Modern.az

Rus bolşeviklərin türk düşmənçiliyi - Rəsulzadə nə yazırdı...

Rus bolşeviklərin türk düşmənçiliyi - Rəsulzadə nə yazırdı...

Aktual

31 Yanvar 2017, 09:57

1905-ci ilin məşhur erməni-müsəlman (türk) müharibəsinin 1920-ci ildə guya bolşeviklər tərəfindən aradan qaldırılmasından sonra bolşevik-daşnaq ittifaqının işbirliyi nəticəsində ermənilərin, yeni formada Azərbaycan Respublikasının idarəçiliyini ələ keçirməsi, onların uzun illər savaş apardıqları Azərbaycan türklərindən yeni biçimdə qisas alması üçün bəhanə olmuşdur.
Bu zamanın qaranlıq məqamlarına işıq salan böyük milli öndərimiz, şərqdə ilk türk-müsəlman respublikasının banisi M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı ki, “Hökumətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan əmələ ilə xaricdən gələn yabançılara verdilər”.

Bu əsərdə Ana vətəninin və onun insanlarının ağır təcavüzə məruz qalmasını, qurulan kommunist-sovet idarəçiliyinin yalnız ölkənin əsas əhalisi olan türklərə qarşı yönəli bir cəza aparatı olduğunu, təmsilçilikdə bir qayda olaraq türk olmayanların, xüsusilə də türkə qarşı nifrət yükü daşıyanların olduğunu yana-yana, təkrar-təkrar ürək ağrısı ilə dünyaya bəyan edən Məhəmməd Əmin bəy mülahizələrinin fakta əsaslandığını göstərmək üçün o zaman “Kommunist” qəzetində dərc olunan dövlət məmurlarının siyahısını da diqqətə çatdırırdı. Başda S.M.Kirov olmaqla olmaqla birinci şəxsdən ən xırda vəzifə sahibinə kimi bütün məsul işçilərin özgə millətlərin-xüsusilə də türk olmayan millətlərin nümayəndələrindən təşkil olunması o zamanın acınacaqlı durumundan xəbər verir.

M.Ə. Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində də bu dəhşət doğurucu vəziyyətə toxunmuşdu: “Bir-iki müsəlman komissarın pərdəsi altında bütün idarə işləri təmamilə rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti guya ki, Azərbaycan Kommunist partiyası idarə edirdi. Halbuki, bu partiyanın dayandığı həqiqi qüvvə əksəriyyətdə yabançı və xristian işçidən təşəkkül edən Bakı Sovetindən ibarətdir. İmzanı nərimanlar, əliheydərlər atırsa da, hökmləri mikoyanlar, corayevlər və salovyovlar verirdilər”.


M.Ə.Rəsulzadənin bu məlumatlarında heç bir ziddiyyət yoxdur. Rusiya bolşevikləri heç zaman ehtiyatı əldən verməmiş, Azərbaycanın nəinki milliyətçi məfkurəli şəxsiyyətlərinə, heç öz bolşevik yoldaşlarına belə inanmamışlar. Onlar hər zaman türk ideoloji xəttinin gizli və aşkar şəkildə davam edəcəyini güman etdiklərindən bu hərəkatın qarşısını almaq üçün ən qanlı vasitələrə əl atmaqdan çəkinməmişlər. Məhz Rəsulzadənin qeyd etdiyi kimi, gah formal şəkildə “azərbaycanlı” dedikləri şəxsləri öz məqsədlərinin oyuncağına çevirmiş, gah da onları tələf edərək yerlərini açıq-aşkar rus və s. rusyönümlü xalqların nümayəndələrinə vermişlər. Bu barədə M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan tarixi” adı ilə tanınan tarixi məruzəsində də geniş fikirlər söyləmişdir. O, R.Axundovun, Ə.Qarayevin, D.Bünyadzadənin, N.Nərimanovun, S.M.Əfəndizadənin və digər yüksək çinli partiya funksionerlərinin ruslara xidmət göstərmələrinə baxmayaraq “Musavat əlaltısı”, “pantürkist”, “panislamist” və s. eybəcər cəllad şüarları ittihamlarıyla məhv edildiyini göstərmiş, 1937-ci ili isə bu faciəni yaşayanların “Azərbaycanda qətl ili” adlandırmasını diqqətə çatdırmışdır.


ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır