Modern.az

“Qurbanov "Qarabağ"da muxtar respublika kimidi, nə istəyirsə, edir”

“Qurbanov "Qarabağ"da muxtar respublika kimidi, nə istəyirsə, edir”

Aktual

7 Oktyabr 2016, 14:50

“Qarabağ”ın sahibi Abdulbari Gözəl klubun son durumu ilə bağlı açıqlamasında maraqlı məqamlara toxunub. Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Gözəl komandasının son turlar zəif çıxışına normal yanaşdığını bildirib:

““Qarabağ”ın bir neçə turda xal itirməsinə normal yanaşmaq lazımdır. Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya havaya girirlər, ya özlərindən razılıq əmələ gəlir”. 

O bildirib ki, klub olaraq, baş məşqçi Qurban Qurbanovun işinə qarışmırlar: “Qurbanla biz dövlət içində dövlət kimiyik. O, “Qarabağ”da muxtar respublika kimidi, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır. Bu yaxınlarda “Barselona”nın oyununa baxdım, uduzdular. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da”.

A.Gözəl “Qarabağ”ın büdcəsini azaltmadıqlarını da deyib. “Qarabağ” bizim qürur mənbəyimizdir. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. “Qarabağ” komandası Qarabağın varlığının sübutudur. Komandaya dəstək olmaq bizim borcumuzdur”.

A.Gözəl “Qəbələ” klubunun çıxışlarına da toxunub: “Bu komandanın güclü olması həm onların özü, həm də “Qarabağ” üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır. Bu yaxınlarda Qurban Qurbanovdan soruşdum ki, "Qarabağ" niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdi, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq. Amma getdi "Qəbələ"ylə oynadı və iki qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır