların əksəriyyəti mənim fikirlərimə şərik olar. Bu filmlər arasında  “Qərib məzar”, “Yurdu yaşatmaq üçün” “Şəhidlər ölməz”, “Şəhid, səndən başlanır Vətən”, “Masallı abidələri”, “Tarixi yaddaşın izləri”, “Bizim ellər”, “El sənəti”, “Zirvədəkilər”, “Yanar dağ”, “İstiqlal muzeyi” və digərləri şəxsən mənim yaddaşımda dərin izlər qoyub.  Naxçıvan Muxtar Respublikası, Qusar, Balakən, Zaqatala, Masallı, Astara rayonlarının, Abşeron kəndlərinin tarixinə, etnoqrafyasına həsr edilmiş filmlər böyük maraq doğurur.

  İctimai Televiziya musiqi, bədii və əyləncəli verlişlərin təqdimində də fərqli yanaşma nümaiş etdirir, bu proqram formatlarında maarifçilik və əyləncə xarakterini birgə yerinə yetirir. Tamaşaçılara təqdim edilən və əslində “əyləncə” hesab olunan verilişlərin əksəriyyəri həm də maarifçilik xarakteri daşıyır. “Ozan məclisi”, “Yadigarlar”, “Qadın dünyası”, “Ötən əsrin nəğmələri” – kimi teleproqramlar baxımlılığı ilə seçilir. “Bakı vaxtı ilə” və “Telemizan” verilişlərində  görkəmli sənətkarlarımızın keçdiyi həyat yolu barədə ətraflı məlumat alırıq.

  İctimai Radionun uğurlu fəaliyyətindən də bəhs etməmək mümkün deyil. “Vətən tarixi”, “Bura Azərbaycandır”, “Qarabağ tarixi”, “Azərbaycan inciləri”, “Sport time”, “Xəbərdar”, “Harmoniya” kimi proqramlar dinləyicilərin sevdiyi və daim intizarla gözlədiyi verilişlərdəndir.

 Bir məsələni də xüsusi qeyd etmək yerinə düşər ki, Bakıda keçirilən ilk Avropa Oyunlarını  İTV operativ şəkildə tamaşaçılara çatdırıb. Fransada keçirilən Avropa Çempionatı, Rio de Janeroda keçirilən 31-ci Yay Olimpiya  Oyunlarının eksklüziv yayımı da İTV-nin üzərinə düşüb və kollektiv bu missiyanın öhdəsindən layiqincə gəlib.

  Sonda bir daha İTV-nin sadiq tamaşaçılarından biri kimi  qürurla vurğulamağı lazım bilirəm ki, bu kanalın bütün proqramlarında cəmiyyətdəki siyasi əqidələr, dini baxışlar, ictimai fikir və rəyin bütün cərəyanları, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyi ciddi nəzərə alınır, milli-mənəvi dəyərlər, adət və ənənələr, mədəniyyət və incəsənətin bütün rəngarəngliyi geniş spektrdə əks etdirilir. Bu isə İTV-nin Azərbaycanın milli maraqlarına xidmət göstərdiyini, ideallarımızın carçısına çevrildiyini əyani sübut edir. Həyatımızın güzgüsünə çevrilən İctimai Televiziyamıza bundan sonra da böyük uğurlar  arzulayır, doğma efirimizdə yalnız xoş xəbərlər, xalqın ürəyincə olan mətləblərə işıq salan verilişlər yayımlamağı arzu edirəm.



Ramiz Cavadov,
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır