Modern.az

Şuşa 25 il əvvəlin 8 mayında - “Koçaryanın BMP-də Şuşaya daxil olmasını görmək çox pis mənzərəydi”

Şuşa 25 il əvvəlin 8 mayında - “Koçaryanın BMP-də Şuşaya daxil olmasını görmək çox pis mənzərəydi”

Aktual

8 May 2017, 13:36

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-ci ili tamam olur.

 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə Şuşa şəhəri işğal olunub.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

 İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...

Modern.az saytı Şuşanın işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Bu dəfəki müsahibimiz  mayın 8-də Şuşadan çıxan döyüşçü, Şuşa Mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasovdur. O, Şuşanın işğalını  ürək ağrısı ilə xatırlayır.

“Ermənilər geri çəkilmişdi”

“Şuşanı ən son tərk edənlərdən biri mənəm. 1988-ci ilin fevralından sonra mən də vətəni sevən oğullarımız kimi, hər şeyi bir kənara qoyub avtomatı əlimə aldım. Könüllülər dəstəsində 4 ilə yaxın Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim. Təəssüf ki, sonuna qədər Şuşanı qoruya bilmədik. 1992-ci ilin bu günü  günortaya kimi Şuşada çox yaxşı döyüşdük. Demək olar ki, erməniləri geri çəkə bilmişdik. Amma sonra silah-sursat çatışmadə...
Mayın 7-dən 8-nə keçən gecə ermənilər Şuşanı 4 tərəfdən atəşə tutmuşdular. Döyüşməyə silah yox idi”.

“Vertolyot görəndə ağladım”

Zahid Abbasov deyir ki, hər an kömək gələcəyini səbirsizlkə gözləyiblər:

 “25 il öncənin bu günü  o vaxtkı müdafiə naziri Rəhim Qazıyevlə əlaqə saxlanıldı. Bildirildi ki, səhər saat 11 radələrində kömək göndəriləcək. Amma kömək gəlmədi. Sonra 12-də kömək ediləcəyini dedilər. O saatda da kömək gəlmədi. Demək olar ki, günorta saat 2-yə qədər ermənilər geri çəkilmişdi. Şuşanın müdafiəsi uğrunda əzmlə mübarizə aparırdıq. Bizə xəbər verdilər ki, saat 3-də mütləq kömək məqsədilə vertolyot gələcək. Elə saat 3 üçün vertolyotlar  gəldi. Vertolyotları görəndə qəhər məni basdı. Hönkürüb ağladım.  Təəssüf ki,  kömək məqsədilə gələn vertolyotlar bizim mövqeyimizi vurub, getdilər. Bununla da növbəti köməyin gəlməyəcəyini anladım və evə gəldim. Hərbi paltarımı soyunub adi paltarımı geyinib getmək istədim. Evə gələndə bir anlıq dondum. Kim olduğumu, harada və niyə dayandığımı unutdum. Yerimdə donub qalmışdım. O arada ermənilər evimizin qabağına raket atdı. Evin şüşələri qırıldı. Sanki raket atəşi məni ayıltdı. Dərhal paltarımı dəyişib evdən çıxdım. Düz 25 ildir ki, Şuşasız yaşayırıq. Yatağımıza girən kimi şuşalıyıq, ayılanda bakılı”.

“Buna təəssüf edirik”

Keçmiş döyüşçü deyir ki, Koçaryanın Şuşaya daxil olmasını görmək çox pis idi.

“Mayın 8-də Robert Koçaryan (Ermənistanın sabiq prezidenti) BMP-in üstündə əlində Ermənistan bayrağı ilə Şuşaya gələndə onu gördüm. Şuşanı itirmək çox ağır dərddir. O zamankı hakimiyyətin yarıtmazlığı Şuşanın əldən getməsini sürətləndirdi. Buna təəssüf edirik”.

“3 muzeyi Şuşadan çıxartdıq”

Müsahibimiz Şuşanın işğal günündə 3 muzeyin gecə vaxtı çıxarılmasından da danışıb.

“Şuşa yeganə işğal olunan rayondur ki, 3 mueyin çıxarılmasına nail olub. Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyini və Xalça muzeyini çıxardıq. Evimdən bir çöp də götürmədim. Amma mədəni irsimizin məhv olmaması üçün bu addımı atdım. Komendantla danışıb gecə saat 3-də muzeylərin çıxarılmasın nail oldum. Muzeyləri çıxartmaqla böyük riskin altına girmişdim. Muzeyi çıxartmaq üçün o vaxtkı Nazirlər Sovetinin qərarı olmalı idi. Onların birinə nəsə olsaydı cavadeh mən idim. Həmin muzeylər indi Bakıdadır”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı